Klublarımız bu tamaşada öz rollarını yaxşı bilirlər
Azərbaycan azarkeşlərinin Avropanın ən güclü klublarının oyunlarını birbaşa izləmək arzusu bu il də həyata keçəcək. Əvvəllər televiziya ekranlarında gördüyümüz bir sıra ulduzları görmək, tribunalardan izləmək xəyal olmayacaq. Bu sevinci bizə Avropa liqasında sona qədər mübarizə aparıb qrup mərhələsinə vəsiqə qazanan klublarımız - "Qarabağ” və "Qəbələ” bəxş etdi.
Belə ki, "Qarabağ” J qrupunda "Tottenhem” (İngiltərə), "Anderlext” (Belçika), "Monako” (Fransa) komandaları ilə mübarizə aparacaq.
Digər təmsilçimiz "Qəbələ” isə C qrupunda "Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar” (Rusiya) komandaları ilə növbəti mərhələ uğrunda yarışacaq. Etiraf etməliyik ki, hər iki klubumuz çox çətin rəqiblərlə üz-üzə gələcək.
"Olimpiya dünyası” qəzeti bu sayında klublarımızın rəqibləri barədə geniş məlumatı oxucularına təqdim edir.
Əvvəlcə "Qarabağ”ın rəqibləri ilə tanış olaq.
"Tottenhem” (İngiltərə)
İngiltərənin aparıcı klublarından olan London təmsilçisi 1882-ci ildə yaradılıb. 132 yaşlı qocaman klub ev oyunlarını Londondakı "Uayt Hart Leyn” stadionunda keçirir. Sözügedən arena 36 mindən çox azarkeş tutumuna malikdir. Klubun prezidenti Daniel Levidir. Baş məşqçi postunu isə Maurisio Poçettino tutur. Argentinalı mütəxəssis 2014-cü ildən bu komandanın sükanı arxasında çalışır.
"Tottenhem” yaşlı klub olmasına baxmayaraq, İngiltərədə cəmi iki dəfə ölkə çempionu adını qazanıb. Bu, 1950/51 və 1960/61 mövsümlərinə təsadüf edib. 4 dəfə isə Premyer Liqanın gümüş medalları "Qarabağ”ın rəqibinə qismət olub. 8 dəfə İngiltərə Federasiya Kubokuna sahib çıxan London təmsilçisi 4 dəfə də Liqa Kubokunu qazanıb.
Ağdam klubunun rəqibi beynəlxalq arenada da müəyyən uğurlara malikdir. Məsələn, bu komanda iki dəfə indi Avropa Liqası adlanan UEFA Kubokunun qalibi olub. Bu, 1972 və 1984-cü illərə təsadüf edib. 1974-cü ildə isə bu turnirin finalına çıxmasına baxmayaraq, məğlubiyyətlə üzləşib. "Tottenhem” 1963-cü ildə də Kuboklar Kuboku adlanan turnirdə baş mükafata sahib çıxıb.
Ötən mövsüm bu klub Premyer Liqada 5-ci yeri tutmaqla Avroliqanın birbaşa qrup mərhələsində oynamaq şansı qazanıb. Keçirdiyi 38 oyunda 19 qələbə qazanıb, 7 dəfə heç-heçə edən "Tottenhem” 12 matçda meydanı məğlub tərk edib. Rəqiblərini 58 dəfə məyus edən komanda öz qapısında 53 qol görüb.
İngiltərədə artıq yeni mövsümə də start verilib. Premyer Liqanın geridə qalan 3 turunda bu komanda hələ qələbə qazana bilməyib. 2 dəfə heç-heçəyə razılaşan londonlular bir oyunda da məğlub olublar. 2 xala malik "Tottenhem” 20 klub arasında 16-cı sırada qərarlaşıb. "Qarabağ”ın rəqibinin heyətində Huqo Loris, Erik Lamela, Emmanuel Adebayor, Aaron Lennon, Naser Şadli, Yan Vertongen və daha bir neçə ulduz futbolçu çıxış edir.
"Monako” (Fransa)
Monako Knyazlığına aid olsa da, knyazlığın UEFA-ya üzv olmaması səbəbindən Fransa Liqasında çıxış edən, bu səbəbdən də fransız klubu sayılan peşəkar futbol klubu - "Monako” 91 il əvvəl - 1924-cü ildə yaradılıb. Komanda ev oyunlarını "Stad Lui II” arenasında keçirir. Stadion 18 min 500 azarkeş tutumuna malikdir. Klubun iki sahibi var. Klubun səhmlərindən 66,67 faizi rusiyalı Dimitri Ribolovlevə, yerdə qalan 33,33 faizi isə Qrimaldi ailəsinə, daha dəqiqi Knyaz Alberə məxsusdur. Komandanın baş məşqçisi Leonardo Jardimdir. Venesueladan olan mütəxəssis 2014-cü ildən bu klubun sükanı arxasındadır.
Əslində, sırf Fransa klubu olmasa da, knyazlıq təmsilçisi bu ölkənin ən titullu komandalarından hesab olunur. "Monako” 7 dəfə (1960/61, 1962/63, 1977/78, 1981/82, 1987/88, 1996/97, 1999/00 mövsümlərində) Fransa çempionu adını qazanıb. 6 dəfə gümüş medal (1963/64, 1983/84, 1990/91, 1991/92, 2002/03, 2013/14) əldə edən monakolular 11 dəfə də (1955/56, 1957/58, 1984/85, 1988/89, 1989/90, 1992/93, 1995/96, 1997/98, 2003/04, 2004/05, 2014/15) bürünc medallarla kifayətlənməli olublar. 5 dəfə (1959/60, 1962/63, 1979/80, 1984/85, 1990/91) Fransa kubokunu qazanan "Qarabağ”ın rəqibi bir o qədər oyunda da (1973/74, 1983/84, 1988/89, 1991/92, 2009/10) finalda uduzub. 1961, 1985, 1997 və 2000-ci illərdə Fransa Super Kubokunu qazanan "Monako” 1960-cı ildə də məğlubiyyətlə üzləşib. Fransa Liqa Kubokunda yalnız bir dəfə - 2002/03 mövsümündə baş mükafat knyazlıq təmsilçisinə nəsib olub.
"Tottenhem” kimi, "Monako” da beynəlxalq arenada kifayət qədər təcrübəyə malikdir. Bu komanda Çempionlar Liqasının 2003/04 mövsümündə yalnız finalda uduzaraq, gümüş medallarla kifayətlənib. Kuboklar Kubokunun 1991/92 mövsümündə də bu komanda yalnız həlledici görüşdən məğlub ayrılıb. UEFA Kubokunda isə "Monako” sadəcə, 1996/97 mövsümündə yarımfinala qədər irəliləyə bilib. Son mövsümdə "Monako” Liqa 1-də 3-cü yeri tutaraq, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində oynamaq şansı qazanıb. Maraqlıdır ki, komanda ilk cəhdində "Qarabağ”ın Avroliqanın pley-off mərhələsində məğlub etdiyi İsveçrənin "Yanq Boyz” klubuna böyük hesabla qalib gəlib. Səfərdə rəqibini 3:1 hesabıyla yenən knyazlıq təmsilçisi doğma meydanda da 4:0 hesablı qələbə ilə ÇL-in pley-offuna vəsiqə qazanıb. Amma İspaniyanın "Valensiya” klubu ilə görüşlər "fransızlar” üçün uğursuz olub. Ümumi nəticədə 3:4 hesabıyla uduzan "Monako” Avroliqanın qrup mərhələsində oynamaq məcburiyyətində qalıb.
"Monako” son mövsümdə keçirdiyi 38 oyundan 20-də qalib gəldiyi halda 11 dəfə heç-heçə edib, yalnız 7 qarşılaşmada uduzub. Rəqib qapılarından 51 top keçirən komanda cəmi 26 dəfə məyus olub ki, bu göstəricisinə görə Liqa 1-də ən yaxşı müdafiə xəttinə malik olduğunu göstərib. Cari mövsümdə isə bu klub 2 dəfə heç-heçə edib, bir oyunda qələbə qazanıb və 5 xalla 8-ci pillədə qərarlaşıb. Komandanın heyətində Fabio Koentrao, Rikardo Karvalyo, Joao Moutinyo, Stefan Əl-Şəravi, Jeremi Tulalan kimi ulduzlar çıxış edir.
"Anderlext” (Belçika)
"Qarabağ”ın digər rəqibi isə Belçikanın ən nəhəng klubudur. Brüsseli təmsil edən klub 1908-ci ildə yaranıb. Hazırda kluba Roje Vanden Stok prezidentlik edir. Komandanın baş məşqçisi isə Besnik Hasidir. Albaniyalı mütəxəssis 2008-ci ildən bu klubda fəaliyyətdədir. 2014-cü ilədək baş məşqçi köməkçisi kimi işləmiş Hasi ötən ildən etibarən özü bu posta təyin olunub. Komanda ev oyunlarını "Konstant Vanden Stok” adına stadionda keçirir. Arena daxili yarışlar zamanı 28 mindən çox azarkeş tutur. Lakin beynəlxalq oyunlar zamanı yalnız 21 845 azarkeşi qəbul edə bilir.
Belçikanın ən titullu klubu 33 dəfə ölkə çempionu olub. 9 dəfə Belçika kubokunun sahibi olmuş komanda 12 dəfə də Belçika superkubokunun qalibi adını qazanıb. "Anderlext” beynəlxalq arenada da titullara sahibdir. Belə ki, 1976 və 1978-ci illərdə Belçika "nəhəngi” Kuboklar kubokunun qalibi adını qazanıb. 1977 və 1990-cı illərdə isə bu turnirin finalına yüksəldiyi halda, məğlubiyyətlə üzləşib. 1983-cü ildə UEFA Kubokunun qalibi olan "Anderlext” 1984-cü ildə də bu turnirin finalında məğlub olub. 1976 və 1978-ci illərdə isə belçikalılar UEFA Super Kubokuna sahib çıxıblar.
Son illərdə əvvəlki əzəmətini itirən "Anderlext” ötən mövsüm ölkə çempionatında 3-cü yeri tutub. Nəticədə, bu klub Avroliqanın birbaşa qrup mərhələsində oynamaq şansı əldə edib. Belçika birinciliyinin yeni mövsümündə "Qarabağ”ın rəqibi 3 qələbə qazanıb, 1 heç-heçə edib və 1 görüşdə də məğlub olaraq, 10 xalla 4-cü pillədə qərarlaşıb. Komandanın heyətində ulduz futbolçular çox olmasa da, ən tanınmış futbolçusu İtaliyanın "Roma” klubunun yetirməsi olan, bu yay "Sampdoriya”dan alınmış hücumçu Stefano Okakadır. O, həm də İtaliya yığmasının üzvüdür.
"Borussiya” (Dortmund, Almaniya)
Əsası 1909-ci il dekabrın 19-da qoyulan komanda ölkəsinin ən titullu klublarından biridir. 1913-cü ildən "qara-sarı” rənglərə sadiq olan Dortmund təmsilçisi ilk vaxtlar bölgə çempionatlarında çıxış edib və həmin dövrdən "Şalke” ilə əbədi rəqabəti başlayıb. Müxtəlif turnirlərdə qələbələr qazanan komanda ilk Almaniya çempionluğunu 1956-cı ildə qazanıb. 1957 və 1963-cü illərdə də əldə olunan uğurlar Bundesliqa yaranmazdan əvvəlki dövrə təsadüf edib. 1963-cü ildə əsası qoyulan peşəkar Bundesliqada isə 5 dəfə qızıl medallar Dortmund təmsilçisinə nəsib olub - 1995, 1996, 2002, 2011, 2012.
Ümumilikdə 8 qızıl medala yiyələnən rəqibimiz 6 gümüş və 5 bürüncə də sahib olub. 1965, 1989 və 2012-ci illərdə Almaniya kubokuna yiyələn "qara-sarılar” 4 dəfə də finalda uduzub. 8 dəfə superkubok uğrunda mübarizə aparan dortmundlular bunların 6-da qələbə qazanıb.
Ümumiyyətlə, klubun tarixinə nəzər salsaq, ötən əsrin 90-cı illəri və son zamanları əhatə edən dövrü "Borussiya” üçün yüksəliş zamanı olub. Dahi alman məşqçi Ottmar Hitsfeldin baş məşqçi təyin olunmasından sonra çiçəklənmə dövrü yaşayan "Borussiya” ilk mövsümdə Bundesliqanın 2-cisi olub. 1993-cü ildə UEFA kubokunun finalına yüksəlib. 1995, 1996-cı illərdə ölkə çempionluğu, 1997-ci ildə Çempionlar Liqası kubokunu qazanıb. Bununla da 1966-cı ildə Kuboklar Kubokuna sahib çıxan klub ikinci qitə miqyaslı mükafatını əldə edib. Komandanın ulduzu Mattias Zammer isə Avropanın ən yaxşı futbolçusu seçilib. Klub tarixinin ən böyük uğurundan sonra Hitsfeld vəzifəsindən uzaqlaşsa da, komanda uğurunu Qitələrarası kubokda da davam etdirib. 2002-ci ildə isə artıq Zammerin baş məşqçiliyi ilə çempionluq qazanılıb.
Artıq neçə illərdi 81359 tamaşaçı tutumuna malik "Siqnal İduna Park”a toplaşan azarkeş sayı ilə Avropada rekordlar müəyyənləşdirən "Borussiya”nın növbəti yüksəlişi son 5-6 ilə təsadüf edib. Yurgen Kloppun formalaşdırdığı heyət iki çempionluq, iki vitse-çempionluq və 2013-cü ildə Çempionlar Liqasının finalına qədər irəliləyib. Ötən mövsüm Bundesliqaya uğursuz başlayıb, hətta aşağı dəstəyə yuvarlanmaq təhlükəsi də yaşayan komanda sonda 7-ci yerlə Avropa Liqasına yüksəlib. Tomas Tuxelin baş məşqçisi olduğu komanda bu yarışda III təsnifat mərhələsindən başlayıb, Avstriya "Volfsberq”i (1:0, 5:0) və Norveç "Odd”unu (4:3, 7:2) mübarizədən kənarlaşdırıb. Dortmundlular qalib gəlməklə yanaşı, əvvəl turnirin təsnifat mərhələləri, sonra pley-offu üçün azarkeş sayında yeni rekordlar müəyyənləşdirib.
PAOK (Yunanıstan)
Saloniki şəhərini təmsil edən komanda 1926-cı ildə yaradılıb. 28703 tamaşaçı tutumuna malik "Tumba” stadionunda çıxış edən PAOK ilk uğuru üçün 11 il gözləməli olub. Belə ki, 1937-ci ildə ölkə çempionatının gümüşünü qazanan PAOK 3 il sonra bu uğuru təkrarlayıb, 1939-cu ildə isə kubokun finalınadək irəliləyib. 1951 və 1955-ci illərdə də kubok qazanmaq imkanının həlledici qarşılaşmada əldən verən Saloniki təmsilçisinin qızıl dövrü ötən əsrin 70-ci illərinə təsadüf edib. Yunan futbolunun məşhur simalarının yer aldığı komanda uğurlarının çoxunu həmin heyətlə əldə edib. 1972-ci ildə ilk titulunu qazanıb, Yunanıstan kubokuna yiyələnən PAOK iki ildən sonra bu nailiyyətini təkrarlayıb. 1971-ci ildə isə finalda uduzan rəqibimiz 1973-də həm kubok, həm çempionatda ikinci olub. 41 il əvvəl Kuboklar Kubokunun 1/4 finalınadək irəliləyən salonikililər avrokuboklar tarixində özünün ən yaxşı nəticəsinə imza atıb. PAOK həmin nəticəsini hələ də təkrarlaya bilməyib. 1976-cı ildə ilk dəfə Superliqanın çempionu tituluna sahib çıxan PAOK 2 il sonra gümüşlə kifayətlənib. 1978-ci ildə də çempionatın ikincisi olan salonikililər 1977, 1978, 1981, 1983, 1985-ci illərdə kubokun finalında uduzub. 30 il öncə klub tarixinin ikinci və sonuncu çempionluğunu bayram edib. Əsasən "Olimpiakos” və "Panatinaikos”un kölgəsində qalan PAOK növbəti titulunu 16 il gözləyib. 2001 və 2003-cü illərdə kubok qazanmaqla bu mükafatın 4 qat qalibi olan rəqibimiz 1992 və 2014-cü ildə finaladək irəliləyib. 2010 və 2013-cü illərdə Superliqada daha iki dəfə gümüş medal qazanmağı bacaran PAOK ötən mövsüm çempionatı 5-ci pillədə başa vurub. Bunun sayəsində Avropa Liqasına yüksələn komanda II təsnifat mərhələsindən mübarizəyə qoşulub. Baş məşqçi İqor Tudorun yetirmələri qrupa vəsiqə qazanmaq üçün Xorvatiyanın "Lokomotiv” (1:2, 6:0), Slovakiyanın "Spartak” (1:0, 1:1) və Danimarkanın "Brondbü” klubunu (5:0, 1:1) mübarizədən kənarlaşdırıb.
"Krasnodar” (Rusiya)
2008-ci il fevralın 22-də yaranan komanda C qrupunun ən gənc klubu olsa da, artıq avrokubok təcrübəsinə malikdi. Tarixinin ilk mövsümündə II divizionda çıxış etdiyi zonada 3-cü olan Krasnodarın eyniadlı təmsilçisi liderdən 11 xal geri qalıb. Lakin bəzi komandaların çempionata qatılmaqdan imtinası gənc kollektivin artıq 2009-cu ildə I divizionda oynamasına şərait yaradıb. İlk cəhddə 10-cu, növbəti il 5-ci olan "Krasnodar” Premyer Liqa arzusunu gerçəkləşdirmək üçün əcnəbi mütəxəssisin xidmətlərindən istifadə edib. Bu üzdən serbiyalı Slavolyub Muslinlə anlaşılıb. Onun qarşısına Premyer Liqaya vəsiqə qazanmaq vəzifəsi qoyulsa da, komanda növbəti dəfə oynamadan yüksək dəstəyə keçib. İki klubun Premyer Liqada çıxışını dayandırması krasnodarlılar üçün şans yaradıb. Nəticədə onlar 2011-ci ildə elitada debüt edib. 2011/12 mövsümündə 9-cu, 2012/13 mövsümündə 10-cu olan klub Premyer Liqanın ortababına çevrilib. Bununla kifayətlənməyən rəhbərlik Muslini istefaya göndərib, Oleq Kokonovla anlaşıb. 2013/14 mövsümündə 5-ci olan komanda kubokun finalınadək irəliləyib. Onlar həlledici qarşılaşmada "Rostov”a onbirmetrlik cərimə zərbələrində uduzub. Avropa Liqasında debüt şansı qazanan komanda İspaniya "Real-Sosyedad”ı kimi rəqibi də mübarizədən kənarlaşdırıb və qrup mərhələsinədək irəliləyib. Burada isə "Krasnodar” 3-cü olub. 2014/15 mövsümündə Premyer Liqanı da 3-cü yerdə tamamlayan Kononovun komandası çempionatda ilk medalına sahib çıxıb. Yenidən Avropa Liqasına yüksələn krasnodarlılar ikinci dəfə çıxış edəcəyi qrup mərhələsinədək Slovakiya "Slovan”ı (2:0, 3:3) və Finlandiya HİK-inə (5:1, 0:0) qalib gəlib. İnşa olunan yeni stadionunda tamamlama işləri aparılan klub yarandığı gündən ev oyunlarını şəhərin digər arenası - 35200 tamaşaçı tutumuna malik "Kuban”da keçirir.