Sentyabrın 1-də "Boulevard Hotel Bakı” hotelində AFFA ilə "Boulevard Hotel Bakı” arasında sponsorluq müqaviləsinin imzalanması mərasimi keçirildi. Mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, "Boulevard Hotel Bakı” hotelinin meneceri Valentin Osolos, rəsmi şəxslər və KİV nümayəndələri iştirak edirdi.
Tədbirin aparıcısı Sənan Şəfizadə təşkilatçılar adından qonaqları salamladıqdan sonra müqavilə barədə qısa məlumat verdi. Sonra Azərbaycan milli komandasının son dövrlərdə vurduğu qolların xülasəsindən ibarət videoçarx nümayiş etdirildi.
Videoçarxın nümayişinin ardından Elxan Məmmədov və Valentin Osolos çıxış edərək əməkdaşlığın uzunmüddətli və hər iki tərəf üçün faydalı olacağına ümid etdiklərini bildirdilər.
Çıxışlardan sonra Elxan Məmmədov və Valentin Osolos AFFA ilə "Boulevard Hotel Bakı” arasında sponsorluq müqaviləsini imzaladılar.
Tərəflər bir-birinə xatirə hədiyyələri təqdim etdilər. AFFA-nın hədiyyəsi - üzərində milli komandanın futbolçularının imzası olan futbol köynəyi Robert Prosineçki tərəfindən təqdim olundu. Qeyd edək ki, müqaviləyə əsasən, "Boulevard Hotel Bakı” Azərbaycan milli komandalarına və AFFA-nın təşkilatçılığı ilə keçirilən U-15 Liqasına sponsorluq edəcək.
Sonda Elxan Məmmədovun iştirakı ilə brifinq keçirildi.
Elxan Məmmədov:
"Cavabdehlik daşıdıqları digər stadionların ot örtüyündə də
eyni problem yaşansa...”
- Tədbir barəsində fikirlərinizi bilmək istərdik.
- Sevindirici haldır ki, Azərbaycan futboluna yeni bir ad daxil olur. "Boulevard Hotel Bakı” cəmi 3 aydır fəaliyyət göstərməsinə baxmayaraq, ilk addımlarını futbolla atır. Digər sevindirici amil isə odur ki, "Boulevard Hotel Bakı” təkcə Azərbaycan milli komandaları ilə yox, həm də U-15 Liqası ilə əməkdaşlıq edəcək. Bu da futbolumuza töhfə verəcək.
- Millimizin qarşıdakı oyunlarından nə gözləmək olar?
- Bizi qarşıda iki vacib görüş gözləyir. Sentyabrın 3-də Xorvatiya, 3 gündən sonra isə Malta yığmaları ilə qarşılaşacağıq. Təbii ki, Xorvatiya millisi ilə görüş indi daha vacibdir. Rəqibimiz qrupun lideridir və iddialı komandadır. Bir sözlə, bizi çox çətin oyun gözləyir. Bildiyiniz kimi, ilk oyunda onlara böyük hesabla məğlub olmuşuq. Çalışacağıq bu dəfə komandamız özünü yaxşı tərəfdən göstərsin.
- Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü acınacaqlı hala düşüb. Buna görə, meydançaya cavabdeh olan "Football & Sports Management” (FSM) şirkəti ilə əməkdaşlığı davam etdirəcəksiniz?
- Doğrudan da, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü pis hala düşdü. Amma həmin şirkət təkcə bu stadiona yox, "Bakcell Arena”ya, İsmət Qayıbov adına stadiona və bizim akademiyalarımıza da cavabdehlik daşıyır. Biz FSM şirkətinin rəhbərliyini Bakıya dəvət etdik. Onlarla şəxsən mən özüm görüşdüm və həmin şirkətə rəsmi şəkildə xəbərdarlıq etdim. Bu əməkdaşlığın davam edib-etməməsi onların özlərindən asılıdır. Cavabdehlik daşıdıqları digər stadionların ot örtüyündə də eyni problem yaşansa, bu əməkdaşlığa son qoyacağıq. Ancaq gördüyünüz kimi, digər stadionlarda vəziyyət normaldır. Yeganə problem mərkəzi arena ilə bağlıdır.
- Bakı Olimpiya Stadionu futbol oyunlarını qəbul etməyə tam hazırdır?
- Biz istəyirik ki, Bakı Olimpiya Stadionunu futbol meydançası kimi istifadə edək, həm yığmamız, həm də klublarımız orada oynasın. Buna görə də, UEFA-ya müraciət etdik. Bilirsiniz ki, oranın futbol meydançası kimi istifadə olunması üçün əlavə tələblər də var. Onlar gəlib baxıblar. İtaliya millisi ilə seçmə mərhələ matçı Olimpiya stadionunda keçiriləcək. Planda var ki, o vaxta qədər gənclərdən ibarət yığmamızın bir yoxlama oyununu ora salaq. Bu, test xarakteri daşıyacaq.
- Həmin arenada hansı dəyişikliklər gözlənilir?
- Media sektoru ilə bağlı dəyişiklik olacaq. Çünki media üçün yer Avropa Oyunları üçün nəzərdə tutulmuşdu. İndi futbol oyunları ilə bağlı həmin sektorda dəyişiklik olacaq.
- Həbsdə olan Cavid Hüseynovla bağlı AFFA hansı addımı atmaq fikrindədir?
- Hazırda Cavid Hüseynovun məsələsində istintaq davam edir və bunun nəticəsini gözləyirik. Yalnız bundan sonra addımı atmaq, müvafiq qurumlara müraciət etmək olar.
Rahib Səmədov