"Neftçi İdman Klubu” Uşaq futbol məktəbinin direktoru Məhərrəm Həsənovun və klubun əlaqələndiricisi Azər Bağırovun Qaradağ Təlim-İdman Bazasında klubun futbol üzrə məşqçi-müəllimləri ilə görüşü keçirilib. Məşqçilərin öz işlərində səmərəli nəticələr əldə etməsi üçün hazırlanmış "Uşaq futbol məktəbinin inkişaf proqramı”, "Gənc futbolçuların inkişafında fiziki hazırlıq məşqlərinin yeri və rolu”, "Fitnes məşqçisinin rolu” və "Aşağı yaş qruplarında çıxış edən istedadlı yeniyetmə və gənc futbolçuların inkişafına dair məşq proqramı” vəsaitləri onlara təqdim edilib.
Böyük layihələrə start verən klubun "Uşaq futbol məktəbinin inkişaf proqramı” adlı vəsaitində Uşaq futbol məktəbinin (UFM) məqsəd və vəzifələri, prinsipləri, proqramın fəlsəfəsi haqda məlumat verilir. Bundan əlavə, kitabda UFM-in indiki və gələcək fəaliyyət istiqaməti, strukturu, işçi heyəti və istifadəsinə verilmiş infrastruktur, yaş qrupları üzrə həftəlik, aylıq və illik təhsil-tədris-məşq proqramları haqda geniş məlumatlar yer alır.
İdeya müəllifi "Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov olan və UFM-in direktoru Məhərrəm Həsənovun təşkilatçılığı ilə ərsəyə gələn "Gənc futbolçuların inkişafında fiziki hazırlıq məşqlərinin yeri və rolu” adlı vəsait məşqçi-müəllimlər üçün çox mühüm əhəmiyyət kəsb edir. Burada dünya çempionatları (2010 və 2014), dünyanın aparıcı ölkələrinin premyer liqa, superliqa və divizion komandalarının oyunlarının texnoloji təhlilləri və beynəlxalq səviyyədə müqayisəsi yer alır. Eyni zamanda, kitabda elmi əsası olmayan məşq metodları, təcrübələrin araşdırılması, fizioloji hazırlıq və zərərli amillər haqqında, fiziki hazırlıq məşqlərinin istiqamətləri və planlaşdırılmasından danışılır. Bundan başqa, nəşrdə futbolçularda yüksək intensivli yüklənmələr zamanı enerji mənbələri - qlükogen ehtiyatları, enerji sistemləri, məşq-oyun-istirahət zamanı yüklənmənin növbələşməsi, oyunda intensivlik barədə ətraflı məlumat öz əksini tapıb.

UEFA-nın Şərqi Avropa ölkələri üzrə əlaqələndiricisi M.Şmidtin "Fitnes məşqçilərinin rolu” adlı tədris vəsaitindən istifadə olunmaqla hazırlanmış eyniadlı kitabçada müasir futbolda tələblər, məşq və oyun, superkompensasiya, planlaşma barədə maraqlı fikirlər səsləndirilir. "Futbolda dözümlülük: intermitasiya məşqlərinə nəzarət” bölümündə isə yüklənmənin intensivliyi və müddəti, pauzaların müddəti haqda ətraflı danışılır.
"Aşağı yaş qruplarında çıxış edən istedadlı yeniyetmə və gənc futbolçuların inkişafına dair məşq proqramı” vəsaitində Uşaq futbol məktəbinin bütün yaş qruplarına oyun fəlsəfəsi, yaş qruplarına uyğun şəkildə "vahid sistem”, "zəncirvari təlim” sisteminin tətbiq edilməsi tövsiyə olunur.
Bir sözlə, futbol məşqçilərinin ixtiyarına verilmiş bu vəsaitləri onların öz işlərini mükəmməl səviyyədə qurmaları üçün yetərli hesab etmək olar.