"Neftçi İdman Klubu” İctimai Birliyi ölkəmizdə idmanının təbliği və inkişaf etdirilməsinə daim öz töhfələrini verib. Çoxsaylı idman növlərini özündə cəmləşdirən klubda son vaxtlar futbolun, xüsusilə də uşaq futbolunun daha da inkişaf etdirilməsinə böyük diqqət yetirilir və bu istiqamətdə yeni layihələr həyata keçirilir. Həmin layihələrin həyata keçirilməsi üçün "Neftçi İdman Klubu”nun rəhbərliyi tərəfindən müvafiq addımlar atılır. Bu məqsədlə uşaq futbolunda çalışan təcrübəli mütəxəssislər bu işə cəlb olunublar. Onların iştirakı ilə seleksiya xarakterli toplantılar, yarışlar keçirilir və istedadlı uşaqlar seçilərək klubun müxtəlif yaş qrupları üzrə komandalarına cəlb olunurlar.
Bölgələrdə uşaq futbolunu inkişaf etdirməyi və yeniyetmə istedadların üzə çıxarılmasını qarşıya məqsəd qoyan "Neftçi İdman Klubu” sentyabrın 29-da layihə ilə bağlı növbəti tədbir keçirdi. Klub rəhbərliyinin təlimatı əsasında futbol mütəxəssislərindən ibarət böyük bir heyət Siyəzən rayonunda oldu. Rayonda fəaliyyət göstərən 8 müxtəlif məktəbin 200-ə yaxın şagirdin iştirak etdiyi tədbir uşaqların və yerli sakinlərin böyük marağına səbəb oldu. Gün ərzində bu məktəblər arasında yarışlar keçirildi, onların şagirdlərinin oyunları klubun mütəxəssisləri tərəfindən izlənildi. Bütün yaş qrupları üzrə Siyəzən stadionunda təşkil olunan yarışlarda günün birinci yarısında böyüklər, ikinci yarısında isə daha kiçik yaşlı uşaqlar bacarıqlarını nümayiş etdirdilər.
"Neftçi İdman Klubu” Uşaq futbol məktəbinin direktoru Məhərrəm Həsənov və əlaqələndiricisi Azər Bağırovun rəhbərlikləri altında sözügedən rayona təşrif buyuran bütün yaş qruplarının baş məşqçilərindən və seleksiyaçılardan ibarət on nəfərlik heyət istedadlı uşaqların seçimini həyata keçirirdi. Onlar beş-beş olmaqla iki qrupa bölünmüşdülər. Oyunlar zamanı ilk hissədə birinci beşlik bir komandanın, ikinci beşlik isə digər komandanın iştirakçılarını izləyir, növbəti hissədə isə onlar izlədikləri komandanı digərinə dəyişirdilər. Beləcə, futbol mütəxəssisləri qarşılaşmaları izləyir, öz qeydlərini edir və fərqlənənləri seçirdilər. Seçilənlər arasında isə yenidən yarış keçirilirdi.
Beləliklə, günün sonunadək davam edən seleksiya xarakterli yarışlarda 1998-ci il təvəllüdlülərdən Fərrux Babazadə, 1999-cu il təvəllüdlülərdən Cavid Salahov, Amin Cəlilov, Natiq Əliyev, Şərifulla Xankişiyev, 2000-ci il təvəllüdlülərdən Bəhruz Cəfərov, Sənan Xudiyev, 2003-cü il təvəllüdlülərdən Cəmil Orucov, Nicat Məmmədov, Hüseyn Ağayev, Əli Ocaqquliyev, Aqil Babayev, 2004-cü il təvəllüdlülərdən Murad Balayev, Kənan Şirəliyev, Rəvan İsgəndərov, Elnur Adıgözəlov, Vasif İsayev, Coşqun Quliyev, 2005-ci ildə doğulanlardan Arif Dəmirov, Nahid Mahmudlu, Nicat Rəhmanov, 2006-cı il təvəllüdlülərdən isə Fariz Balabəyov və Kənan Bayramov kimi istedadlı futbolçular mütəxəssislər tərəfindən seçildilər. Klub tərəfindən onların gələcəkdə müvafiq yaş qrupları üzrə komandalara cəlb olunması nəzərdə tutulur.