Noyabrın 13-də veteran futbolçumuz Kazbek Tuayevin 75 yaşı tamam oldu. 13 noyabr 1940-cı ildə anadan olan yubilyar Azərbaycan Respublikasının əməkdar məşqçisi, SSRİ-nin idman ustası, AFFA-nın İctimaiyyət Komitəsinin üzvüdür. "Şöhrət” ordeninə layiq görülən Kazbek Tuayev futbolun inkiaşfında böyük işlər görmüş insanlardan biridir.
Tarixə nəzər salsaq görərik ki, Kazbek Tuayev Bakının "Neftçi” (1961-1973-cü illər) komandasının sadiq üzvlərindən biri olub. O, 1966-cı ildə "Neftçi”nin SSRİ çempionatında bürünc medal qazanmasında, eləcə də, 1964-cü ildə İspaniyada keçirilən Avropa çempionatında finala vəsiqə əldə etməsində xüsusi rol oynayıb. Üç dəfə SSRİ-nin ən yaxşı 33 futbolçusu sırasında yer alıb. Veteran futbolçumuzun adı 1998-ci ildə Moskvada nəşr olunmuş "Sovet futbolu 100 ildə” ensiklopediyasında da yer alıb. O, ictimaiyyət arasında aparılan sorğuya əsasən, Azərbaycanın XX əsrdə ən yaxşı futbolçularından biri seçilib.
Kazbek Tuayev həm də yüksək nailiyyətlər qazanmış məşqçi kimi tanınıb. Onun rəhbərliyi altında 1994-cü ildə "Turan” (Tovuz), 1996 və 2004-cü illərdə isə "Neftçi” komandaları ölkə çempionluğunu qazanıblar. Azərbaycanın yığma komandası Kazbek Tuayevin rəhbərliyi altında ilk parlaq qələbəsini İsveçrə komandası üzərində qazanıb. Tanınmış mütəxəssis 3 ilə yaxın Tunisdə məşqçilik edib. Məhz onun təşəbbüsü və fəal iştirakı nəticəsində 1984-cü ildə Azərbaycanda İxtisaslandırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbi yaradılıb. Yarandığı gündən Kazbek Tuayevin rəhbərliyi altında fəaliyyət göstərən bu məktəb uşaq və yeniyetmə futbolunun populyarlaşması, ümumiyyətlə, ölkədə futbolun inkişafı istiqamətində mühüm işlər görüb.