Roman Qriqorçuk: “Bu görüş daha çox “Krasnodar” üçün önəmlidir”

Roman Qriqorçuk: “Bu görüş daha çox “Krasnodar” üçün önəmlidir”


"Sabah oyuna nə qədər azarkeşin gələcəyini bilməsəm də, bizə indiyədək dəstək olan hər kəsə təşəkkür edirəm. Biz də onları sevindirmək üçün səylərimizi əsirgəməyəcəyik”.

Olimpnews.az saytının məlumatına görə, bu sözləri UEFA Avropa Liqası qrup mərhələsinin sonuncu turu çərçivəsində "Qəbələ” - "Krasnodar” matçı ərəfəsində təşkil edilən mətbuat konfransında "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

"Qəbələ”nin baş məşqçisi sabahkı matçda qələbə qazanmaq istədiyini vurğulayıb: "Bu görüş daha çox "Krasnodar” üçün önəmlidir. Çünki rəqibimiz qrup mərhələsini lider kimi başa vurmaq istəyir. İstənilən halda, bu qarşılaşma bizim üçün təcrübə baxımından da əhəmiyyət kəsb edir. "Krasnodar” yüksək səviyyəli komandadır. Bununla belə, sabah gücümüzü səfərbər edərək, meydançaya qələbə əzmi ilə çıxacağıq”.

Qeyd edək ki, "Qəbələ” - "Krasnodar” görüşü dekabrın 10-da saat 22:00-da "Bakcell Arena”da start götürəcək.