Türkiyənin 4-cü liqasında 11-ci tura yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, azərbaycanlı qapıçı Elnar Kərimovun şərəfini qoruduğu "Bartınspor" doğma azarkeşlər önündə "Paşabahçespor" komandası ilə münasibətlərinə aydınlıq gətirib.
Həmyerlimizin 90 dəqiqə iştirak etdiyi matçda komandası qələbəni bayram edib. İlk hissədə tərəflərin səyinə baxmayaraq, hesab açılmayıb. Fasilədən sonra meydan sahibləri 2 qol vuraraq, oyunun taleyini həll ediblər.
Əvvəlcə matçın 74-cü dəqiqəsində Ersin fərqlənib. Bundan sonra hücumlarını davam etdirən həmyerlimizin komandası növbəti dəfə stadiona toplaşan yerli azarkeşləri sevindirib. Matçın başa çatmasına 5 dəqiqə qalmış Onur yekun hesabı müəyyənləşdirib – 2:0.
Qələbə sayəsində xallarını 21-ə çatdıran "Bartınspor" liderdən 2 xal geridə qalmaqla, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Bartınspor" növbəti tur səfərdə "Leventspor”la qarşılaşacaq.