Adı: Toğrul
Soyadı: Əsgərov
Təvəllüdü: 17.09.1992
İdman növü: Sərbəst güləş
Çəkisi: 65 kq
Nailiyyətləri: Olimpiya çempionu (London-2012), dünya (2011) və ikiqat (2010, 2012) Avropa çempionu.
Rio-2016-ya lisenziyanı ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya çempionatında əldə edib.
Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına bir aydan da az vaxt qalır. Avqustun 5-21-də dünyanın 200-dən artıq ölkəsnin ən güclü atletləri dördilliyin mötəbər idman tədbirində 17 gün ərzində qüvvələrini sınayacaqlar.
Rio-2016 Olimpiya Oyunlarına qalan vaxt azaldıqca həyəcan da artır. Ölkəmizin idman federasiyaları və atletlərimiz yarış gününü səbirsizliklə gözləyirlər. Çünki illərlə əziyyəti çəkilən gərgin məşq və hazırlıq prosesindən sonra son söz məhz yarış meydanında, yəni Olimpiya stadionunda deyiləcək, qaliblər məhz burada müəyyən ediləcək.
Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında 13 növ üzrə 55 atletlə təmsil olunacaq ki, onlardan 14-ü güləş idman növünün təmsilçiləridir. Təsadüfi deyil ki, idmansevərlər, Olimpiya Oyunları da daxil olmaqla mötəbər tədbirlərdə məhz pəhləvanlarımızdan daha çox medal gözləyirlər. Statistik rəqəmlər də təsdiq edir ki, Azərbaycan güləş yığması indiyədək iştirak etdiyi yay Olimpiya Oyunlarında ümumilikdə 14 medal qazanıb. Bu medallardan 4-ü qızıl, 5-i gümüş, 5-i isə bürüncdür. 2012-ci ildə Londonda keçirilən sonuncu, XXX Yay Olimpiya Oyunlarında idmançılarımızın əldə etdiyi 10 medaldan 7-si məhz güləş yığmasının aktivinə yazılıb.
Ölkəmizi Rio-2016 Olimpiadasında təmsil edəcək idmançlardan biri də, Olimpiya, dünya və Avropa çempionu, sərbəst güləşçi Toğrul Əsgərovdur. "Olimpiya dünyası” qəzeti olaraq indiyədək karyeasında böyük nailiyyətlər qazanan gənc pəhləvanımızın idman yoluna yenidən nəzər salmağı və Olimpiya çempionumuzun yarışqabağı düşüncələrini çoxsaylı oxucularla bölüşməyi özümüzə borc bildik.
"Sənə gələcəyin Olimpiya çempionunu verirəm”
Toğrul Əsgərov 1992-ci il sentyabrın 17-də Gəncə şəhərində dünyaya göz açıb. Gəncə güləş məktəbinin yetirməsi olan Toğrul idmanla məşğul olmağa başlayanda təxminən 8 yaşı olub. Bu həmin dövr idi ki, ölkəmizdə idman və Olimpiya hərəkatının inkişafı özünün yeni dönəm mərhələsinə qədəm qoymuşdu. İdmanla məşğul olan uşaq və gənclərin sayı gündən-günə artır, atletlərimizin sədası Olimpiya Oyunlarından, dünya və Avropa birinciliklərindən gəlirdi. Şübhəsiz ki, bütün bunlar idmana böyük marağı olan Toğrulun gələcək həyatına mühüm təsir göstərməyə bilməzdi. Ailəsi də başa düşürdü ki, onların övladı məhz idman sahəsində özünü doğrulda bilər.
Toğrulun babası bir gün onu idman məktəbinə aparır və güləş müəlliminə: "Götür, məşğul ol, sənə gələcəyin Olimpiya çempionunu verirəm”, - deyir. Məşqçi-müəllim isə nəvəyə baxaraq tərəddüdlə gülümsəyir. Çox güman ki, o, bu bədəncə zəif olan bu uşağın nə vaxtsa Olimpiya çempion olacağına şübhə edirdi.
Toğrul verdiyi sözə əməl etdi
Pekin-2008 Yay Olimpiya Oyunlarının keçirildiyi zaman Toğrul artıq 7-8 il idi ki, idmanla məşğul olurdu və karyerasında müəyyən uğurlara imza atmışdı. Ailəsi ilə birlikdə ekran qarşısında əyləşib Olimpiya Oyunlarında uğur qazanan idmançılarımızın çıxışlarını seyr edərkən sevincdən gözləri yaşarırdı. Pekində qızıl medala layiq görülən çempionlarımızın şərəfinə Azərbaycanın bayrağı qaldırılanda özünə söz verir ki, 2012-ci ildə keçiriləcək Olimpiya Oyunlarında çempion olacaq.
Olimpiadaya qədər Toğrul Əsgərovun uğurları bir-birini əvəz edir. 2008-2009-cu illərdə yeniyetmələr arasında iki dəfə Avropa birinciliyinin qalibi adını qazanır. 2010-cu ildə ikinci dəfə Avropa çempionu (gənclər arasında) adına, eləcə də dünya çempionatının gümüş medalına sahib olur. Dünya çempionu titulunu 2011-ci ildə, 3-cü dəfə Avropa birinciliyinin (böyüklər arasında) qalibi adını isə 2012-ci ildə qazanır. Toğrul dəfələrlə Azərbaycan çempionu tituluna layiq görülüb. Nəhayət, sərbəst güləşçimiz 2012-ci ildə Londonda keçirilən XXX London Yay Olimpiya Oyunlarında verdiyi sözə əməl edir və fəxri kürsünün ən yüksək pilləsində qərar tutur. Olimpiya çempionumuzun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilir, bayrağımız qaldırılır.
"Belə güləşçilər yüz ildə bir dəfə dünyaya gəlir”
20 yaşında Olimpiya çempionu adına layiq görülən Toğrul Əsgərov haqqında Beynəlxalq Güləş Federasiyasının (FİLA) rəsmi saytında "FİLA əfsanəsi: 2012, Toğrul Əsgərov” başlıqlı yazı dərc edilir.
Yazıda deyilir: "O, qalibdir, deməli, qalib olmaq üçün lazım olanları bilir. Onun cəmi 20 yaşı olsa da, artıq Olimpiya çempionudur. O, hələ çox iş görməlidir, lakin Toğrul Əsgərovun tarixin ən böyük güləşçisi olmaq üçün şansı çoxdur. Belə güləşçilər yüz ildə bir dəfə dünyaya gəlir. Dünya adı güləş tarixinə yazılacaq bu insana diqqət yetirməlidir”.
FİLA-nın əfsanə güləşçiləri haqqında silsilə yazılar hazırlayan jurnalist Mayk Roirdan tərəfindən qələmə alınmış bu məqalə ilə bərabər, saytda güləşçimizin beynəlxalq yarışlarda və London-2012 Yay Olimpiya Oyunlarındakı çıxışlarından bəhs edən videoçarx da yer alır.
"Şöhrət” ordenli gənc Olimpiya çempionu diz qapağından aldığı ciddi zədə səbəbindən bir müddət idmandan kənarda qaldı. Yarışlardan uzun müddət kənarda qaldığı üçün idman ictimaiyyəti tərəfindən kəskin tənqid olundu. Çoxları hətta Toğrulun "ulduz xəstəliyi”nə tutulduğunu iddia edirdilər. Amma gənc Olimpiya çempionu müsahibələrində hər bir idmançı kimi zədəli olması və peşəkar karyerasında uğursuz dönəmlə qarşılaşdığını deyirdi. Bütün bunlar əlbəttə, onun karyerasına təsir göstərməyə bilməzdi. Çempionda ruh düşkünlüyü yaranmışdı. Bir-birinin ardınca Avropa və dünya çemponatlarındakı uğursuz çıxışları məhz bunların nəticəsi idi.
I Avropa Oyunlarının birincisi olmaq dəyərli və qürurverici idi
2015-ci il iyun ayının 12-28-də ölkəmizdə keçirilən ilk Avropa Oyunlarında qələbə qazanmaq, özü də məhz çempion olmaq Toğrul Əsgərova özünü yenidən təsdiq etmək üçün hava-su kimi lazım idi. O, I Avropa Oyunlarında doğma divarlar arasında bayrağımızı qaldırmaq, himnimizi səsləndirmək, yenidən çempionluq zirvəsinə yüksəlməyi çox istəyirdi. Olimpiya çempionu bununla bağlı müsahibələrinin birində deyirdi: "Mənim Olimpiya Oyunlarında, dünya çempionatında qələbə qazanmağa potensialım çatır. 20 yaşımda Olimpiya çempionu olmuşam. Gələcəyim hələ qabaqdadır. İki il karyeramda uğursuzluq yaşadım. Dizimdən əməliyyat olundum. Bir il döşəkdən kənarda qaldım. Bu bir ildə özümü toparlamaq çox çətin oldu”.
Doğma divarlar arasında qalib olmaq Toğrulun karyerasında sanki, dönüş nöqtəsi oldu. Yarışların finalında İtaliya təmsilçisi Frank Kamizo kimi güclü güləşçi ilə qarşılaşan təmsilçimiz onu məğlub etməyi bacardı və 65 kq çəki dərəcəsində adını çempionlar siyahısına yazdırdı. Onun üçün I Avropa Oyunlarında birinci olmaq elə Olimpiya çempionu olmaq qədər dəyərli və qürurverici idi.
Məqsədə doğru
Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya qazanan 14 güləşçimizdən biri də Toğrul Əsgərovdur. Toğrul olimpiadaya lisenziyanı ABŞ-ın Las-Veqas şəhərində Rio-2016-ya ilk lisenziya verən dünya çempionatında əldə edib. Hakimlərin ədalətsizliyi üzündən bu çempionatda medalsız qalsa da, idmançımız digər 11 pəhləvanımız kimi adını lisenziya alanlar siyahısına yazdırıb.
Toğrulun məqsədi olimpiadada ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsində qərar tutmaq və Braziliyadan vətənə qızıl medalla qayıtmaqdır: "İkiqat Olimpiya çempionu olmağı çox istəyirəm. Hazırlıq dövründə gərgin və fasiləsiz məşqlər etmişik. Bütün səylərimiz Rio-2016 Olimpiadasında medal qazanmağa yönəldilib. Olimpiya Oyunlarında dünyanın ən güclü atletləri iştirak edirlər. Burada zəif rəqib olmur. Medal qazanmaq üçün çox güclü hazırlaşmalısan. Olimpiada yarışları sensasiyaları sevir. 4 il bundan əvvəl Londonda heç kimin ağlına gəlməzdi ki, finalda 4 qat dünya çempionuna qalib gələcəyəm. İdmandır, hər şey ola bilər. Bəzən böyük yarış ərəfəsində alınan bir zədə qarşıya qoyulan hədəfə çatmağa imkan vermir. Məqsədim Azərbaycan tarixində ilk dəfə ikiqat Olimpiya çempionu titulunu qazanmaqdır”.
Rio-2016 Yay Olimpiya Oyunlarına sayılı günlər qalıb. Gərgin və fasiləsiz hazırlıq priosesindən sonra idmançılarımız dünyanın mötəbər idman tədbirinə artıq hazırdırlar. İnanırıq ki, atletlərimiz XXXI Yay Olimpiadasında öz sözünü deyəcək və Toğrul Əsgərov özünün arzu etdiyi kimi adını Azərbaycanın idman tarixinə ikiqat Olimpiya çempionu kimi yazdırmağa müvəffəq olacaqdır. Çünki FİLA-nın saytında deyildiyi kimi "O, qalibdir, deməli, qalib olmaq üçün nəyin lazım olduğunu bilir”.
Səadət Zifiqızı
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir