Dördilliyin növbəti zirvə yarışına - Rio-de Janeyro 2016 Yay Olimpiya Oyunlarına az vaxt qalıb. "Olimpiya dünyası" qəzeti olaraq, Olimpiya oyunlarına lisenziya qazanan idmançılarımızla müsahibələr, maraqlı materiallar dərc edirik. "Rio-2016" rubrikası altında dərc olunan yazılarda oxucular olimpiadaya lisenziya qazanan idmançılarımızı daha yaxından tanıyır.
Rubrikamızın budəfəki qonağı cüdo üzrə Azərbaycan yığmasının üzvü Nicat Şıxəlizadədir.
«Peşəkar bir idmançı üçün 4 il idmandan uzaq qalmaq çox çətindir»
- Nicat, əvvəlcə idmana gəlişin barədə öyrənmək istərdik. Necə oldu ki, cüdonu seçdin?
- 1988-ci il oktyabrın 12-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşam. 4-cü sinifdə oxuyanda Bakıya köçdük və burda Respublika Olimpiya İdman liseyinə yazıldım. İdmana ilk gəlişim 4-cü sinifdə oxuyarkən gimnastika ilə bağlı oldu. Əvvəllər idman gimnastikası ilə məşğul olsam da, düzü, bu növə o qədər də həvəsim yox idi. Amma ailəmin istəyi ilə iki il gimnastika ilə məşğul oldum. 6-cı sinifdən öz həvəsimlə idmanın cüdo bölməsinə yazıldım. Mən həmişə təkmübarizəli idman növlərini sevmişəm. Əməkdar məşqçi Nağı Babayevin rəhbərliyi altında cüdonun sirlərinə yiyələndim. Bir neçə aydan sonra artıq yarışlarda iştirak etməyə başladım. Vaxt keçdikcə Bakı və respublika çempionatlarında qalib və mükafatçılar sırasında yer aldım. 2003-cü ildə yeniyetmələr arasında ölkə çempionu oldum. Elə həmin il Fransada keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalında iştirak etdim və 50 kq çəki dərəcəsində gümüş medala sahib çıxdım. 2003-cü ildə Bakıda keçirilən Avropa çempionatında da gümüş medala layiq görüldüm. Növbəti ildə yenidən ölkə çempionu olaraq beynəlxalq yarışlarda iştirak etmək hüququ qazandım. Həmin il Hollandiyanın Rotterdam şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatında bütün rəqiblərimə qalib gələrək qızıl medal qazandım. 2005-ci ildə artıq gənclər arasında çıxış etməyə başladım. Gənclər arasında çıxış etməyimə baxmayaraq böyüklərin mübarizəsində də qüvvəmi sınayırdım. Həmin il Tbilisidə keçirilən A kateqoriyalı lisenziya turnirində iştirak etdim. Həmin yarışda həlledici mərhələdə Afina 2004 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısına uduzaraq ikinci yeri tutdum. 2005-ci ildə ilk dəfə böyüklər arasında dünya çempionatında iştirak etdim. Gənc olduğuma görə həmin yarışda məndən medal gözləmirdilər. Lakin elə oldu ki, mən Misirdə keçirilən həmin yarışda üçüncü oldum. Onu da qeyd edim ki, dünya üçüncüsü olanda mənim 17 yaşım var idi. Bu yarışdan bir həftə sonra gənclər arasında Avropa çempionatında qalib adını qazandım. 2006-cı ildə gənclər arasında ilk dəfə dünya çempionu oldum. Qeyd edim ki, həmin vaxta qədər heç bir cüdoçumuz dünya çempionatında qızıl medal qazanmamışdı. 2007-ci ildə Fransada keçirilən "Böyük Dəbilqə” turnirinin qalibi oldum.
- Hər bir idmançının karyerasında çətin anları olur. Yəqin ki, səndə də belə hallar az olmayıb?
- Karyeram ərzində müəyyən çətinliklərlə üzləşsəm də, çalışmışam ki, bu problemlərə qalib gəlim. Təbii ki, ən çətin anlarım dopinqə düşdüyüm vaxtlar olub. 2007-ci ildə Olimpiya Oyunlarına lisenziya qazanmışdım, amma bu yarışda iştirak etmək mənə qismət olmadı. Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında məndən dopinq testi götürüldü. Təəssüf ki, bu testlər müsbət nəticə verdi və qanımda qadağan olunmuş preparat aşkarlandı. Mənə 4 il cəza verildi və beynəlxalq yarışlardan uzaqlaşdırıldım. Buna baxmayaraq məşqlərimi davam edirdim. Təbii ki, 4 il az müddət deyildi. Peşəkar bir idmançı üçün 4 il idmandan uzaq qalmaq çox çətindir. Bu cəza mənə çox pis təsir etmişdi. Demək olar ki, formamın ən pik həddində belə bir problemlə üzləşdim. Bu illər ərzində mənə ailəm, müəllimlərim çox dəstək oldular. Pekin Olimpiadasından və digər yarışlardan uzaq qaldım, amma geri çəkilmədim, idmandan getmədim. Çoxları gözləyirdi ki, idmandan gedəcəyəm, lakin mübarizəmi sona qədər davam etdirdim. Düzdür, 4 illik fasilə mənə mənfi təsir etdi, amma əsas odur ki, idmandan uzaq düşmədim. 2011-ci ildə cəza müddətim bitdi və yenidən yarışlara başladım.
- Qeyd etdiyin kimi, 4 il az müddət deyil. Yenidən idmana qayıdış çətin olmadı ki?
- Təbii ki, çətin oldu. Cəzadan qayıtdıqdan sonra cüdoda qaydalar dəyişilmişdi. Bu da mənə müəyyən qədər çətinliklər yaradırdı. Lakin məşqlərimi davam etdirdim və yeni qaydalara uyğunlaşdım. Bu 4 illik cəza məni iki Olimpiya Oyunlarından kənarda qoydu. Dediyim kimi, cəzam 2011-ci ildə bitdi. 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarına lisenziya xalı qazanmaq üçün çox az zamanım qalmışdı. Təbii ki, az bir vaxtda lisenziya xalı toplamaq mümkün deyildi. Cəzam bitdikdən sonra ilk yarışlarımda 60 kq çəki dərəcəsində güləşirdim. Sonralar 66 kq çəki dərəcəsində güləşməyi qərara aldım. Həmin çəkidə Qran-pri, "Böyük dəbilqə” yarışlarının, həmçinin İstanbulda təşkil olunan Avropa kubokunun qalibi oldum.
«Özümu Olimpiya Oyunlarına tam hazır hesab edirəm»
- Nicat, idmançının karyerasında ən arzuolunmaz məqamlardan biri də zədələnməkdir. Nədənsə, zədə problemi səndən də yan keçmir…
- Zədələr baxımından bir az uğursuz idmançıyam. Son bir neçə ildə tez-tez zədələnirəm. 2014-cü ildə dünya çemaionatı ərəfəsində dizimdən zədələndim və əməliyyat olundum. Həmin vaxt 5-6 ay yarışlardan kənarda qaldım. Zədəm sağaldıqdan sonra bir sıra yarışların qalibi oldum. 2015-ci ildə Çinin Qinqdao şəhərində keçirilən Qran-pri yarışında birinci yeri tutdum. Koreyada keçirilən Qran-pri turnirinin yarımfinal görüşündə isə yenidən zədələndim. Hər iki diz bağım zədələndiyi üçün yenidən yarışlardan kənarda qaldım. Türkiyədə və Avstriyada müayinə olundum. Bu aylar ərzində bir neçə yarışda iştirak etmədiyimə görə reytinq cədvəlində də geriləmişdim. Lakin Rio Olimpiadasına lisenziyanı təmin etdiyim üçün reytinq cədvəlindəki mövqeyimə görə o qədər də narahat deyildim. Sevinirəm ki, bərpa prosesim çox yaxşı keçdi və özümü hazırda yüksək formada hesab edirəm. Zədəm sağaldıqdan sonra may ayında Meksikanın Qvadalaxara şəhərində keçirilən "World Masters” turnirində bürünc medal qazandım.
- Nicat, Olimpiya Oyunlarına hazırsanmı?
- Rio Olimpiadasına az vaxt qalıb. Vaxt azaldıqca həyacan hissi artır. Təbii ki, bu həyacan məsuliyyət hissindən yaranır. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, dopinqə görə iki olimpiadada iştirak edə bilmədim. Bu, idmançı üçün çox arzuolunmaz bir haldır. Amma bu dəfə şansımdan istifadə etməyə çalışacağam. Bəlkə də belə fürsət bir daha ələ düşməyəcək. Ona görə də şansımdan yararlanmalıyam. Hər birimiz yarışa medal qazanmaq üçün çıxacağıq. Əvvəlcədən heç bir söz deyə bilmərəm. Hansı idmançının hazırlıq səviyyəsi yaxşı olacaqsa, o da medal qazanacaq. Olimpiya Oyunlarında mükafatçılar sırasına düşərək kolleksiyama Olimpiya medalını da əlavə etməyi çox istəyirəm. Özümu Olimpiya Oyunlarına tam hazır hesab edirəm.
- Olimpiya Oyunlarında dünyanın ən güclü idmançıları iştirak edəcəklər. 66 kq çəki dərəcəsində isə rəqabət daha çox olur. Bu səni narahat etmir ki?
- Şübhəsiz, 4 ildən bir keçirilən olimpiadada zəif idmançı olmur. Demək olar ki, hər çəkidə güləşən idmançılar eyni səviyyəli idmançılardır. Yəni rəqiblərin birini digərindən zəif adlandırmaq düzgün olmaz. Bu idmançıların arasında medal qazanmaq üçün şans da müəyyən rol oynayır. Mən deyərdim ki, Olimpiya Oyunları lotareya kimidir. Həmin gün kim şanslıdırsa, o da qalib gələcək.
Qaldı ki, çəki ilə bağlı məsələyə, düzünü desəm, hər hansı rəqibimə qarşı xüsusi hazırlaşmıram. Bütün ölkələrin idmançılarını favorit hesab edirəm. Qeyd etdiyiniz kimi, 66 kq çəki dərəcəsində lider idmançı daha çox olduğuna görə rəqabət də güclü olur. Yeri gəlmişkən deyim ki, bu çəki dərəcəsində qaliblər tez-tez dəyişir. Yəni hər yarışda müxtəlif idmançı qalib adını qazanır. Ona görə də hansısa bir idmançını digərlərindən fərqləndirə bilmirəm.
«Düşünürəm ki, əməyim hədər getməyəcək»
- Reytinq cədvəlində irəlidə olmağın Olimpiya Oyunlarında hansı üstünlükləri var?
- Bildiyiniz kimi, Olimpiya Oyunlarına lisenziya reytinq cədvəlinə əsasən verilir. Mən reytinq cədvəlində 9-cu olaraq olimpiadaya lisenziya qazandım. Düzünü desəm, reytinq cədvəlinə o qədər də əhəmiyyət vermirəm. Bəzi idmançılar çalışırlar ki, reytinq siyahısının ilk sıralarında yer alsınlar. Çünki, cədvəldə ilk sıralarda olanlar nisbətən zəif rəqiblərlə qarşılaşacaqlar. Mənim üçün əsas o idi ki, Olimpiya Oyunlarına lisenziyanı təmin edim. Fikrimcə, reytinqdə ön sıralarda olmaq hər şeyi həll etmir. Cüdoda elə görüşlər olub ki, reytinqin birinci pilləsində qərarlaşan idmançı özündən qat-qat zəif rəqibə məğlub olub. Yəni demək istəyirəm ki, əsas reytinq yox, idmançının gücü və şansıdır.
- Olimpiya həyacanını daxilən yaşayırsanmı?
- Olimpiya Oyunlarında ilk dəfə iştirak edəcəyəm. Həyacanın olması təbii haldır: 4 il ərzində çəkdiyin əziyyətin ya bəhrəsini görürsən, ya da əməyin hədər gedir. Hər bir idmançıda həyacan olur. Sadəcə, onun miqdarı var. Həyacan çox olduqda idmançı özünə nəzarəti itirir. Tatamiyə çıxandan sonra həyacan yaddan çıxır və əsas fikrini mübarizəyə yönəldirsən. Əlbəttə, daxilən həyacanlıyam. Bununla belə, düşünürəm ki, əməyim hədər getməyəcək.
- Nicat Şıxəlizadə üçün ən unudulmaz məğlubiyyət hansı olub?
- İki məğlubiyyət mənim heç vaxt yadımdan çıxmır. 2003-cü ildə Bakıda keçirilən yeyniyetmələr arasında Avropa çempionatında bütün rəqiblərimə qalib gələrək finala vəsiqə qazandım. Lakin həlledici görüşdə gürcüstanlı idmançıya uduzdum. Bu məğlubiyyət yaddaşımda silinməz iz qoydu. Növbəti unuda bilmədiyim məğlubiyyət isə ötən il Avropa Oyunlarında oldu. Bakı-2015-ə çox ciddi hazırlaşmışdım. Avropa Oyunları ilk dəfə təşkil olunduğuna və Bakıda keçirildiyinə görə çox istəyirdim ki, bu yarışda mükafat qazanım. Çox təəssüf ki, Avropa Oyunlarında gözlənilmədən məğlub oldum. Məndən reytinqdə geri olan Portuqaliya idmançısına uduzmağım mənə çox pis təsir etdi. Avropa Oyunları mənim üçün çox əhəmiyyətli bir yarış idi. Təəssüf ki, yarışları beşinci sırada bitirdim.
Azər Əlizadə
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir