Olimpiyaçılarımız Vətəndə böyük coşğu ilə qarşılandılar - FOTOLAR

Olimpiyaçılarımız Vətəndə böyük coşğu ilə qarşılandılar - FOTOLAR

Rio-de Janeyroda XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları avqustun 23-də Vətənə qayıdıblar.

Olimpnews.az saytının məlumatına görə, Rio-2016 Olimpiya Oyunlarında Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazmış olimpiyaçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə, gül-çiçəklə qarşılayıblar.

XXXI Rio-de Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 18 medal qazanıblar. Komandamızın hesabına qızıl medalı taekvondoçu Radik İsayev yazdırıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rüstəm Orucov və Elmar Qasımov, qadın güləşçimiz Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində uduzaraq gümüş medala sahib olublar. Taekvondo yarışlarında Milad Beigi Harçeqani və Patimat Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov, avarçəkən İnna Osipenko-Radomskaya isə bürünc medalla kifayətləniblər.

Azərbaycanın Olimpiya yığması bu göstərici ilə 207 ölkə arasında 39-cu olub. Azərbaycan medal sayına görə, 207 iştirakçı və 87 mükafatçı dövlət arasında 15-ci yeri tutub. Bu nəticəyə görə respublikamız islam, türk və Qafqaz ölkələri arasında lider olub. Həmçinin idmançı sayının qazanılan medallara nisbətinə görə Azərbaycan Olimpiadanın lider dövlətlərindən olub. Azərbaycan ilk dəfə taekvondo və avarçəkmə yarışlarında medal, boksçuların mübarizəsində isə ilk dəfə finala vəsiqə qazanıb.

Qarşılanma mərasimində gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində deyib ki, idmançılarımız Rio Olimpiadasında Azərbaycanın idman tarixinə yeni bir səhifə yazıblar: "Bu, həqiqətən də Azərbaycan idmanının növbəti təntənəsidir və bu münasibətlə hamını ürəkdən təbrik edir, idmançılarımıza yeni uğurlar arzulayıram. İnanıram ki, onlar gələcəkdə də xalqımızı və azarkeşləri sevindirəcəklər”.

Nazir bildirib ki, 18 medal Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycanın idman dövləti olduğunu, idmançılarımızın bu göstəriciyə görə dünyada birinci yerdə qərarlaşdığını nəzərə alsaq deyə bilərik ki, qazanılan nəticələr heç də gözlənilməz deyil. Azərbaycanın Olimpiya millisi idmançı payına düşən medal sayına görə ən nəticəli komanda hesab edilib. "Rio-2016-da Azərbaycan bayrağının 18 dəfə dalğalandırılması müstəqil ölkəmizin təbliğatı baxımından mühüm hadisə idi. XXXI Yay Olimpiya Oyunlarında əldə olunan uğurlarımız Azərbaycan idmanının qarşıdakı illərdə də böyük nailiyyətlər qazanacağına əminlik yaradır. Ölkəmiz gələn il daha bir möhtəşəm idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bir daha idmançılarımızı və xalqımızı ürəkdən təbrik edirəm”, - deyə Azad Rəhimov bildirib.

Vətənə qayıdan Azərbaycan millisinin üzvləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. İdmançılarımız maşın karvanı ilə hava limanından birbaşa Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsinə daim böyük qayğı göstərmiş Ulu Öndərin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Qeyd edək ki, Rio-2016 Olimpiya Oyunlarında Azərbaycan atletləri 18 medal qazanıblar. Azərbaycanın Olimpiya millisi medal sayı baxımından dünyada 207 ölkə arasında 15-ci, medalın keyfiyyəti baxımından isə 39-cu yerdə qərarlaşıb. Bu nailiyyətlə ölkəmiz Avropa dövlətləri arasında yeddinci, İslam dövlətləri arasında birinci, postsovet məkanında isə ikinci olub.

Qarşılışma mərasimində iştirak edənlər təəssüratlarını "Olimpiya dünyası” qəzeti ilə bölüşüblər.

"İdmançılarımız Olimpiadadan böyük qələbə, böyük uğurla qayıdıblar”

Çingiz Hüseynzadə (Milli Olimpiya Komitəsinin vitse-prezidenti): "İdmançılarımız Olimpiadadan böyük qələbə, böyük uğurla qayıdıblar. 18 medal qazanacağımızı əvvəlcədən təsəvvür etmək çox çətin idi. Amma çətin olan işin öhdəsindən layiqincə gəldik. Biz XXXI Yay Olimpiya Oyunlarından 18 medalla döndük. 56 idmançımızdan 18-i, yəni 1/3-i medal qazanıb. Bu, böyük nəticədir. Mən deyərdim ki, Azərbaycan komandası Rio Olimpiadasında əsl qəhrəmanlıq göstərdi”.

"Lorenso Sotomayora qarşı haqsızlıq edildi”

Ağacan Abıyev (Boks Federasiyasının vitse-prezidenti): "Olimpiadada 18 medal qazandıq. Hesab edirəm ki, bu, Azərbaycanın, idmanımızın uğurudur. Düşünürəm ki, bu medalların sayı hər olimpiadadan-olimpiadaya artacaq. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman inkişaf edir. Bu medallar yalnız idmançıların deyil, bütün Azərbaycanındır. Boks idman növündə yalnız bürünc medal qazanırdıq. Rio-2016-da bu tilsimi qırdıq. Amma hesab edirəm ki, boskçularımız qızıl medal qazanmalı idilər. Lorenso Sotomayora qarşı haqsızlıq olundu. Düşünürəm ki, həmin raundda nokdaun yox idi. Rəqib boksçu zərbə vurmuşdu və buna görə yalnız xal verilməli idi. Hakim isə yanlış qərar verdi və nokdaun qeydə aldı”.

"Taekvondoçularımız Azərbaycanı yüksək səviyyədə təmsil etdilər”

Niyaməddin Paşayev (Taekvondo Federasiyasının vitse-prezidenti): "Medal qazanan bütün idmançıları təbrik edirəm. Hər kəs uğur qazanmaq üçün əlindən gələni edirdi. Biz 4 taekvondoçu ilə olimpiadaya getdik. Taekvondoçularımız Azərbaycanı yüksək səviyyədə təmsil etdilər. İlk olaraq, Patimat Abakarova bizə bürünc medal qazandırdı. Təəssüf ki, daha sonra Milad Beigi Herçeaqani kiçik səhv səbəbindən finala çıxa bilmədi. Son gün Radik İsayev finalda qalib gəldi və qızıl medal qazandı. Bununla da Rio-de Janeyroda Azərbaycanın himni səsləndi. Ümumiyyətlə, Rio Olimpiadası Azərbaycan idmançıları üçün çox uğurlu oldu. 2012-ci ildə təşkil olunan London Olimpiadasında idmançılarımız 10 medal qazanmışdılar. Rio-da isə komandamızın 18 üzvü müxtəlif əyarlı medal əldə etdi. Bu, çox böyük nailiyyətdir”.

"Mariya Stadnikin çempion olmasını çox istəyirdim”

Zemfira Meftahətdinova (Olimpiya çempionu): "Hamını təbrik edirəm. Rio-da olimpiyaçılarımız çox böyük uğur qazandılar. 18 medal çox böyük uğurdur. İdmançılarımızın Tokio Olimpiadasında da bayrağımızın yüksəklərə qaldıracağına ümid edirəm. Mariya Stadnik favoritlərimdən idi. Onun çempion olmasını çox istəyirdim. Amma alınmadı. Bu idmandır. Rəsul Çunayevlə Xetaq Qazyumov da çempionluğa layiq idi. Lakin son anda qələbəni əldən verdilər. Onlarla yanaşı, digər idmançılarımız da qızıl almaq gücündə idi”.

"Azərbaycana qızıl medalı qazandırdığım üçün çox xoşbəxtəm”

Radik İsayev (Olimpiya çempionu): "Azərbaycana qızıl medalı qazandırdığım üçün özümü çox xoşbəxt hiss edirəm. Azərbaycanın dövlət himninin Rioda səsləndirilməsi qürurverici idi. Döyüşlərim gərgin keçdi. Xüsusən final qarşılaşmasını qeyd etmək istərdim. Qalib olandan sonra sanki hissiyyatımı itirmişdim. Ayaqlarımda bərk ağrılar var idi. İndi bu qələbənin nə qədər qiymətli olduğunu anlayıram.
Azərbaycanın dövlət himni səslənəndə böyük qürur hissi keçirdim. Bunlar izaholunmaz hisslərdir. Bunun üçün bütün mərhələləri adlayıb, fəxri kürsüyə qalxmaq və o hissləri yaşamaq lazımdır. Mən isə qızıl medal barədə düşünmürdüm. Fikirləşirdim ki, ilk növbədə, geriyə medalla qayıtmaq lazımdır. Amma finala çıxdım və qızıl medal qazandım”.

"Sevinirəm ki, komandamızın qazandığı 18 medalda mənim də payım var”

Toğrul Əsgərov (Rio Olimpiadasının gümüş mükafatçısı): "Rio-da qızıl medal qazanıb Azərbaycan idman tarixinə ikiqat Olimpiya çempionu kimi düşmək arzusunda idim. Amma iş elə gətirdi ki, gümüş medalla kifayətlənməli oldum. Komandamızın qazandığı 18 medalda mənim də payım olduğu üçün çox sevinirəm. Final görüşünün əvvəlində zədələndim. Bu zədə öz təsirini göstərdi və Rusiyadan olan güclü rəqibimə uduzdum”.

"Olimpiya Oyunları kimi bir yarışda gümüş medal qazanmaq da yüksək nəticədir”

Valentin Demyanenko (Rio Olimpiadasının gümüş mükafatçısı): "Hər bir idmançı Olimpiya Oyunlarında yüksək nəticə qazanmaq arzusunda olur. Dörd il əvvəl London Olimpiadasında bu nailiyyət üçün mübarizə aparmaq istəyirdim. Lakin ciddi zədə üzündən həmin yarışda nəticə əldə edə bilmədim.
Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında gümüş medala yiyələnmişdim. Artıq hiss edirdim ki, Rio-2016-da da yaxşı çıxış etmək mümkündür. Bildiyiniz kimi, Olimpiya Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarında yürüşlər gərgin idman mübarizəsi şəraitində keçdi. Rəqiblərim çox güclü idilər. Bütün gücümü səfərbər edərək birnəfərlik kanoe qayığında 200 metr məsafədə gümüş medal qazandım. Olimpiya Oyunları kimi bir yarışda gümüş medal qazanmaq da yüksək nəticədir. Rio Olimpiadası Azərbaycan üçün avarçəkmə idman növündə də uğurlu oldu. Azərbaycanın avarçəkmə idmanı tarixində ilk dəfə Olimpiya medalını qazandıq. Hesab edirəm ki, qarşıda bizi daha böyük qələbələr gözləyir”.

"Ümid edirəm ki, Tokio-2020 olimpiadasında qızıl medal qazanacağam”

Mariya Stadnik (Rio Olimpiadasının gümüş mükafatçısı): "Final görüşüm, sanki mistika idi. Artıq ikinci dəfədir ki, final görüşündə yaponiyalı rəqibimlə qarşılaşır və son saniyələrdə uduzuram. Dünya çempionatında yaponiyalı idmançıya həlledici mərhələnin başa çatmasına 5 saniyə qalanda məğlub oldum. Rio Olimpiadasında eyni hadisə ilə yenidən rastlaşmağım məni şoka saldı. Bunanla belə, gümüş medala da razıyam. Çox gərgin hazırlıq prosesi keçmişdim. Uzun müddət uşaqlarımdan ayrı qalmalı olmuşdum. Gərgin məşqlərin sayəsində Rio-dan medalçı kimi qayıtdım. Mükafatlandırma mərasimindən sonra BOK-un prezidenti Tomas Bax mənə yaxınlaşdı və təsəlli verdi. Mənim 28 yaşım var. Ümid edirəm ki, Tokio-2020 olimpiadasında qızıl medal qazanacağam”.

"Gümüş medalı Azərbaycana həsr edirəm”

Lorenso Sotomayor (Rio Olimpiadasının gümüş mükafatçısı): "Olimpiada mənim üçün çox yaxşı keçdi. Mən Braziliyaya qızıl medal üçün getmişdim. Təəssüf ki, finalda məğlub oldum və gümüş medalla kifayətləndim. Mən bu medalı bütün Azərbaycana həsr edirəm. Finalda yaxşı döyüşürdüm. Özüm də bunu hiss edirdim. Ancaq bilmədim nəyə görə hakimlər qələbəni rəqibə verdilər. İdman yarışlarında hakim ədalətsizliyi ilə qarşılaşmaq insanı ruhdan salır”.

"Hakim haqsızlığı ilə üzləşdim”

Cəbrayıl Həsənov (Rio Olimpiadasının bürünc mükafatçısı): "Olimpiadada üçüncü yeri tutdum. Əlimdən gələni etdim, istərdim qızıl medal qazanım. Yarımfinalda 3:0 hesabı ilə irəlidə idim. Rəqib güclü idmançı idi. Həm də bir az hakim haqsızlığı ilə üzləşdim. Qismət bu imiş. Sevinirəm ki, ölkəmə medal gətirə bildim. Olimpiya oyunlarında çıxış etmək qürur vericidi. Medal qazanmaq isə hər idmançıya qismət olmur. Xalqımızı təbrik edirəm”.

"Olimpiya çempionu kimi Rio-ya yollanmaq böyük məsuliyyət idi”

Şərif Şərifov (Rio Olimpiadasının bürünc mükafatçısı): "Bu Olimpiadaya böyük əzmlə hazırlaşmışdıq. Olimpiya çempionu kimi Rio-ya yollanmaq böyük məsuliyyət idi. Hamı səndən yenidən medal gözləyir, rəqiblərin səni diqqətdə saxlayır. Hiss edirdim ki, rəqiblərim asan olmayacaq. Onlar da mənə qarşı yaxşı hazırlaşmışdılar. İlk iki görüşdə rəqiblərimi mübarizədən kənarlaşdıra bildim. Lakin bildiyiniz kimi, yarımfinalda rusiyalı dünya çempionuna məğlub oldum. Bu məğlubiyyətdən sonra çox məyus oldum. Ardıcıl ikinci dəfə Olimpiya çempionu olmaq imkanını əldən vermişdim. Lakin Rio Olimpiadasını əliboş tərk etmək olmazdı. Bürünc mükafat uğrunda yarışlarda Venesuela idmançısı ilə görüşdə qələbə qazandım. İkiqat Olimpiya çempionu ola bilməsəm də, ardıcıl iki Olimpiadada mükafatçılar sırasında yer aldım. Amma bu son deyil. Çalışacağam ki, Tokio Olimpiadasında yenidən bayrağımızı ucaldım”.

"Rio-da qazanılan bu nailiyyətləri uğurlu hesab etmək olar”

Firdovsi Umudov (Sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi): "Hər zaman güləşçilərimiz mötəbər yarışlarda bizi sevindiriblər. Komandamızın heyətində yüksək nəticə göstərən idmançılar yer alıblar. Amma rəqiblərimiz də zəif deyillər. Buna baxmayaraq, Rio Olimpiadasını idmançılarımız üçün uğurlu saymaq olar. Rio-da altı çəki dərəcəsində beş medal əldə etdik. Komanda hesabında birinci yerə layiq görüldük. Düzdür, bütün güləşçilərimiz qızıl medal qazanmaq şansı əldə etmişdilər. Lakin sonda qızıl medal qazanmaq komandamıza müəssər olmadı. Bununla belə, Rio-da qazanılan bu nailiyyətləri uğurlu hesab etmək olar”.

"Hər Olimpiadada çalışmışam ki, mükafatçılar sırasında yer alım”

Xetaq Qazyumov (Rio Olimpiadasının bürünc mükafatçısı): "Azərbaycan yığmasının heyətində üçüncü dəfə idi ki, Olimpiya Oyunlarında iştirak edirdim. Hər Olimpiadada çalışmışam ki, mükafatçılar sırasında yer alım. Buna qədər Pekin-2008 və London-2012 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmışdım. Sevinirəm ki, Rio Olimpiadasında da mükafatçılar sırasında yer ala bildim. Düzdür, bu qızıl medal da ola bilərdi. Lakin həlledici görüşdə son dünya çempionu olan ABŞ idmançısına məğlub olaraq gümüş medal qazandım. Bu bəlkə də mənim üçün sonuncu Olimpiya Oyunları idi. Mənim artıq 33 yaşım var. Çox istəyirdim ki, karyeramın sonuncu olimpiadasını qızıl medalla başa vurum. Lakin bu belə olmadı. Bununla belə gümüş medal mənim üçün yüksək nəticədir. Medal qazanan bütün idmançı-larımızı təbrik edir, onlara daha böyük nailiyyətlər arzulayıram”.

"Olimpiya Oyunlarının mükafatçısı kimi vətənə dönmək böyük şərəfdir”

Kamran Şahsuvarlı (Rio Olimpiadasının bürünc mükafatçısı): "Bu mənim üçün ilk Olimpiya Oyunları idi. Olimpiadada çıxışımı uğurlu sayıram. Yarış ərzində güclü rəqiblərlə üz-üzə gəldim. Çoxları mənim olimpiadada mükafat qazanacağımı gözləmirdi. Lakin güclü rəqiblərə qalib gələrək sübut etdim ki, mən də mükafat qazana bilərəm. Olimpiya Oyunlarının mükafatçısı kimi vətənə dönmək böyük şərəfdir. Bizi dəstəkləyən azarkeşlərə və gecə saatlarında bizi qarşılamağa gələn hər kəsə minnətdarlığımı bildirirəm”.

"Radik Olimpiya çempionu olmağa çox layiq idi”

Məmmədsaid Camaleddinov (Radik İsayevin şəxsi məşqçisi): "Radik Azərbaycan idmanı tarixində yeni bir səhifə açdı. Buna qədər Azərbaycanın Olimpiya Oyunları tarixində taekvondo idman növündə medalı olmamışdı. Radik qızıl medal qazanmaqla Azərbaycan idmanında adını çempionlar sırasına daxil etdi. Onun medal kolleksiyasında Avropa və dünya çempionatlarının qızıl medalı var idi. Rio Olimpiadasında da qızıl medal qazanmaqla medal kolleksiyasını daha da zənginləşdirdi. Radiki və Azərbaycan xalqını bu qələbə münasibəti ilə təbrik edirəm. Radik Olimpiya çempionu olmağa çox layiq idi. Çünki yetirməm bu mötəbər yarışa çox ciddi hazırlaşmışdı. Onu Rio-da fəxri kürsünün ən yüksək pilləsində görmək bir məşqçi kimi məni çox sevindirdi. Əziyyətimiz hədər getmədi”.

"Hakimin hər bir qərarı idmançının çıxışına böyük təsir edir”

Hicran Şərifov (Olimpiya dərəcəli hakim): "Azərbaycan Olimpiya yığması Rio-2016-da çox uğurla yarışdı. London Olimpiadasında komandamız 10 medal qazanmışdısa, Rio-da medallarımızın sayı ikiqat çox oldu. 18 medalın qazanılması Azərbaycan idmanı üçün böyük nailiyyətdir. Bu böyük qələbə münasibəti ilə ilk növbədə xalqımızı və bizim uğurlarımız həyəcanla izləyən idmansevərləri təbrik edirəm. Məhz ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğısı nəticəsində Azərbaycan idmançıları 18 medal qazanaraq, Rio-da 207 ölkə arasında 39-cu yeri tutdular. Avropanın və dünyanın bəzi inkişaf etmiş ölkələri bu baxımdan Azərbaycandan çox geri qalırdılar. Atletlərimiz uğurla çıxış edərək Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut etdilər. Mən Olimpiadada güləş yarşılarında hakim kimi çıxış etdim. Bunun özü də böyük məsuliyyətdir. Hakimin hər bir qərarı idmançının çıxışına böyük təsir edir. Hesab edirəm ki, mən üzərimə düşən işin öhdəsindən layiqincə gəldim”.

"Qızımın bu nailiyyət üçün hansı əziyyətlərdən keçdiyini yaxşı görürdüm”

Zöhrə Abakarova (Patimat Abakarovanın anası): "Patimatın Olimpiadada medal qazanacağına çox inanırdım. O, Avropa Oyunlarında bürünc medal qazanmaqla Rio Olimpiadasında da mükafatçılar sırasına düşməyə layiq olduğunu sübut etmişdi. Patimat Rio-da taekvondoçularımız arasında ilk Olimpiya medalı qazanan idmançı kimi də Azərbaycan idmanı tarixində bir ilkə nail oldu. Qızımın bu nailiyyət üçün hansı əziyyətlərdən keçdiyini yaxşı görürdüm. Allaha dua edirdim ki, onun əziyyətini yerdə qoymasın. Qızımı fəxri kürsüdə görəndə sevincimdən kövrəldim. Bir ana üçün bundan gözəl, qürurlu an ola bilməz”.





























Rahib Səmədov,
Fotolar: Azər Əlizadə

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir