Avqustun 5-21-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları tarixə qovuşdu. Azərbaycan Olimpiya yığması Rio-2016 Olimpiadasında 18 medal qazandı ki, bunun 9-u məhz güləşçilərimizin payına düşür.
Braziliyadan vətənə qayıdan güləşçilərimiz elə Heydər Əliyev Beynəlxalq Aeroportunda Olimpiya oyunlarında qazanılan qələbələri şəhidlərimizin ruhuna həsr etdiklərini qürur hisi ilə dilə gətirdilər.
Saypulla Absaidov,
Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi:
"Biz həmişə Olimpiya Oyunlarında yüksək səviyyədə çıxış etmişik. Ona görə komandamızdan daim yüksək nəticə gözləyirlər və məsuliyyətimiz də böyük olur. Bu da müəyyən mənada güləşçilərimizə psixoloji təsir edir. Ümumən yaxşı çıxış etdik, 6 idmançımızdan 5-i medal qazandı. Bu böyük nəticədir. Qızıl medalın niyə olmaması barədə fikirləşirik, güləşçilərimizin çıxışlarını təhlil edəcəyik. Səhvlərin aradan qaldırılması üzərində işləyəcəyik".
Firdovsi Umudov,
Sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi:
"Altı çəki dərəcəsində beş medal qazanaraq, komanda hesabında birinci yeri tutduq. Bütün güləşçilərimiz qızıl medal qazanmağa layiq idi. Bundan sonra da çalışacağıq ki, uğurlarımızı davam etdirək. Biz qələbələrimizi aprel döyüşlərində şəhid olmuş əsgərlərimizə və ümumiyyətlə bütün şəhidlərimizə həsr edirik. İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə hələ çox zəfərlərə nail olacağıq”.
Toğrul Əsgərov,
London-2012 Olimpiya Oyunlarının qızıl, Rio-2016 Olimpiya Oyunlarının gümüş medalçısı:
"Rioda qızıl medal qazanmaqla Azərbaycan idman tarixinə ikiqat Olimpiya çempionu kimi düşmək arzusunda idim. Amma iş elə gətirdi ki, gümüş medalla kifayətlənməli oldum. Zənnimcə, çox güclü rəqabətin olduğu yarışlarda hər bir medal qiymətlidir. Komandamızın qazandığı 18 medalda mənim də payım olduğu üçün çox sevinirəm. Final görüşü mənim üçün uğursuz oldu. Görüşün əvvəlində zədələndim. Bu zədə öz təsirini göstərdi və Rusiyadan olan güclü rəqibimə uduzdum. İndi var qüvvəmlə çalışacağam ki, London Olimpiadasındakı uğurumu Tokio-2020 Olimpiadasında təkrarlayım”.
Xetaq Qazyumov,
Pekin-2008, London-2012 Olimpiya Oyunlarının bürünc, Rio-2016 Olimpiya Oyunlarının gümüş mükafatçısı:
"Rio-2016-ya yalnız qızıl medal qazanmaq üçün getmişdim. Bundan əbbəlki hər iki olimpiadada bürünc medala sahib olmuşdum. Çempion ola bilmədiyimə görə çox məyusam. Ancaq nə etmək olar, bu idmandır. Finalda dönüş yaratmağa tam ciddi şəkildə hazır idim, ancaq yəqin ki, taktiki səhvə yol verdim. Rəqibin ayağımdan tutmasına imkan yaratdım. Bu, mübarizənin taleyini həll etdi. İdmanı tərk edib-etməyəcəyimə sonra qərar verəcəyəm. Bunun üçün hər şeyi götür-qoy etməliyəm. Bundan sonra yekun qərarımı açiqlayacağam”.
Şərif Şərifov,
London, 2012 Olimpiya Oyunlarının qızıl, Rio-2016-nın bürünc medalçısı:
"Rioya qızıl medal üçün getmişdim. Çox istəyirdim ki, yenə qızıl medal qazanım, ancaq alınmadı. Bürünc medalla kifayətləndim. Yarımfinal görüşündə ilk hissədə rəqibə 6 xal verdim, sonra görüşü toparlaya bilmədim. Çəkimi dəyişmək barədə düşünmürəm, 86 kq çəki dərəcəsində güləşmək mənim üçün daha rahatdır. Əvvəlcədən nəsə demək istəmirəm, indi bir az dincəlib sonra yenidən məşqlərə başlamaq fikrindəyəm".
Hacı Əliyev,
İkiqat dünya və Avropa çempionu, Rio-2016-nın bürünc medalçısı:
"Sevinirəm ki, bürünc medal qazandım. Ümumilikdə öz çıxışılarımdan razıyam, amma mən çəkimi çox atdığıma görə, yorğunluq axırda özünü göstərməyə başladı. Amma sonadək dözdüm və bürünc medal qazana bildim. Qarşıda bizim əsas məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarıdır. Bu yarışda da layiqincə çıxış edib Azərbaycan xalqını medalla sevindirmək istəyirəm".
Cəbrayıl Həsənov,
Avropa çempionu, Rio-2016 Olimpiya Oyunlarının bürünc medalçısı:
"Rio-2016-da 3-cü yeri tutdum. Bunu yüksək qiymətləndirirəm. Çünki Olimpiya Oyunları elə bir yarışdır ki, burada hər idmançı iştirak edə bilmir, nəticə qazana bilmir. Bilirəm ki, yarımfinal görüşüm azarkeşlər tərəfindən çox müzakirə olunub. Rusiyalı güləşçi çox güclü idi, bir az da hakim haqsızlığı oldu. Qismət bu imiş. Şükür Allaha ki, Vətənə medalla dönə bildim".
"Olimpnews.az”