Görkəmli şərqşünas alim, akademik Vasim Məmmədəliyev yazır: "İslam dini sağlam təfəkkürə, məntiqə əsaslanan bir dindir. İlk surəsi "oxu”, "qələm”, "öyrətmək” sözləri ilə başlayan Qurani-Kərim elmə böyük qiymət verir, elmi, biliyi, mərifəti insanın ən böyük üstünlüyü hesab edir”.
İslam dini, ilahiyyatçı alim və islamşünasların təsdiq etdikləri kimi, təkcə sayı hazırda təxminən 1,5 milyarda çatan müsəlmanların deyil, ümumbəşəri dindir. İslamın Allah kəlamı kimi müqəddəs olan səmavi kitabı Qurani-Kərim təqribən 23 illik bir müddətdə vəhylərlə Məhəmməd peyğəmbərə (s.ə.s.) nazil olmuşdur. İslamın tədricən tamamlanaraq kamil dinə çevrilməsi Maidə surəsinin 3-cü ayəsində belə göstərilir: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və s.) tamamladım və sizin üçün din olaraq islamı bəyəndim”.
İslam əxlaq və elm dinidir. İslamın hökm və müddəalarını ehtiva edən Qurani-Kərim insanlara səbr, xeyirxahlıq, şəfqət, alicənablıq, mərhəmət kimi ali hisslər aşılayır. Müqəddəs kitabımız insanın daxili aləmini dəyişdirməyi, mənəvi-əxlaqi cəhətdən yüksəltməyi, mədəniyyətini zənginləşdirməyi nəzərdə tutur. Onun vicdanlı, düzgün, həqiqətpərəst kimi keyfiyyətlərlə tərbiyə alıb təşəkkül tapmasına istiqamət verir. İslam mədəniyyəti, islam etikası irqindən, dərisinin rəngindən, millətindən, cinsindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir insanı düzgün yola yönəldir. İslam və Qurani-Kərim insanı məhz Allaha ibadət etməyə, ona heç bir şərik qoşmamağa, bütün işlərdə yalnız ona bel bağlamağa, ondan kömək və mərhəmət diləməyə, heç kəsin deyil, yalnız Allahın qarşısında kiçilməyə, yalnız Ona boyun əyməyə çağırır. Dinimiz və ilahi kitabımız eyni zamanda insanı daim uca tutur. Allahın onu ən gözəl biçimdə yaratdığını, cəmi məxluqatdan üstün tutduğunu, dağları, dənizləri və çayları, suda-quruda yaşayan bütün heyvanları onun ixtiyarına verdiyini bildirir. Bu barədə İslam peyğəmbərinin hədisləri də vardır. İctimai və şəxsi həyatımızda dinin, xüsusən müsəlman ölkəsi olan Azərbaycanda islam dininin yeri və mövqeyi böyükdür, genişdir. Bu il mayın 12-22-də Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.
İslam Həmrəyliyi Oyunları (İHO) dörd ildən bir İslam Həmrəyliyi İdman Federasiyası (İSSF) tərəfindən təşkil olunur. İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib.
Azərbaycan Prezidentinin 17 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Oyunların Təşkilat Komitəsi yaradılıb. Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri seçilib.
"Həmrəylik bizim gücümüzdür” devizi altında həyata keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkədən 4 minədək idmançının iştirakı gözlənilir. Yarışlar paytaxtdakı 16 idman qurğusunda keçiriləcək.
İslam Həmrəyliyi Oyunları beynəlxalq idman tədbiri olmaqla bərabər, həmçinin Azərbaycanın mədəni irsinin, turizm zənginliyinin dünyaya, ilk növbədə müsəlman aləminə daha geniş tanıdılması üçün mühüm imkanlar açacaq.
İslamiada simvolik başlanğıcını Xəzərdən götürdü
İslam mədəniyyətində mühüm yer tutan, ən həyati elementlərdən biri - su Qafqaz dağlarından başlayaraq Xəzər dənizinə qədər Azərbaycanın göz oxşayan mənzərələrində silinməz iz qoymuşdur.
IV İslam Həmrəyliyi Oyunları "Xəzərdən başlayan su səyahəti” proqramının marşrutunu elan edib. İslam aləmində həyat mənbəyi, şəffaflıq, təmizlik və birlik rəmzi olan su Xəzərdən başlayan səyahət turunun əsas mövzusudur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva demişdir: ""Xəzərdən başlayan səyahət” tədbirlərinin proqramı çərçivəsində Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının ruhu paytaxtdan ölkənin bütün guşələrinə yayılacaq.
Sizi ölkəmizin zəngin təbii xəzinəsi ilə tanış olmaq, oyunların hər kəsin ürəyində oyadacaq hissləri duymaq üçün Azərbaycan boyu bu səyahətə dəvət etməkdən məmnunam”.
Səyahət aprelin 5-də Bakıdan başlamışdır. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daş salnamə muzeyində Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının başlanğıc mərasiminə rəsmən start verdi. Daş salnamə muzeyində startı verilmiş marşrut 16 məkanı əhatə edəcək. Prezident İlham Əliyev su ilə doldurulmuş 40 santimetr hündürlüyündə olan kiçik su qablarını 16 uşağa təqdim etdi. Proqram çərçivəsində Azərbaycanın su bölgələrini təmsil edən 16 uşağın hər biri Bakı-2017 su səhəngi ilə Xəzər dənizindən su götürüb öz doğma şəhərlərinə, evlərinə apardı. Bununla da Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Xəzərin gözəlliyindən, sevgisindən və paklığından hər evə pay verəcək. Səyahət mayın 12-də Bakı Olimpiya Stadionunda açılış mərasimi ilə başa çatacaq. Həmin gün Azərbaycanın saf suları İslam aləminin 57 ölkəsini Oyunlarda salamlayacaq.
Otuz yeddi gün ərzində 3 min kilometrdən artıq məsafənin qət olunacağı səyahət turu Xəzər dənizindən başlayaraq, beş göl, bir su anbarı, üç çay, bir bulaq və üç şəlalə olmaqla, Azərbaycan ərazisində mövcud olan 15 su hövzəsini əhatə edəcək. Səyahət zamanı bu hövzələrdən toplanan su mayın 12-də Bakı-2017-nin açılış mərasiminin bir hissəsi olacaq. Hazırda bölgələrimizdə davam edən su mərasimi axşam su festivalı ilə müşayiət olunur. Xəzər dənizinin suyu ilə doldurulmuş Bakı-2017 səhənglərinin nümayişi zamanı hər bir vətəndaş Azərbaycan musiqisindən, rəqslərindən zövq alır. Su effektlərinin yaratdığı gözəlliyi, eyni zamanda atəşfəşanlığı izləmək imkanı qazanır. Başlanğıcını Xəzər dənizindən götürərək bütün Azərbaycanı əhatə edən su səyahəti ölkəmizin tarixini, mədəniyyətini, adət və ənənələrini nümayiş etdirmək baxımından əvəzsiz rol oynayır.
İslam dünyasının ən əhəmiyyətli idman hadisələrindən biri olan İslam Həmrəyliyi Oyunlarının Azərbaycana həvalə olunması ölkəmizə yüksək inamın, etibarın daha bir nümunəsidir. İnanırıq ki, ökəmiz bu Oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə idman tariximizin daha bir şanlı səhifəsini yazacaq. Azərbaycan artıq idman ölkəsi kimi dünyada öz sözünü demiş ölkələrdəndir.
Cavanşir Qurbanov,
professor