Patrik Braxner: ““Pxençxan-2018”də uğurlu nəticə üçün mübarizə aparacağam” – MÜSAHİBƏ

Patrik Braxner: ““Pxençxan-2018”də uğurlu nəticə üçün mübarizə aparacağam” – MÜSAHİBƏ


Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunları davam edir. Olimpnews.az saytının məlumatına görə, dünyanın 92 ölkəsindən 3 mindən çox idmançının iştirakı ilə keçirilən Olimpiadada təmsilçimiz olan dağ xizəkçisi Patrik Braxner yarışlara fevral ayının 22-də çıxacaq. Slalom yarışlarında öz qüvvəsini sınayacaq idmançımız hazırda Norveçin dağ xizəkçiləri ilə birlikdə gündəlik məşqlərdə iştirak edir. "Olimpiya kəndi”ndə məskunlaşan Patrik Braxner "Olimpiya dünyası" qəzetinə müsahibəsində yarışlara hazırlığı, çıxış edəcəyi idman növündəki şansları və ölkəmizlə bağlı fikirlərini bildirib.

- Yarışlara hazırlıqla bağlı məşq prosesi necə gedir?

- Bilirsiniz ki, mənim böyük slalom yarışında da iştirak etmək hüququm var idi. Bu idman növü həm texniki, həm də idmançının hazırlığı baxımından adi slalomdan fərqlənir. Burada zədə almaq riski də böyükdür. Qərara aldıq ki, mən daha çox slalom yarışlarına diqqətimi yönəldim. Hazırda məşqlərdə Norveç idmançıları ilə birlikdə iştirak edirəm. Bilirsiniz ki, qış idman növləri Norveçdə yüksək səviyyədə inkişaf edib və bu ölkənin komandası arasında dostlarım da var. Onlarla birlikdə məşq etmək mənim üçün çox xoşdur.

- Çıxış etdiyin slalom yarışlarında favorit idmançı kimi görürsən?

- Dağ xizəyi idman növünün inkişaf etdiyi ölkələrin - Avstriya, Norveç və İsveçin idmançıları arasında kifayət qədər təcrübəli, güclü idmançılar var və onları favorit hesab edirəm.

- Qələbə qazanmaq şansını necə dəyərləndirirsən?

- Hazırda havaların dəyişkən keçməsi, indi qar yağmaması yarış meydanında qarın keyfiyyətinə də təsir edir. Əgər yarış gününə qədər qar yağmasa, bu, təbii olaraq yarışın nəticələrinə öz təsirini göstərə bilər. Buna baxmayaraq, fevralın 22-də keçiriləcək slalom yarışlarında güclü rəqiblərim olsa da, "Pxençxan-2018”də daha uğurlu nəticə üçün bütün qüvvəmlə mübarizə aparacağam.

- Medal qazanarsansa, bu, sənin həyatını dəyişə bilərmi?

- Reallıqla barışsaq, medal qazanmaq şansım azdır. Ancaq böyük idmanda kifayət qədər gözlənilməz nəticələr olur. Nəzərinizə çatdırım ki, dağ xizəyi idmanının slalom növündə həm dünya kubokunda, həm də Olimpiadada medalları bu yarışlarında favorit sayılan əsasən yeddi idmançı qazanır. Medal qazanıb, qazanmamağımdan asılı olmayaraq, idman mənim həyatımdır.

- Soçi Olimpiadası ilə Pxençxan-2018 arasında hansı oxşar və fərqli cəhətlər var?

- Bu suala bilavasitə özümlə bağlı cavab vermək istəyirəm. Soçi Olimpiadasına hazırlığım daha yaxşı idi. O zaman Olimpiadadan əvvəl zədə almağım məni çox geri atdı. Hətta bu zədəyə görə təxminən iki il müalicə kursu aldım ki, fiziki vəziyyətimi bərpa edə bilim. ABŞ-da aldığım təhsilimlə bağlı da təlim-məşqlərdə müntəzəm iştirak etmirdim. Yəni, Soçi Olimpiadasına hazırlığım, indiki fiziki hazırlığımdan daha yaxşı idi.

- İki Qış Olimpiadasında Azərbaycanı təmsil etmisən. Səni ölkəmizə bağlayan daha çox hansı amillərdir?

- Çalışacağam ki, bu maraqlı suala səmimi cavab verim. Bəziləri elə bilir ki, mən ölkənizi məhz maddi tələbata görə təmsil etməyə razı olmuşam. Mən bunu əslində belə dəyərləndirməzdim. Gənc yaşlarımdan idmanla məşğul olmağa başlamışam. Peşəkar idmançı olmaq istəyimlə bərabər, eyni zamanda, mühəndislik üzrə təhsil də alırdım. Aldığım təhsilimlə bağlı mən bu idman növündə peşəkar səviyyədə çıxış edə bilmirdim. Bu səbəbdən klublar məni qəbul etməkdə çətinlik çəkirdilər. Baxmayaraq ki, öz yaşıdlarım arasında ən potensiallı idmançı sayılırdım. Bəxtim onda gətirdi ki, Azərbaycanı təmsil etmək imkanı yarandı və mən də bu təklifi böyük məmnuniyyətlə qəbul etdim. Ölkənizi təmsil etməyə başladığım ilk günlərdən çalışıram ki, mənə göstərilən etimadı layiqincə doğruldum. Bir neçə dəfə zədə almağıma baxmayaraq, yarışlarda Azərbaycanı sevgi ilə, ürəklə təmsil etməyə çalışmışam. İki Qış Olimpiadasında ölkənizi təmsil etdiyim üçün burada çoxlu dost qazanmışam. Mənə göstərilən səmimi münasibət və adət-ənənələriniz məni bu ölkəyə qəlbən bağlayır.

- Azərbaycanın idman sahəsindəki nailiyyətləri, atletlərimizin Olimpiya oyunlarındakı uğurları haqqında məlumatın varmı?

- Azərbaycanın idman nailiyyətlərini mümkün qədər izləməyə çalışıram. Xüsusilə, Yay Olimpiya Oyunlarında qazanılan nailiyyətlər barədə məlumatım var. Rio-2016-da atletlərinizin 18 medal qazanması çox böyük nailiyyətdir. Taekvondoda Radik İsayevin qızıl medal qazanması, boks, cüdo və güləş idman növündə qazanılan medallar Azərbaycanı dünya dövlətləri arasında ön sıraya çıxarır və böyük dövlətlərlə müqayisədə bu çox əlamətdar bir hadisədir. Bilirəm ki, ölkənizdə qış idman növlərinin inkişafı üçün baza yaradılıb. Bu bazadan istifadə etməklə növbəti Olimpiadada yerli idmançıların iştirakını təmin etmək mümkündür. Bu sahədə mən də kömək etməyə hazıram. İnanıram ki, müəyyən müddətdən sonra bu ölkənin yerli idmançıları Qış Olimpiadasında da uğurlu nəticələr qazanacaqlar.