Xəzər İsayev: «Həyatda ədalət prinsiplərini üstün tutaraq yaşamağa çalışmışam»

Xəzər İsayev: «Həyatda ədalət prinsiplərini üstün tutaraq yaşamağa çalışmışam»



Xəzər İsayev çox səmimi insandır. Səmimi insanlarla ünsiyyət qurmaq, söhbət etmək özü də adamda xoş təəssürat yaradır. Xoş aurası var. Onunla söhbət etməkdən doymursan. Bu da onun daxili zənginliyindən, mənəvi saflığından irəli gəlir. Ailəsinə çox bağlıdır Xəzər müəllim. Həyatda erkən itirdiyi doğmaları üçün çox təəssüflənir. Amma bunu da taleyin bir qisməti hesab edir. İdmanda, eləcə də şəxsi həyatında əldə etdiyi uğurlara görə atasına minnətdardır. Atasından örnək alan Xəzər müəllim işində çox nizam-intizamlı, tələbkar və həm də qayğıkeşdir. Oğluna qardaşı Müşfiqin adını qoyub, 20 Yanvar şəhidi Müşfiq İsayevin. İstəyir ki, oğlu da qardaşı kimi vətənpərvər olsun, vətənini, xalqını ürəkdən sevsin. Sərbəst güləş üzrə dünya və ikiqat Avropa çempionu, SSRİ və Azərbaycanın əməkdar idman ustası, Milli Olimpiya Komitəsinin vitseprezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri, Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin direktoru, gömrük xidməti polkovniki Xəzər İsayevin bu il 50 yaşı tamam olub. 50 yaş təkcə bir əsrin yarısı deyil, bu həm də bir çoxları üçün mənalı ömrün illəridir... Bizim müsahibimiz bu ömrü kəşməkəşli, həm də şərəfli yaşayıb. Xəzər müəllim keçdiyi ömür yolundan razıdır. Düzdür, bu ömür yolunda ağrılı-acılı günlər çox olub. Amma yaşanan xoş günlər bu ağrını-acını sanki unutdurub.




30 yaşım olanda idmandan uzaqlaşmalı oldum

- Xəzər müəllim, Azərbaycanın idman aləmində Sizi yaxşı tanıyırlar. Amma oxucularımıza özünüz barədə bir qədər məlumat verməyinizi xahiş edərdik.

- 1963-cü il fevralın 1-də Ağdaş rayonunda anadan olmuşam. 12 yaşıma qədər burada oxumuşam. Sonra təhsilimi Bakıda İdman Təmayüllü İnternat Məktəbində davam etdirmişəm. 1980-1984-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu qurtarmışam. Hərbi xidmətimi Moskvada Ordu İdman Klubunda yerinə yetirmişəm. 1987-ci ildə
Dünya kubokunun sahibi olmuşam. O vaxtlar iştirak etdiyim Xoş Məramlı oyunlarda ikinci yerə çıxmışam. 30 yaşım olanda idmandan uzaqlaşmalı oldum. Bir müddət Xətai və Nizami rayonları üzrə Bakı Şəhər Baş Polis İdarəsində pasport qeydiyyatı şöbəsi üzrə kurator işlədim. Sonra Sabunçu
rayon polis bölməsinin rəisi vəzifəsində çalışdım. Nəsimi rayonu 21-ci polis bölməsinin əməliyyat müvəkkili də işləmişəm. 1992-ci illdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. İkinci ali təhsil almaq çoxdankı arzum idi.

- Uşaqlıq illərinizi necə xatırlayırsınız?

- Ailədə yeddi uşaq olmuşuq - beş qardaş, iki bacı. Valideynlərimin ikisi də pedaqoqdurlar. Anam uşaq bağçasında əvvəlcə tərbiyəçi müəllim, sonra müdir vəzifəsində işləyib. Atam Bədən Tərbiyəsi və İdman İnstitutunu qurtarıb, müxtəlif tərbiyə-təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərib. O, Ağdaş rayonundakı uşaq-gənclər idman məktəbinin direktoru işləyirdi. Qardaşım Natiq 2 yaşında rəhmətə getdi. Təəssüflər olsun ki, biz 1990-ci ildə 20 yanvar hadisələri zamanı kiçik qardaşım Müşfiqi də itirdik. Müşfiq İsayev 1990-ci ildə qanlı 20 Yanvarda şəhid oldu. Böyük qardaşım Zaur isə 52 yaşında vəfat etdi. Əzizlərimizin itkisi mənə çox pis təsir etdi. Hazırda iki qardaş, iki bacı qalmışıq. Bacılarımın hərəsinin iki uşağı var - böyük bacımın iki oğlu, kiçik bacımın bir oğlu, bir qızı. Böyük qardaşım Sadiqin dörd uşağı var. Qardaşım oğlu Natiq idman institutunda oxuyur, güləşlə məşğul olur. Uşaqlıq illərimi şirin xatirə kimi xatırlayıram. Ailədə çox mehriban olmuşuq. Biri-birimizə can deyib, can eşitmişik. Nəyimiz var, yarı bölmüşük. Atam çox ciddi adam idi və bizim tərbiyəmizə ciddi nəzarət edirdi. Onun səsi gələndə hamımız bir nəfər kimi hazır vəziyyətdə dayanır və atamın verəcəyi tapşırığı gözləyirdik. Ailədə xətir-hörmət var idi, atamın bir sözü iki deyildi. Biz biri-birimizin paltarını, paltosunu geyinirdik. Atam müəllim işləyirdi. Müəllimin maaşı nə idi ki. Ailə böyük idi və onu dolandırmaq lazım idi. Bunun üçün atam həyətdə istixana düzəltmişdi və biz burada pomidor, xiyar yetişdirib satırdıq. Yəni atam bizə öz əlimizin zəhməti ilə dolanmağı öyrətmişdi. Təsəvvür edin ki, böyük qardaşım Zaurun paltosunu anam indi də saxlayır. Bu palto Zaurun 5 yaşından qalıb və biz dörd qardaş hamımız bu paltonu geyinmişik.

Atam çox savadlı və yüksək dünyagörüşünə malik bir insan idi. O, kiçik yaşlarımızdan bizə məşhur ədiblərimizdən - Nizamidən, Füzulidən, Sabirdən danışardı. Maraqlı əhvalatlar nəql edərdi. Bu da istər-istəməz bizim dünyagörüşümüzün formalaşmasında böyük rol oynayırdı. Biz hamımız orta məktəbdə 5-6-cı sinfə qədər əla oxumuşuq. Sonra idmanla məşğul olduğumuza görə dərsə davamiyyətdə müəyyən geriləmələr oldu. Belə deyirlər: "Niyyətin hara, mənzilin ora”. İdmana olan marağım məni Ağdaşdan Bakıya - Respublika İdman Təmayüllü İdman Məktəbinə gətirdi. Bura gələndə mənim yalnız rus dilindən dördum var idi. Digər fənlərdən isə bütün qiymətlərim "beş” idi.




"4-cü sinifdə oxuyanda ayağımı yerə dirədim ki, Bakıya gedirəm”

- Necə oldu ki, idmana gəldiniz?

- Mənim atam idmanı çox sevirdi. İdman institutunu qurtarmışdı və güləşlə məşğul olurdu. Onun hətta ləqəbi də var idi - "Şalvarcıran Ağəli”. Bu ləqəbi ona pəncəsi quvvətli olduğuna görə vermişdilər. Milli güləş idman növündə böyük təcrübəsi var idi. O, Rəşid Məmmədbəyovla döşək
üzərində güləşib. Bilirsiniz ki, Rəşid Məmmədbəyov Helsinki-1952 Olimpiya Oyunlarının mükafatçısı olub. Atam güləşi çox sevirdi. Bu idman
növündə əldə edə bilmədiklərini övladlarında görmək istəyirdi. Atamın güləşə olan böyük məhəbbətinin nəticəsi idi ki, ailədə oğlanlardan
dördu də güləşə böyük maraq göstərib. Böyük qardaşım Zaur Rusiyanın Vladimir şəhərində yaşayırdı. Müşfiq səkkizinci sinfi qurtaran kimi
atam onu da qardaşımın yanına göndərdi ki, həm təhsilini davam etdirsin, həm də əməlli-başlı idmanla məşğul olsun. Atam həmişə bizə deyirdi ki, hansınız istəyirsiniz, göndərim Bakıya oxumağa. Qardaşlarımdan
heç biri bunu istəmədi, bilmirəm qorxdular, yoxsa evdən uzaqlaşmaq istəmədilər. Mən 4-cü sinifdə oxuyanda ayağımı yerə dirədim ki, Bakıya
gedirəm, istəyirəm ki, güləş vərdişlərimi daha yaxşı inkişaf etdirim. Atam məni dəstəkləsə də, bir qədər tərəddüd etdi. O, azyaşlı uşağın uzaq şəhərdə
atanın-ananın gözündən aralı necə qalacağını fikirləşir, çətinlik əkəcəyimdən qorxurdu. Lakin mən dediyimdən dönmədim.



Beş ildən sonra ailə qurduq

- Uşaqlıqdan yadınızda qalan bir hadisə olubmu?

- Ağdaşda yarış keçirilirdi. Məni də dəvət etmişdilər. Evdə bir dənə güləş trikosu var idi, onu da qardaşım Sadiq geyinmişdi. Anam tez-tələsik kombinizondan mənə bir güləş trikosu tikdi. Final görüşündə mən qardaşıma qalib gəldim. Sadiq bununla barışmaq istəmir, məni hər cəhdlə
vurmağa çalışırdı. O, böyük qardaş kimi hirslənir, uduzmağı qəbul edə bilmirdi. Mən döşəkdə fırlanırdım, o isə mənim dalımca qaçırdı. Sadiq
hirsindən ağlayırdı. Atam idman məktəbinin direktoru idi və zalda oturub bu mənzərəni seyr edirdi. O, bizə yaxınlaşdı. Sadiqin və mənim qolumdan tutaraq oradakı camaata üz tutdu: "Bu iki qardaş yaxşı güləşib, icazə verin, onların ikisinə də birinci yer verək”.

- Neçə yaşında ailə həyatı qurmusunuz?

- 1989-cu ildə ailə həyatı qurmuşam. 26 yaşım var idi. Xoşladığım qız bacımın rəfiqəsi idi. Bir dəfə şəkillərə baxırdıq. Bacım məktəb şəkillərini göstərirdi. Şəkildəki qızlardan biri mənim diqqətimi cəlb elədi. Bacımdan soruşdum ki, bu qız kimdir? O da elə bil məni gözləyirdi, başladı həmin qızı tərifləməyə. Bəs belə yaxşı ailədəndir, belə yaxşı qızdır. Dedim, ay qız, elə-belə soruşuram. Sonra anam, bacılarım mənim üçün nişan hazırlığı görməyə başladılar. Anam da dedi ki, artıq vaxtdır, ailə qurmalısan. Bizim dövrümüzdə belə idi. Ata-ana bəyənirdi, qızın ya oğlanın ağzı nə idi ki, artıq söz desin. O vaxt biz nişanlandıq və nişanlım məni beş il gözləməli oldu. Çünki o vaxt Bakıda evim, yaxşı işim yox idi. Toy eləmək artıq xərc tələb edirdi. Beş ildən sonra ailə qurduq. İndi iki övladım var - Zərifə və Müşfiq. Oğluma qardaşımın adını qoymuşam. Övladlarımın ikisi də ali təhsil alır. Müşfiqin güləşə böyük marağı var.



O vaxta kimi rəhmətlik qardaşım Natiqin adını daşımışam

- Xəzər müəllim, adınızı kim qoyub?

- Mənim adımın qəribə tarixçəsi var. 1960-cı illərdə Xəzər dənizində yeni şəhər salınırdı - Qara daşlar. Xəzər dənizi çox təlatümlü idi. Televizorda şəhərin tikintisinə mane olan təlatümdən, dalğadan tez-tez bəhs olunurmuş. Mən də uşaqlıqda çox dəcəl olmuşam. Bir yerdə sakit durmurdum. Qaynar, çılğın təbiətli olduğuma görə atam anama deyib ki, gəl, elə bunun adını Xəzər qoyaq. Elə bu da Xəzər kimi təlatümlü, çılğındır. O vaxta kimi rəhmətlik qardaşım Natiqin adını daşımışam.

- Ömür yolunuzdan, taleyinizdən razısınızmı?

- Mənə verdiyi ruziyə və qazandığım ad-sana görə Allahıma çox minnətdaram. Amma bəzi məqamlarda çox narahatlıqlar olub. Qardaşlarımı erkən itirməyim, ailədən uzaq, tək yaşamağım, atamı erkən itirməyim, bütün bunlar taleyimdə müəyyən izlər buraxıb. İnsanın həyatında acı və xoş günlər olur. Mənim həyatımda acı, kədərli
günlərin sayı xoş günlərdən çox olub. Neyləmək olar, bu da taledir.

- Həyatda sizi ən çox məyus edən nədir?

- Bayaq dediyim kimi, məni ən çox məyus edən doğmalarımın həyatdan getməsidir. Atam 48 yaşında rəhmətə gedib. Təəssüflənirəm ki, gərək bir az çox yaşayaydı. Ondan daha çox öyrənəydim, mənə məsləhətlər verəydi.
Bilirsiniz, hansı yaşda olmasından asılı olmayaraq, insan həmişə böyük sözünə, ata sözünə ehtiyac duyur. Bir də ona təəssüflənirəm ki, Müşfiq Vladimir şəhərindən yenicə qayıtmışdı. 21 yaşı var idi. İstəyirdi ki, evlənsin. Mən çox çalışdım ki, ona, bir otaqlı da olsa, ev alım, alınmadı. Bax, buna çox təəssüflənirəm. Ümummilli lider Heydər Əliyevin həyatdan
getməsinə, çox təəssüflənirəm. Düşünürəm ki, gərək çox yaşayaydı, bizimlə çox qalaydı. Etiraf edək ki, bu gün ölkəmizdə görülən işlər hamısı bu müdrik insanın ideyasıdır, onun qoyduğu dəst-xəttdir. Amma onunla təskinlik tapıram ki, O vaxta kimi rəhmətlik qardaşım Natiqin adını daşımışam bu müdrik insanın yolunu davam etdirən övladı var. Ölkə başçısı İlham Əliyev ulu öndərin işlərini layiqincə davam etdirir. Sonra Zaurun 52 yaşında vəfatı, yenə də qardaş itkisi. Bütün bunlar məni çox ağrıdır.

- Ətrafınızdakılar Sizi səmimi insan kimi tanıyır.

- Səmimi insanam. İnsan nə qədər səmimi olsa, onun üçün bu dünyada yaşamaq asandır.



Valideynlərim yazdığım şeirin təsirindən sonra həmin qıza elçi getməyə razılıq verdilər


- Heç şeir yazmısınız?

- (Gülür). Gənclikdə yazmışam, nişanlıma. Xarici ölkədə yarışda idım. Çoxdandır ki, nə zəngləşə, nə görüşə bilirdik. Toyumuza az qalmışdı. Oturdum bir şer yazdım. Özüm də məəttəl qaldım ki, bu necə alındı. Digər bir şeiri isə qardaşımla onun həyat yoldaşına həsr etmişəm. Zaur həyat yoldaşı ilə eyni ildə anadan olub və onlar eyni məktəbə gediblər. O vaxt qardaşım həmin qızla evlənmək istəyirdi. Amma atam və anam Zaura bibim qızını almaq istəyirdilər. Valideynlərim yazdığım şeirin təsirindən sonra həmin qıza elçi getməyə razılıq verdilər.

- Xəzər müəllim, yeri gəlmişkən, bu il 50 illik yubileyinizi qeyd etdiniz. Necə düşünürsünüz, geridə qoyduğunuz illər ərzində istəklərinizə nail ola bilmisinizmi?

- Bu gün Azərbaycanda idmana dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafı göz qabağındadır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımız cənab İlham Əliyev nəinki hazırda nəticə verən idmançılara, ümumiyyətlə idman mütəxəssislərinə, SSRİ dövründə də Azərbaycanın adını ucaltmış, bayrağını qaldırmış hər bir şəxsə yüksək qiymət verir. Ölkə başçısı idmançıları evlə, işlə təmin edir, onlara müxtəlif ali mükafatlar verir. Bu diqqət və qayğının nəticəsidir ki, biz o dövrdə nəticələr əldə etdiyimizi unudur, elə bilirik ki, biz də müstəqillik dövründə nailiyyətlər qazanmışıq. SSRİ dövründə qazanılan nailiyyətlər müstəqillik
dövründə qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev mənim 50 illik yubileyim münasibətilə «Vətənə xidmətə görə» üçüncü dərəcəli orden ilə təltif etdi. Bu, mənim üçün ən böyük hədiyyədir. Fürsətdən istifadə edib mənə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.


Çox istərdim ki, Xəzər İsayevin güləş məktəbini yaradım


- Sizcə, 50 yaş insan ömrü üçün nə deməkdir?

- Qeyd edim ki, 50 yaş insan ömrü üçün həm Valideynlərim yazdığım şeirin təsirindən sonra həmin qıza elçi getməyə razılıq verdilər çox istərdim ki, Xəzər İsayevin güləş məktəbini yaradım az, həm də çoxdur. 50 il əsrin yarısı deməkdir. Keçmişə boylananda insanlarla münasibətlərinə nəzər salırsan. Kiməsə əl tutmaq, kiminsə işinə yaramaq, səmimi münasibət bəsləmək, xoş həyat tərzi sürmək baxımından əlli yaşı az ömür deyil. Amma insan həyatda nail ola bilmədiklərinə baxanda onları qazanmaq arzusu ilə yaşayır və yaşanan ömrü az hesab edir. Ümumiyyətlə, məncə, əlli yaş hər bir insana özünü təsdiq eləmə, sayılıb seçilən insan olma baxımından kifayətdir. 50 yaşdan yuxarı artıq insanın ahıl yaşıdır. Bu gün adi bir vətəndaş, dövlət işçisi kimi mənim əsas arzum torpağımızın düşmən
tapdağı altından xilas olmasını görməkdir. Çox istəyirəm ki, dövlətimiz həmişə müstəqil olsun, xalqımız isə firavan yaşasın. Şəxsi həyatımla bağlı arzulara gəlincə, çox istərdim ki, Xəzər İsayevin güləş məktəbini yaradım. Bu, mənim ən böyük arzularımdan biridir. Bu sahədə böyük təcrübəm var. İdmanda qazandığım uğurlar, ad-san mənə imkan verir ki, bu sahədə yüksək peşəkarlığa malik idmançılar yetişdirim, öz biliklərimi gənc nəsil ilə bölüşüm. Belə bir məktəb yaranarsa, ömrümün qalan hissəsini peşəkar idmançıların yetişdirilməsinə həsr edərəm. Mən həyatımda hər zaman ədalət prinsiplərini üstün tutaraq yaşamağa alışmışam. Nə qədər ağrılı, çətin mürəkkəb həyat yaşamağıma baxmayaraq, həyatımdan razıyam. Gəncliyimi idmana qurban vermişəm.
Buna peşman deyiləm. Mən gənc olmamışam. 16-17 yaşımdan ahıl bir insan ömrü keçirmişəm. Gənclik illərində dostlarımla vaxt keçirməyə vaxtım olmayıb. Boş vaxtımı peşəkar idmana yönəltmişəm. Bütün bunların
bəhrəsi əldə etdiyim nailiyyətlər olub. Bir sözlə, həyatımı əbəs yerə yaşamamışam. Bütün bu uğurlar bu gün mənim həyatımda öz xoş izlərini buraxıb.

- Xəzər müəllim, maraqlı müsahibə üçün təşəkkür edirik.

- Siz də sağ olun.