Azərbaycan respublikası Milli Olimpiya Komitəsinin (MOK) VI hesabat-seçki Baş Məclisi keçirilmişdir. VI Baş Məclisdə Milli Olimpiya Komitəsinin fərdi üzvləri ilə yanaşı, Olimpiya və qeyri-Olimpiya idman növləri federasiyaları, idman təşkilatları və dövlət strukturlarını təmsil edən şəxslər iştirak etmişlər.
Baş Məclisi açıq elan edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Milli Olimpiya Komitəsinin 2009-2012-ci illərdəki fəaliyyəti” haqqında məruzə ilə çıxış etmişdir. O, iqtisadi inkişaf sürətinə görə regionun lider dövlətinə, nüfuzlu söz sahibinə çevrilən Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını bildirmişdir: "Son illər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı, Bakının, eləcə də digər şəhər və rayonlarımızın çoxsaylı beynəlxalq turnirlərə ev sahibliyi etməsi, yeniyetmə və gənclərimizin qazandıqları saysız-hesabsız medallar bunun bariz nümunəsidir. Bütün uğurları beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilən Azərbaycan dövləti bu nüfuza sahib çıxmaq üçün qısa bir zaman kəsiyində sürətli və şərəfli inkişaf yolu keçmişdir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti seçilən İlham Əliyev az vaxt ərzində yüksək təşkilatçılıq istedadına malik oldu- ğunu göstərmişdir. Onun yorulmaz və gərgin əməyi sayəsində qısa müddətdə Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrəti qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir. İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə Bakıda deyil, eyni zamanda, regionlarda da Olimpiya idman-sağlamlıq komplekslərinin istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir”, - deyə Çingiz Hüseynzadə bildirmişdir. Çingiz Hüseynzadə qeyd etmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin göstəriş və tövsiyələrini rəhbər tutan MOK işini Olimpiya Xartiyası və Nizamnaməsinin tələbləri əsasında qurub, fəaliyyətini ölkəmizdə Olimpiya Hərəkatının və idmanın inkişafına yönəl-
dib: "Bu gün Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən biri kimi tanınmasında MOK-un məqsədyönlü fəaliyyətinin özünəməxsus yeri vardır. Dördillik hesabat dövründə MOK-un gördüyü işlər miqyasına görə çox əhatəli olmuş, əldə edilmiş uğur və nailiyyətlər isə ötən dövrlə müqayisədə həm keyfiyyətinə, həm də kəmiyyətinə görə qat-qat yüksək səviyyəyə qalxmışdır. Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrindəki tərəqqisinin əsasında ölkə başçısının uzaqgörən siyasəti durduğu kimi, Olimpiya Hərəkatı və idmandakı uğurlarımız da İlham Əliyevin adı ilə bağlıdır, onun idmana diqqət və qayğısının nəticəsidir. Hesabat dövründə ölkəmizin Olimpiya və idman həyatında bir sıra olduqca əlamətdar tarixi hadisələr baş vermişdir. Azərbaycan Londonda keçirilmiş Olimpiya oyunlarında qazanılmış 10 - 2 qızıl, 2 gümüş, 6 bürünc medalla ümumi hesabda medalların növünə görə 30-cu, sayına görə isə 24-cü yeri tutmuşdur. Bu, Avropa ölkələri arasında 15-ci, İslam dövlətləri arasında 3-cü, türkdilli ölkələr arasında 2-ci, keçmiş SSRİ respublikaları arasında 5-ci nəticədir. Hesabat dövründə, 2010-cu ildə Sinqapurda yeniyetmələrin I Yay Olimpiya Oyunları keçirilmiş və bu yarışda da ölkəmiz böyük uğur əldə etmişdir. Mötəbər yarışda 12 idmançımız 5 qızıl, 3 gümüş medalla dünya miqyasında 11-ci, Avropa ölkələri arasında isə 6-cı yeri tutmuşdur. Bu da yeniyetmələr arasında idmanımızın inkişafını, güclü idman potensialının yaranmasını təsdiq edən faktdır. Ötən il ölkəmizdə futbol üzrə 17 yaşınadək qızlar arasında keçirilmiş dünya çempionatı da yüksək səviyyədə təşkil olunmuşdur”. Çingiz Hüseynzadə ötən ilin dekabrında Avropa Olimpiya Komitəsinin İtaliyadakı Baş Assambleyasında qitə idman tarixində əsası qoyulan və 2015-ci ildə ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarının Bakıda təşkil edilməsi ilə bağlı böyük səs çoxluğu ilə qərar qəbul olunmasından da danışmışdır. Qeyd olunmuşdur ki, bu qərardan sonra ölkəmizin başçısı Azərbaycan xalqını təbrik edib, Azərbaycan Prezidentinin Sərəncamı ilə birinci Avropa Oyunlarının Təşkilat Komitəsi yaradılmışdır. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün çoxşaxəli fəaliyyətə başlayıb. Bakının 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə namizədliyinin irəli sürüldüyünü deyən Çingiz Hüseynzadə ötən il İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin Ciddədə keçirilmiş məclisində paytaxtımızın namizədliyi ilə bağlı təqdimatın keçirildiyini bildirmişdir. Çingiz Hüseynzadə qeyd etmişdir ki, bu il Sifariş kitabının hazırlanması ilə bağlı görülmüş işlər, Azərbaycanın beynəlxalq arenadakı, xüsusən də İslam dövlətləri arasındakı nüfu-u, beynəlxalq tədbirləri, mötəbər yarışları keçirməkdə qazanılmış imic Bakının İslam Oyunlarına da ev sahibliyi edəcəyinə əminliyimizi artırır. MOK-un 20 illik yubileyinin 2012-ci ildə dövlət səviyyəsində qeyd olunduğunu bildirən Çingiz Hüseynzadə bu tədbirdə beynəlxalq idman qurumlarının və bir çox ölkələrin Olimpiya komitələri rəhbərlərinin iştirak etdiyini diqqətə çatdırmışdır. "Yubiley mərasimində iştirak etmiş beynəlxalq idman qurumları rəhbərlərinin çıxışlarında, onların müsahibələrində Azərbaycanda Olimpiya Hərəkatı və idman sahəsində qazanılmış uğurları dönə-dönə qeyd olunmuş, bizim təcrübəmizin bir örnək olduğu bildirilmişdir. Azərbaycanın beynəlxalq idman əlaqələri çox genişdir, bütün beynəlxalq idman qurumları ilə sıx əməkdaşlıq şəraitində işləyirik. Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, milli idman federasiyalarımızın hesabat dövründə bu istiqamətdə fəaliyyəti yüksək səviyyədə qurulmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda təşkil olunan beynəlxalq idman tədbirlərinin sayı ilbəil artır. MOK-un beynəlxalq əlaqələri sistemində başqa ölkələrin Olimpiya komitələri ilə əməkdaşlıq haqqında müqavilələrin bağlanması xüsusi yer tutur. Hesabat dövründə Litva, Polşa, Rumıniya, Belarus milli Olimpiya komitələri ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanmışdır. Hesabat dövründə MOK MDB, Baltikyanı və bir sıra başqa ölkələrin Olimpiya komitələri rəhbərlərinin birgə forumu, Avropa Ədalətli Oyunlar Hərəkatının XV konqresi, Avropa İdman Jurnalistləri Assosiasiyası İcraiyyə Komitəsinin iclası və bir sıra digər mötəbər beynəlxalq tədbirlərin Bakıda təşkilatçısı olmuşdur. Ölkəmizdə tədbirini keçirmiş Avropa İdman Jurnalistləri Assosiasiyası 2014-cü ildəki Baş Assambleyasının Bakıda təşkil olunması ilə bağlı bizə müraciət etmişdir. Bu gün tam qətiyyətlə demək olar ki, MOK-un beynəlxalq əlaqələri lazımi səviyyədədir və bu əlaqələr yüksələn xətt üzrə inkişaf etməkdədir”.
MOK-un fəaliyyətinin əsas göstəricisinin Olimpiya oyunları olduğunu bildirən Çingiz Hüseynzadə qeyd etmişdir ki, hesabat dövründə MOK əsas məqsədini - ölkəmizin Olimpiya oyunlarında təmsil olunmasını təmin etmişdir. Belə ki, Azərbaycanın Vankuver Qış Olimpiya Oyunlarında, Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında və London Yay Olimpiya Oyunlarında təmsil olunması yüksək səviyyədə təmin edilib. London Olimpiadasında ölkəmizin 53 idmançı ilə təmsil olunduğunu bildirən Çingiz Hüseynzadə bildirmişdir ki, Olimpiya oyunlarında böyük komanda ilə iştirak etmək dünyanın aparıcı idman dövlətləri ilə bir sırada olmaq deməkdir: "Qısa müddətdə belə bir nailiyyət qazanmaq çox az ölkəyə nəsib olmuşdur. London Olimpiadasında ölkəmiz idman gimnastikası, akademik avarçəkmə və kanoe, velosiped idmanı növlərində ilk dəfə təmsil olunmuşdur. Sevindirici haldır ki, Olimpiya komandamızda gəncləşmə gedir. Azərbaycanın Olimpiya oyunlarında əldə etdiyi nəticələr elə bir səviyyəyə qalxmışdır ki, bu səviyyəni qoruyub saxlamaq və bir qədər də irəli getmək gələcəkdə əsas məqsədimiz olmalıdır”, - deyə Çingiz Hüseynzadə vurğulamışdır. Çingiz Hüseynzadə bildirmişdir ki, idmançılarımızın ustalığının artmasında, idman nəticələrimizin ildən-ilə yaxşılaşmasında Azərbaycanda təşkil olunan beynəlxalq yarışların əhəmiyyəti böyükdür. Qeyd olunmuşdur ki, hesabat dövründə respublikamızda 300-dən çox müxtəlif səviyyəli beynəlxalq yarış keçirilib. Onlardan London Oyunlarına lisenziya vermiş boks üzrə dünya çempionatını və futbol üzrə 17 yaşınadək qızlar arasında dünya çempionatını xüsusi qeyd etmək olar. Çıxışda məlumat verildi ki, 2009-2012-ci illərdə Azərbaycanda idmanın maddi-texniki bazasının yaradılması sahəsində də nəhəng işlər görülmüşdür. Ölkənin müxtəlif regionlarında Olimpiya idman kompleksləri, idman zalları, stadionlar istifadəyə verilmişdir. İndi idmançıların ixtiyarına 35 Olimpiya İdman Kompleksinin verildiyini deyən Çingiz Hüseynzadə hesabat dövründə Bakıda Gimnastika Mərkəzinin, Olimpiya stadionunun, boks mərkəzinin təməlinin qoyulduğunu, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Su İdman Mərkəzinin tikintisi ilə bağlı sərəncam imzalandığını vurğulamışdır. Diqqətə çatdırıldı ki, bu yeni idman obyektləri 2015-ci ildə ölkəmizdə təşkil olanacaq birinci Avropa Oyunlarının yarışlarında əsas mübarizə meydanına çevriləcəkdir.
Məruzədə qeyd olunmuşdur ki, MOK hesabat dövründə Olimpiya növlərində hər il, əvvəlki ildə dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda mükafata layiq yerləri tutmuş idmançılara, eləcə də onların məşqçilərinə üç kateqoriya üzrə təqaüd nəzərdə tutub və bu təqaüdlər ödənilib. Bundan başqa, idman veteranlarına, idman akademiyasının tələbələrinə MOK öz təqaüdlərini verib, eyni zamanda, London Olimpiadasına lisenziya qazanmış idmançılar və onların məşqçiləri də MOK-un xüsusi lisenziya təqaüdlərini alıblar. Çingiz Hüseynzadə bildirmişdir ki, MOK idmançılar, məşqçilər və idman mütəxəssislərinin sosial vəziyyətini yaxşılaşdırmaqla bağlı hər il müxtəlif işlər görür: "Ölkəmizin başçısı hər il idmançılarımızla bir neçə görüş keçirir. Bu görüşlərdə idmançılara, məşqçilərə və idman mütəxəssislərinə mənzil orderləri, müxtəlif mükafatlar verilir. Yüksək idman nailiyyətləri göstərmiş idmançılar və onların məşqçiləri orden və medallarla, MOK prezidentinin fəxri fərmanları ilə təltif olunurlar. Bütün bunlar göstərir ki, Azərbaycanda idmana və idmançıya diqqət və qayğı böyükdür. Bu qayğı yalnız sosial vəziyyətin yaxşılaşdırılması ilə məhdudlaşmır. MOK Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıranların əməyini mənəvi tərəfdən də qiymətləndirməyin təşəbbüsçüsü olmuşdur. Hesabat dövründə MOK Olimpiya çempionlarımız Nazim Hüseynov, Zemfira Meftəhətdinova və Namiq Abdullayev haqqında tammetrajlı filmlər çəkdirmiş və həmin filmlərin təqdimatı keçirilmişdir. Onu da qeyd edim ki, MOK özünün 20 illik yubileyi ilə əlaqədar da film çəkdirmişdir. Komitə hesabat dövründə nəşriyyat sahəsində bir sıra vacib işlər görmüşdür. "Azərbaycan Milli Olimpiya Komitəsi - 20 il”, "Azərbaycan XXX Olimpiya Oyunlarında”, "London - 2012. Möhtəşəm qələbə” kitabları hazırlanıb çap edilmişdir. Sonuncu kitab, Londondakı qələbəmizin tarixi anlarını fotolarda təqdim edən bu albom, hesab edirəm ki, idman sevənlərimiz, eləcə də MOK üzvləri üçün yaxşı hədiyyədir. Qeyd edim ki, Milli Olimpiya Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış tədbirlər planına uyğun olaraq, "Olimpiya dünyası” qəzeti ilə birlikdə cəzaçəkmə müəssisələrində tədbirlər həyata keçirilir. Məhkumların fiziki sağlamlıqlarının qorunması, onların idmana cəlb olunması məqsədi ilə MOK tərəfindən cəzaçəkmə müəssisələrinə müxtəlif idman avadanlıqları verilib”. Hesabat məruzəsi başa çatdıqdan sonra MOK Təftiş Komissiyasının sədri Eyvaz Qurbanov hesabat məruzəsi ilə çıxış etmişdir. VI Baş Məclisdə çıxış edən MOK-un vitse-prezidenti Xəzər İsayev İcraiyyə Komitəsinin üzvlərini təbrik edərək demişdir: "Azərbaycanda idmanın inkişafı getdikcə geniş vüsət alır və yeni-yeni uğurlar qazanılır. Müstəqilliyimiz dövründə Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal əldə etmişlər. Bütün bunlar isə qazanılan uğurlardan, tarixi nailiyyətlərdən xəbər verir. Artıq Azərbaycan ali, mötəbər idman tədbirlərinə ev sahibliyi edir. Bu isə ölkəmizin idman sahəsində uğurlarının, dövlətin bu sahəyə qayğısının nəticəsidir. Bu tədbirlərin Azərbaycanda keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan da yüksək şərait və imkan var. Bunu dünya idman təşkilatları təsdiqləyir. Bu isə ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam gələcəyinin inkişafına kömək edir”. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək ölkəmizdə idmanın inkişafından danıhmışdır. "Azərbaycan dünyanın ən aparıcı idman ölkələri sırasında yer alıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Atletlərimizin dünya, Avropa çempionat və birinciliklərində, Olimpiya oyunlarında qazandıqları medallar bunu bir daha sübut edir. Bu gün Azərbaycanın, demək olar ki, bütün bölgələrində müasir tələblərə cavab verən idman qurğuları, Olimpiya idman kompleksləri istifadəyə verilib. Məhz buna görədir ki, bu gün respublikamızın bölgələrində də beynəlxalq turnirlərin keçirilməsi üçün şərait vardır. Təbii ki, Azərbaycanda digər sahələr kimi, idman da böyük sürətlə inkişaf edir. Dövlətin inkişafı, iqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır. Paytaxtımız, eləcə də bölgələrimiz beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi edir. Nəzərinizə çatdırım ki, hesabat dövründə ölkəmizdə 159 beynəlxalq, 1.800-dən artıq respublikadaxili yarış keçirilib”.
İsmayıl İsmayılov bildirmişdir ki, bu müddət ərzində idmançılarımız 1.200 yarışa ezam olunublar. Onlar 1.100-dən çox təlim-məşq toplanışında iştirak ediblər. Dörd il ərzində Azərbaycan idmançıları müxtəlif miqyaslı beynəlxalq yarışlarda iştirak edərək, 998 qızıl, 816 gümüş və 1.010 bürünc medal qazanıblar.Güləş üzrə beynəlxalq dərəcəli hakim Hicran Şərifov öz çıxışında bildirmişdir ki, ölkəmizdə idman sürətlə inkişaf edir, dövlətimiz tərəfindən bu sahəyə yüksək səviyyədə qayğı göstərilir: "London Olimpiadasında əldə olunan nailiyyətlər bir daha göstərdi ki, Azərbaycan idman ölkəsidir. Şübhəsiz ki, qazandığımız bütün uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi qayğıdan bəhrələnir. Əminəm ki, nailiyyətlərimiz bundan sonra daha çox olacaq. Azərbaycan idmançıları bayrağımızı daim yüksəklərdə dalğalandıracaqlar”. Çıxışlar başa çatdıqdan sonra MOK-un İcraiyyə Komitəsi yeni üzvlərinin seçkisi keçirildi. MOK-un İcraiyyə Komitəsinin üzvlüyünə ölkəmizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva seçilmişlər. MOK-un hesabat-seçki baş məclisində Hicran Şərifov, Nazim Hüseynov, Firat Hüseynov, Lyudmila Şubina və Fərid Mansurov Təftiş Komissiyasının üzvləri seçilmişlər.
Milli Olimpiya Komitəsi İcraiyyə komitəsinin iclası oldu
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) VI hesabat-seçki Baş Məclisi öz işini başa çatdırdıqdan sonra Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclası oldu. İclasda Ağacan Abiyev Milli Olimpiya Komitəsinin baş katibi, Azad Rəhimov, Çingiz Hüseynzadə və Xəzər İsayev MOK-un vitse-prezidentləri seçildilər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzuladı. MOK-un İcraiyyə Komitəsi 17 üzvdən ibarətdir.
Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvləri
Əliyev İlham Heydər oğlu
Əliyeva Mehriban Arif qızı
Abdullayev Namiq Yədulla oğlu
Abiyev Ağacan Qulam oğlu
Cabbarov Azad Vaqif oğlu
Əliyev Natiq Avil oğlu
Əliyev Rauf Asif oğlu
Hüseynzadə Çingiz Muxtar oğlu
İsayev Xəzər Ağəli oğlu
İsmayılov İsmayıl Sultan oğlu
Qarayev Faiq Əli oğlu
Meftəhətdinova Zemfira Əliyevna
Məmmədov Ələkbər Əmir oğlu
Rəhimov Azad Arif oğlu
Sadıqov Sadıq Asəf oğlu
Salahova Zərifə Teymur qızı
Şabanova Rəfiqə Mahmud qızı