Onunla ilk qarşılaşmamız hava limanında oldu. Naxcıvanda keçiriməsi nəzərdə tutulan I Paralimpiya Festivalında iştirak etmək üçün Muxtar Respublikaya ezam olunmuşdum. Təyyarəyə minik başlamışdı... İlk dəfə idi ki, paralimpiyaçılarla yola çıxırdım. Onların idman geyimi hamıdan fərqlənir, ətrafdakıların diqqətini çəkirdi. Mənim isə diqqətimi çəkən əlil arabasında oturan idmançılar idi. Yüksək auraya malik bu insanlar məndə xoş təəssuratlar yaratdı. Hava limanının gözləmə zalında gənc, gözəl, mehriban bir qızla tanış
oldum. Adı Vüsalə idi. Vüsalənin gözəlliyi, mehribanlığı, yüksək aurası onun əlil arabasında oturduğunu mənə unutdurdu...
Vüsalənin necə bacarıqlı, istedadlı olduğuna isə Şərur Olimpiya Kompleksində keçirilən I Paralimpiya Festivalında şahid oldum. Yüksək səviyyədə təşkil olunan I Paralimpiya Festivalında əlil arabasında idman rəqsi edən Vüsalə bu bacarığı ilə festival iştirakçılarında xoş ovqat yaratdı, gur alqışlarla qarşılandı. Bu qızın həm incə, həm də cəld ritmlərlə zəngin musiqi sədaları altında etdiyi rəqs ecazkar və cazibədar görünürdü. Bu xanımın tərəf müqabilləri isə əlil arabasında rəqs edən paralimpiyaçı və peşəkar rəqqas idi. Rəqs hər kəs kimi məni də valeh etmişdi. Vüsalə rəqs etdiyi zaman üzündəki sevinc hissləri acıq-aydın görünürdü. Onun özünü necə xoşbəxt hiss etdiyini gördükcə, bu hissləri onunla birgə mən də yaşayırdım. Mənə elə gəlirdi ki, Vüsalə indicə əlil arabasından qalxacaq və səhnədə peşakar rəqqas kimi hərəkət edəcək. Qərara gəldim ki, Bakıya qayıdandan sonra bu göycək, xoşxasiyyət, mehriban qızın taleyi, əlil arabasında idman rəqsi ilə necə, nə vaxtdan məşğul oduğu barədə yazı hazırlayım. Düşündüm ki, belə istedadlı gəncləri tanımaq, onların
istedadına bələd olmaq, daxili aləminə səyahət etmək oxucularımız üçün də maraqlı olar. Bakıya gəldikdən sonra Vüsalə ilə sosial şəbəkə vasitəsilə dəfələrlə danışıb söhbətləşdik. Qərara gəldik ki, görüşək. Bu həssas, incə ruhlu qıza hansı sualları verəcəyim barədə dəfələrlə düşündüm. İstəyirdim ki, Vüsalə hansısa sualımdan, sözümdən inciməsin. Bu narahatlığım onunla etdiyim söhbətin ilk dəqiqələrində yox oldu. Söhbətin zarafatla, səmimiyyətlə başlaması bu narahatsılığıma son qoydu. Maraqlı, səmimi, olduqca rahat insan olan Vüsalə ilə müsahibəni oxuculara təqdim edirik.
- Vüsalə, səni I Paralimpiya Festivalında tanıdım. İstərdim ki, özün barədə oxucularımıza ətraflı məlumat verəsən.
- Əvvəlcə göstərdiyiniz diqqət üçün sizlərə təşəkürümü bildirmək istəyirəm. Mən 1987-ci ildə Bakıda anadan olmuşam. Ailədə 4 nəfərik: anam, atam, mən və qardaşım. 246 saylı liseyi bitirmişəm. Anam da həmin məktəbdə müəllimə işləyirdi.
- Dərslərini necə oxuyurdun?
- Əlaçı olmuşam. Dərslərimə həmişə böyük həvəs göstərmişəm. Amma ən çox tarix, rus və ingilis dilini sevirdim. Dərslərimi yaxşı oxumağımda anamın rolu çox olub. Məktəbimizdə yaxşı müəllimlər çox idi.
"Ailəmiz, qohumlarım çox mehriban və qayğıkeşdirlər”
- Vüsalə, ailədə ən çox kiminlə bir-birinizi başa düşürsünüz?
- Valideyinlərimin hər ikisi mənim üçün əzizdir. Onların ikisini də çox sevirəm. Lakin atam məni daha çox anlayır. Onun fikirləri mənim üçün önəmlidir. Atam sanki mənim ürəyimi oxuyur... O, mühəndisdir. Ailəmiz, qohumlarım çox mehriban və qayğıkeşdirlər. Buna görə çox sevinirəm. Belə səmimi ailə hər insana nəsib
olmur...
- Əlil arabasında idman rəqsi ilə nə vaxtdan məşğul olursan?
- 2 ilə yaxındır ki, əlil arabasında idman rəqsi ilə məşğul oluram. Bu işlə məşğul olmağıma səbəbkar paralimpiyaçı Kamal Məmmədov oldu. Kamal müəllim fəal insan olduğumu görüb məni paralimpiyaya cəlb etdi. Onun sayəsində paralimpiya ilə tanış oldum. Kamal müəllim bizim ailənin yaxınıdır. Onun söhbətləri mənə psixoloji cəhətdən hər zaman müsbət təsir edib.
- Vüsalə, hər insanın həyatında ağır anlar olur. Bu, sənin də həyatından yan keçməyib. Səni əlil arabasına bağlayan o hadisəni necə xatırlayırsan?
- Mən bütün insanların həyatında hansısa neqativ hadisənin olduğuna əminəm. Lakin elə insanlar var ki, ağır hadisələr onlarda psixoloji böhran yaradır. Sevinirəm ki, bütün çətinliklərə qalib gələ bilmişəm. Bəlkə də bunun üçün güclü xarakterimə borcluyam. 16 yaşımda əlil arabası ilə tanış oldum... Yay tətili idi. Orta məktəbi təzə bitirmişdim. Ali məktəbə daxil olmaq, universitet tələbəsi olmaq arzusunda idim. Lakin yaşadığım bu acı hadisə arzularımı yarımçıq qoydu... Ehtiyat sızlıq nəticəsində evimizin pəncərəsindən həyətə yıxıldım. Bu hadisədən sonra bir də ayağa dura bilmədim. Belimdən ciddi zədə almışdım. Lakin sağalmaq ümidim çoxdur. Bunun üçün mütəmadi müalicə olunuram.
"İnanıram ki, hər dərdin dərmanını verən Allah mənə də kömək olacaq”
- Aldığın müalicələr sənə necə təsir edir?
- Hadisədən 4 il sonra İranda əməliyyat olundum. Mütəmadi olaraq müalicə kursu keçirəm. Ümid edirəm ki, müaliçələr nə vaxtsa öz təsirini göstərəcək. Həyat möcüzələrlə doludur. İnanıram ki, hər dərdin dərmanını verən Allah mənə də kömək olacaq.
- Vüsalə, bu arzuya bütün səmimiyyətimizlə qoşulur, o günün olacağına inanırıq. Bəs, bu çətin anlarda təsəllini, gücü haradan alırdın? Depressiyaya qapılmamaq, həyatını davam etmək üçün sənə ən böyük köməyi kimlər etdi?
- Sevinirəm ki, çox mehriban qohumlarım və ailəm var. Onlar mənimlə səmimi rəftar edirlər. İbadət etməyim, dualarla yaşamağım da mənə həmişə komək olub. Allaha, onun yazısına çox inanıram. İnanıram ki, Tanrım hər zaman mənimlədir və O məni ürəyimdən keçən bütün arzulara çatdıracaq... Ən böyük arxam Tanrıdır...
- Bildiyimizə görə Moskva şəhərinin «Aeroqrad Komlomno Aerodro mu»nda 4000m hündür lükdən paraşütlə tulla nmısan, bu "səma gəzintisi” xoşuna gəldimi?
- (Gülür)Bu, məndə çox həyasanlı və həm də qeyri-adi hisslər yaratdı. Çox sevinirəm ki, paraşütlə tullanmaq mənə də qismət oldu və mən bu sınaqdan da uğurla çıxdım.
Jalə Rzabəyli