İdman sağlamlığın rəhnidir

İdman sağlamlığın rəhnidir

 

Lakin onun törətdiyi fəsadlardan da qaçmaq mümkün olmur


"İdman sağlamlığın rəhnidir". Uşaq vaxtlarımızdan ta bu günə kimi bu şüarı eşidirik. İdmanın insan orqanizminə müsbət təsiri barədə hamımız ətraflı məlumata sahibik. Lakin bu məşğuliyyətin insana, onun orqanizminə verdiyi mənfi təsirlərdən də danışmaq lazımdır.
Gəlin bir anlıq belə düşünək: "Xəstə olmaq istəyənlər idmanla məşğul olsunlar". Bu, nə qədər gülünc görünsə də, təəssüf ki, həqiqətə uyğundur.
Hesablamalara görə, il ərzində baş verən ölüm hadisələrinin mərkəzində idman və fiziki hərəkətlər durur. İdmanın müxtəlif növləri ilə məşğul olan atletlər həyatlarını elə bu sahədə qurban verilər. Adətən, atletlərin ömrü daha çox avtomobil yürüşündə və ekstremal növlərdə (alpinizm, paraşüt idmanı və s. ) sona çatır. Yəni bu iki idman növündə həyat üçün təhlükəli anlar tez-tez baş verir. Məsələnin bu tərəfi hamıya aydındır. Digər bir tərəfdən, idman onunla və təcrübəsiz məşğul olanları özünə qurban edir. Bunu konkret olaraq bir neçə idman növünün timsalında görmək olar.
Məsələn, qızmar günəş altında tennis oynamaq, sürətli qaçış, üzgüçülükdə əzələ tutulması və s. kimi hallarda idmançı ölüm təhlükəsi üz-üzə qalır, bəzən isə ölümün pəncəsindən qurtula bilmir.
İdman çox ciddi bir məşğuliyyətdir. Bu sahədə ilk addımları atarkən hər birimiz diqqətli olmalıyıq. Həkimlərin məsləhəti mütləq nəzərə alınmalıdır. Alimlərin fikrincə, 40 yaşından sonra idmanla məşğul olmaq daha təhlükəlidir. Əgər fikir ciddidirsə, onda orqanizmdə baş verən gizli prosseslər mütləq üzə çıxarılmalıdır. Orta yaşlı insan idmanla yenicə məşğul olmağa başlarkən, bəzi fəsadlar baş verə bilər. Bunun nəticəsində arzuolunmaz hallar üzə çıxır. Konkret desək, idmanla sonradan məşğul olanlar aşağıda göstərilən vəziyyətlə üzləşə bilərlər:
1. Ürək-damar pozulmaları
2. Zədələr
3. Hərəkət sistemində həddindən artıq funksional problemlər
4. Dopinq (qısa müddət ərzində yüksək nəticəyə can atan idmançı dopinq istifadəçisinə çevrilir)
Hərəkət sistemində hiss olunan narahatlıqlar çətin həll olunan problem deyil. Daxildə baş verən əzələ yığılmaları, əzələlərdə yığılan toksinlərin, xüsusilə laktik turşunun bir yerə toplanmasından və gərgin qüvvə sərf etməkdən irəli gəlir. 24 saat ərzində yarana bilən bu problem təxminən 2-3 gün davam edə bilər. Əzələ yığılması zamanı çoxlu miqdarda maye (su, çay ) qəbul edilməli, yaxud əzələlərə yumşaldıcı kremlər sürtülməlidir. Sauna və ya isti vanna qəbul etmək də olar. Əzələlərdə baş verən sıxılmalar da orqanizm üçün ziyandır. Bu hal əzələlərdə reflekslərin həddindən artıq uzanmasından və oynaq zədəsindən sonra meydana çıxır. Onun qarşısını almaq üçün əzələ üzərinə buz qoyulmalıdır. Bu, əksinə də ola bilər. Yəni isti duş və masajdan da istifadə etmək olar. Əzələdə uzanmalar əzələ liflərinin gərilməsinə səbəb olan elastikliyin artması deməkdir. Bu vəziyyətdə bütün masajları təxirə salmaq və liflərin yumşalması üçün ən azı 10 gün gözləmək lazımdır.

Lif qorması da çox ciddi problemdir. Əzələ liflərinin azacıq da olsa cırılması, lif qopmasına səbəb olur. Bu zaman daxili qanaxma da istisna deyil. Zədələnən yeri masaj etmək təhlükəlidir. Onun bərpası (reabilitasiya) üçün ən az bir ay vaxt lazım olur. Əzələ cırılması çox ağır bir haldır. Bu xəsarətin aradan qaldırılması həkimlərin təcrübəsindən çox asılıdır. Bu cür xəsarəti məişət şəraitində sağaltmaq qəti qadağandır.

 

Tendinit, tennisçilərin üzləşdiyi ən böyük və çətin sağalan zədələrdəndir. Diz qapağında, dirsəkdə və digər nahiyələrdə əmələ gələn tendinitlər bəzən idmançını uzun bir müddət, hətta ömürlük öz sevimli məşğuliyyətindən ayıra bilər.
Ürək-damar sistemi insanın həyatı üçün xüsusi əhəmiyyətə malikdir. Bu sistemə düzgün qulluq göstərilməlidir. Uzun müddət idmandan uzaq düşən, fiziki göstəriciləri aşağı olan, necə deyərlər, "axşam qərar verib səhər başlayan", eləcə də qırx yaşdan artıq insanlarda ürək-damar sistemi problemi çox tez yaranır. İstər adi vətəndaşa, istərsə də idmançıya siqaret çəkmək zərərlidir. Siqaret vasitəsilə qəbul edilən nikotin ürək-damar sisteminin funksiyasını pozur. Siqaret çəkəndən sonra saunaya girmək, duş qəbul etmək daha zərərlidir.

 

İdmançının ölüm
silahı-dopinq


Dopinq haqqında çox yazılıb. Təəssüf ki, idmanın bəlasına çevrilən bu vasitədən yaxa qurtarmaq, dopinqin qarşısını almaq, hələ ki, mümkün deyil. Dopinq ailəsinə daxil olan anaboliklər hormonlardır. Onlar bəzən testosteron kimi təqdim olunur. Hormonlar əzələ kütləsini əhəmiyyətli ölçüdə artırır. Əzələlərdə kütlə artımı baş verdiyi vəziyyətdə tendonların qopması adi hala çevrilib. Yəni əzələ kütləsinin süni yolla artırılması əzələ sıxılmasına və ya qopmalara şərait yaradır. Bəzən təhlükəli tendon qopuqlarını yaradan anaboliklər qadınlarda kişilərə məxsus xüsusiyyətlər, xərçəng (xüsusilə prostat xərçəngi) kimi çox ağır fəsadlar meydana gətirir.
Amfetaminlər (xəbərdaredici) hamıya məlum olan məhsullardır. Bu dərmanlar aclığı, xüsusilə yorğunluq hissini yatırmaq qabiliyyətinə malikdir. Yarışdan əvvəl onu qəbul edən idmançı özünü məğlubedilməz hiss edir. Lakin sonralar vəziyyət tam əksinə olur. Amfetaminlərin qəbul edilməsi uzun müddət davam edən psixoloji pozğunluqlara gətirib çıxarır.
Kortikoidlər - stresə qarşı mübarizəyə və psixoloji cəhətdən hazırlığa kömək edir. Lakin hormonal sistemi tamamilə pozan bu vasitələr əzələ və tendon səviyyəsində ağır zədələnməyə səbəb olur. Bəzən diabetin yaranmasına gətirib çıxaran amfetaminlər osteoporoz (sümüyün sistemli xəstəliyi) da yaradır.
Bir şeyi unutmaq olmaz: növündən və tərkibindən asılı olmayaraq, dopinq idmançının ölüm silahıdır. İdmançı ondan istifadə etməklə həm özünü, həm də idmanın şöhrətini ölümə sövq edir.

 

Qadağalar faciə ilə
sona çata bilər


İdmançıya elə qadağalar qoyulur ki, onların pozulması idmançının ölümü bahasına başa gələ bilər. Adi xəstəliklər və orqanizmin fiziki zəifləməsi zamanı da idmandan istifadə etmək qadağandır. Lakin elə vəziyyətlər də olur ki, idmansız həmin səddi aşmaq olmur.
Bunlar aşağıdakılardır:
- yeni keçirilmiş miyokard infarktı
- tipik sinə ağrısı
- kongenital kardiopatiya (doğuşdan başlayan ürək xəstəliyi)
- kardiyomiyopatiya (ürək əzələsinin sıxılma xüsusiyyətinin azalması)
- akut perikardit (ürək pərdəsinin iltihabı xəstəliyi), miyokardit (ürək əzələsinin iltihabı xəstəliyi),
- ürək ritminin pozulması
Nisbətən qadağa qoyulan vəziyyətlər.
- miyokard infarktı keçirənlər müəyyən bir fasilədən sonra (ən az 6 ay) yüngül məşq edə bilərlər. Bu cür məşq prosesini tədricən artırmaq olar. Əks halda idmançı karyerasını başa çatdırmaq məcburiyyətində qala bilər,
- ürək ritminin pozulması,
- sinə ağrısı (kardiyak fermentlər normal, yəni atipik sinə ağrısı olsa, idmanla məşğul olmaq qorxulu deyil),
- orta dərəcə arterial hipertaniya,
- təzyiqin aşağı olması
- qulaq ağrısı olanların suya girməsi

 

Məşq etmək insan üçün heç vaxt gec deyil


Bütün bunlara baxmayaraq, idman çox faydalı bir məşğuliyyətdir. Onun vasitəsilə bütün orqanizm sağlam vəziyyətdə qala bilir. İdmanla məşğul olmaqla uzun müddət müalicəsinə müvəffəq olunmayan xəstəlikləri ram etmək olar. Təsadüfi deyil ki, həkimlər xəstələrə müxtəlif idman növləri ilə məşğul olmağı məsləhət görürlər. Məsələn, skalioz (onurğa sütunun əyriliyi) xəstəliyindən əziyyət çəkənlərə üzgüçülüklə məşğul olmaq daha faydalıdır. Bel ağrılarında idman köməyə çatan ən mühüm vasitələrdən biridir.
Erkən başlanan məşq prossesi nəticəsində 50 yaşından sonra belə, sağlam bir vücuda sahib olmaq mümkündür. Araşdırmalara görə, yüngül idman hərəkətləri etmək insan üçün heç vaxt gec deyil. Səhər tezdən edilən gimnastik hərəkətlər günün sonuna qədər orqanizmin fəaliyyətinə müsbət təsir edir. Hava şəraitinin soyuq olduğu vaxt idmanla qısa müddətli məşğul olmaqla bədəni qızdırmaq mümkündür. Orqanizm bu vaxt enerji sərf etməklə, soyuq havanın ona təsir etməsinə imkan vermir.
Güc sərf etməklə (məsələn, ağırlıqqaldırma) başa gələn növlər orqanizm üçün böyük əhəmiyyət daşıyır.

Azalan əzələ kütləsini, sümük sıxlığını və sərf edilən qüvvəni təkrar orqanizmə qaytarmaq üçün müqavimət tələb edən idman növlərindən istifadə etmək məsləhət görülür. Ağırlıqqaldırma ilə məşğul olmaqla bədənin elastiklik miqdarını qorumaq da olar.
 

 

 

İdman sahəsində
məcburiyyət lazım gəlmir


İdmanın sağlamlığa müsbət təsiri müzakirə olunmayacaq bir məsələdir. Hər bir insan idmanla məşğul olmazdan əvvəl düzgün fikirləşməlidir. Burada valideynlərin də böyük rolu var. Valideyn bu sahəyə çox ciddi yanaşmalı, övladının marağını və fiziki qabiliyyətini yaxşı bilməlidir. İdman sahəsində məcburiyyətdən qaçmaq lazımdır. Burada maraq və qabiliyyət əsas sayılır.
Elə idman növləri var ki, bir müddət məşğul olduqdan sonra orqanizm ona qarşı münasibətini bildirir.
Bir məsələyə bir qədər tibbi baxımdan münasibət bildirək. İdman fəaliyyəti oynaqların təbii genişlənmə dərəcəsinin qorunması və inkişafına imkan yaradır. Ankiloza (oynaqların bərkiməsi) xəstəliyindən əziyyət çəkənlər idmanla məşğul olmaqla bu xəstəliyə qalib gələ bilərlər. Bundan başqa, idman qığırdaqların funksiyası və vəziyyətinin qorunmasına kömək edir. Sümüklərdə duzlaşmanın qarşısını alır, yaşlı insanlarda yaranan osteoporos xəstəliyinin qarşısına sipər çəkir. İdman əzələ tonusunun yaxşılaşdırılması, omba, dizlər və xüsusilə onurğada olan ağrıların qarşısının alınmasına imkan verir. Bel ağrılarına qarşı ən yaxşı dərmanın məhz idman oluğunu yuxarıda qeyd etmişik. Lakin bir qədər diqqətli olmaq da lazımdır. Elə idman növləri var ki, onunla məşğul olmaqla və yaxud gimnastik hərəkətlər etməklə sağlamlığı təhlükəyə də atmaq olar. Fiziki fəaliyyət nəticəsində ürək - damar xəstəliklərinə qarşı açıq müharibə aparmaq, arterial hipertaniyanın aşağı salınması, aterosklerozun (damarların qalınlaşması) müaliəcəsi mümkündür. Siqaret və tütünün damardakı fəsadlarını aradan qaldırmaq üçün idman yaxşı vasitədir. Onların toksik təsirlərini bədəndən müəyyən bir müddət ərzində təmizləmək olar. Yetər ki, bir daha həmin ziyanverici adətlərə qayıtmayasan.
Bundan əlavə, fiziki fəaliyyət və idman ürəyin iş rejiminin nizamlanması, effektiv fəaliyyətinə kömək edir, periferik damar müqavimətini azaldır, ürəyə düşən gücü aradan qaldırır. Hipertaniya kimi çətin sağalan xəsətəliyin inkişafına mənfi təsir edir, ona qarşı ciddi mübarizə aparır. Qan dövranının sürətlənməsi insan orqanizmə üçün əsas sayılır. Bu da idmanın köməyi ilə başa gəlir.

 


İdman insanda psixoloji
dözümlülük yaradır


İdman, daxildə olduğu kimi, orqanizmin xarici görkəmində də böyük işlər görür.
Bədənin bərkiməsinə kömək edən idman insanda xüsusi bir görünüş yaradır. İdmanla məşğul olmaqla çəkisalmaya, əzəmətli əzələ quruluşuna sahib olmaq olar. Bəzi insanlar, xüsusilə qadınlar artıq çəkidən əziyyət çəkirlər. Bunun üçün xüsusi reseptlərlə dieta saxlayırlar. Bu, böyük vəsait sərf etməklə başa gəlir. Amma dieta ilə əldə olunan bədən quruluşu uzun müddət eyni cür qalmır. Orqanizmin itrdiyi artıq çəki yenidən ona qayıdır. İdmanla əldə olunan bədən quruluşu isə heç vaxt dəyişmir. Tərləmə ilə artıq çəkidən azad olmaq olar. Ancaq bu zaman itirilən su yenidən bərpa olunur. İdmanla məşğul olmaq həm də insanda psixoloji dözümlülük yaradır. Bu, məşğul olunan idman növündən asılıdır. İdman insanın dözümlülüyünü artırmaqla yanaşı, həyəcan və sarsıntını aradan qaldırır, beynin daha çox oksigen qəbul etməsi nəticəsində əqli fəaliyyəti də yüksəlir. İdman həmçinin insanın bir sıra duyğu hisslərinin artmasına da gətirib çıxarır. Əksər idmançılarda qarşılıqlı hörmət qabiliyyətini artırmaqla bərabər, onların mədəni səviyyəsinin yüksəlməsinə səbəb olur. Necə deyərlər, "ağac bar verdikcə budağı əyildiyi" kimi, idmançı da kamilləşdiyi zaman daha sadə, daha mədəni olur. İdmanla məşğul olmaq idmançının gələcəkdə qayğıkeş bir valideyn olmasına təkan verən amillərdəndir. Beyindən ifraz olan hormonlar onlarda bu hisslərin aşılanmasını artırır.
İdmanla məşğul olmaq insanlarda nəinki fiziki formanın yaranmasını gətirib çıxarır o, həm də ayrı-ayrı fərdlərin əxlaqlı böyüməsinə təkan verən amillərdəndir. Bu, cəmiyyətimizin ən aktual bir məsələsi sayılır. Hər bir gəncin vətənpərvər böyüməsində idmanın xüsusi rolu var. İdman sayəsində gənclərimiz pis vərdişlərdən uzaq olur və zərərli vasitələrdən istifadə etməməyə çalışırlar. Məsələn, şahmat belə idman növlərindən sayılır. Şahmat o qədər dəqiq və mükəmməl növdür ki, burada heç bir artıq şeyə rast gəlmək olmur. Araşdırmalar göstərir ki, şahmatla məşğul olan insanlar cinayətdən uzaq olurlar. Şahmat insana gözəllik, mənəviyyat, tərbiyə, iti zəka, mədəni davranış qabiliyyətlərini aşılayır. Sağlam cəmiyyətdə yüksək fikirli, uzaqgörən insanlara ehtiyac duyulur. Şahmat məhz bu cür insanları yetişdirir. Təbii ki, bu sözləri digər idman növlərinə də aid etmək mümkündür.

 

Məşq və istirahət
elementlərini özündə
birləşdirən fəaliyyət


Hər bir idman növünün özünəməxsus ənənələri və azarkeşləri var. Müasir dövrdə asudə vaxtlarını səmərəli keçirmək istəyənlər ya özləri idmanla məşğul olur, ya da ki hər hansı idman yarışını izləməyə üstünlük verirlər. Bu zaman insan xüsusi zövq alır, mənəvi rahatlıq tapır və sağlamlığını möhkəmləndirir. Digər tərəfdən, insan bu yolla uzun müddət həllinə nail ola bilmədiyi problemləri həll edə, müəyyən xəstəlikləri aradan qaldıra bilər. Qazanılan qələbə idmançı, məşqçi və azarkeşlərə xoşbəxt anlar yaşadır. Hazırda idmanın peşəyə çevrilməsi onun insanlar arasında daha da populyar olmasına imkan yaradıb. Müasir insanlar üçün idmançıların fəaliyyətini və müxtəlif yarışları izləmək bədən tərbiyəsi mədəniyyətinin bir hissəsidir, desək, yanılmarıq. İdman sərhəd tanımır. Peşəkar idmançılar böyük qonorar alır, müxtəlif sənaye mallarını reklam edir və müxtəlif ölkələrin əhalisi arasında böyük rəğbət qazanırlar. Peşəkar idmanda baş verən hadisələri nizama salmaq, yarışların keçirilməsini təmin etmək üçün müxtəlif təşkilat və assosiasiyalar yaradılıb. Bu qurumlar idmançılar, hakimlər və məşqçiləri bir bayraq altında birləşdirir.
Həyatını bu sahə ilə bağlayan idmançıların, elmi araşdırmalarla məşğul olan mütəxəssislərin ümumi rəyinə əsasən, demək olar ki, idman insanların müəyyən qaydalarla həyata keçirilən fəaliyyətidir. Belə fəaliyyət zamanı onların fiziki və intellektual imkanları biri-birinə qarşı qoyulur, bu proses nəticəsində isə insanların hərtərəfli hazırlıq səviyyəsi ortaya çıxır. Bütün bunlar yarış məqsədilə həyata keçirilir. Beləliklə, idman insanın fiziki qabiliyyətinin artırılması, qrup və ya fərdi mübarizədə yüksək nəticələrin əldə edilməsi, mənəvi rahatlıq və maddi gəlirin qazanılması məqsədilə həyata keçirdiyi məşq və istirahət elementlərini özündə birləşdirən fəaliyyətidir.
Bu yazıda idmanın orqazim üçün həm müsbət, həm də mənfi xüsusiyyətlərini, qismən də olsa, izah etməyə çalışdıq. İdmanın əxlaqa, mədəniyyətə və vətənpərvərliyə müsbət təsir göstərməsi danılmaz faktdır. Bir sözlə, idman həyatımızın ayrılmaz bir hissəsinə çevrilməlidir. İdman müəyyən fəsadlar törədə bilər, lakin sağlamlığımızın ən yaxşı təminatçısı da məhz idmandır.

 
 
 

Anar Əhmədov