Sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembanq şəhərində III İslam Həmrəyliyi Oyunları keçirilib. Yarışlarda Azərbaycanı təmsil edən idmançılarımız müxtləlif idman növləri üzrə 24 medal (6 qızıl, 9 gümüş, 9 bürünc medal) qazanıblar.
Qeyd edək ki, oktyabrın 2-də keçirilən III İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimində İslam Oyunlarının bayrağı İslamiada-2017-yə ev sahibliyi edəcək Azərbaycana təqdim olunub. Bayrağı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti (İSSF) Navaf Faisal Bin Abdulaziz təqdim edib.
Oktyabrın 3-də İslam Həmrəyliyi Oyunlarında iştirak edən nümayəndə heyətimiz vətənə döndü. Hava limanında idmançılarımızı böyük azarkeş kütləsi qarşıladı. İdmançılarımızla birgə İndoneziyadan vətənə dönən Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarımızın İslamiadadakı çıxışı, orada keçirilən "Azərbaycan günü”, 2017-ci ildə ölkəmizdə təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı fikirlərini "Olimpiya dünyası”na bildirdi.
- Çingiz müəllim, İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunları bu ilin mötəbər yarışlarından idi. İdmançılarımız uzun müddət idi ki, bu Oyunlara hazırlaşırdılar. İslam Həmrəyliyi Oyunlarında idmançılarımız onlara bəslənilən ümidləri doğrultdular. Komandamızın bu Oyunlarda çıxışı ilə bağlı fikirlərinizi öyrənmək istərdik.
- Hesab edirəm ki, komandamız III İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etdi. 53 idmançımızın iştirak etdiyi Oyunlarda idmançılarımız 24 medal qazandılar. Bu medallardan 6-sı qızıl, 9-u gümüş, 9-u isə bürüncdür. Əlbəttə, bu göstəricinin özü nəticənin yüksək olduğunu bir daha sübuta yetirir. Karateçilərimizin çıxışlarından çox razı qaldım. Onlar çox gözəl çıxış nümayiş etdirdilər. Atletika növündə idmançılarımızın çıxışları uğurlu oldu. Üzgüçülərimiz isə ilk dəfə idi ki, belə mötəbər yarışda medal qazanırdılar. Ümumiyyətlə, III İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın əldə etdikləri nəticədən razıyam. 2017-ci ildə növbəti İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcəyinə görə bu Oyunlarda iştirakımızın bizim üçün böyük əhəmiyyəti var idi. Burada biz böyük təcrübə əldə etdik. Qeyd edim ki, bağlanış mərasimində Oyunların bayrağı İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti (İSSF) Navaf Faisal Bin Abdulaziz tərəfindən mənə təqdim olundu. Biz bundan sonra 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını Bakıda qəbul etməyə hazırlaşacağıq. 4 il ərzində hazırlıq işləri aparıb IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməliyik.
- 2005-ci ildə Səudiyyə Ərəbistanında I İslam Həmrəyliyi Oyunları təşkil olunmuşdu. Həmin Oyunlarla müqayisədə İndoneziyada keçirilən Oyunların təşkilatçılıq səviyyəsini necə qiymətləndirirsiniz?
- İndoneziyada keçirilən İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığında müəyyən problemlər var idi. Amma nəzərə almaq lazımdır ki, Palembanq şəhəri cəmi iki ay bundan əvvəl ev sahibi kimi təsdiq olunmuşdu. Təşkilat Komitəsi tərəfindən Oyunların yüksək səviyyədə təşkili üçün qısa müddət ərzində çox böyük işlər görülmüşdü. İstənilən halda İslam Həmrəyliyi Oyunlarının təşkili baş tutdu və yarışların səviyyəsi də kifayət qədər yüksək idi.
- Sentyabrın 25-də Palembanqda "Azərbaycan günü” təşkil olundu. Bu əlamətdar gün qonaqlar tərəfindən necə qarşılandı?
- Bu, "Azərbaycan günü” tədbiri olmaqla yanaşı, Bakının 2017-ci il İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi ilə bağlı təqdimat mərasimi idi. Tədbir çox gözəl keçdi. Əcnəbi qonaqlar tərəfindən "Azərbaycan günü” tədbirinin təşkili çox yüksək qiymətləndirildi. Orada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin videomüraciəti, Bakının 2017-ci il İslam Oyunlarını qəbul etmək istəyi barədə söylədiyi fikirlər tədbir iştirakçıları tərəfindən yüksək səviyyədə qarşılandı.
- Çingiz müəllim Siz həm də İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidentisiniz. İslam Həmrəyliyi Oyunları ərəfəsində İndoneziyanın Palembanq şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirildi. İclasda hansı məsələlər müzakirə edildi?
- Oyunlardan əvvəl orada İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclası oldu. İclasda 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məsələləri ilə bağlı müzakirələr, növbəti il ərzində görəcəyimiz işlərlə bağlı təqdimat oldu. Oyunların təşkilatçılığı ilə bağlı bir sıra müzakirələr keçirildi və müəyyən qərarlar qəbul edildi.
- İndoneziya Sizdə hansı təəssüratlar oyatdı?
- Bu ölkə ilə bağlı maraqlı təəssüratlarım var. İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir. Orada 220 milyona yaxın insan yaşayır. Bu ölkədə əhalinin 80 faizdən çoxu müsəlmandır. İndoneziyada şəhərlərin səviyyəsi müxtəlifdir. Paytaxt Cakarta həddindan artıq inkişaf etmiş şəhərdir. Palembanq isə nisbətən zəif inkişaf edib. Ümumilikdə götürəndə bu ölkə ilə bağlı bütün təəssüratlarım müsbətdir.
Aysel Sultanova