Vüqar VÜQARLI
Bildiyiniz kimi, oktyabrın 6-da Daşkənddə cüdo üzrə dünya çempionatına start verilib. Yarış günlərinin artıq öz ekvatorunu keçməsinə baxmayaraq, millimizin səbətində cəmi bir medal var - 73 kq çəki dərəcəsində Hidayət Heydərovun qazandığı “bürünc” medal. Əlbəttə, deyə bilərsiniz ki, bu idmandı və idmanda hər şey olur - qalibiyyət də, məğlubiyyət də. Amma yığmanın liderləri kimi təqdim olunan cüdoçular ilk güləşdən sonra tamaşaçılara çevriləndə, sadəcə olaraq, bu məğlubiyyətlə barışmaq istəmirsən. Məhz ona görə də, Kəramət Hüseynov (60 kq) və Rüstəm Orucov (73 kq) Daşkənddə fiaskoya uğradılar desək, yanılmarıq. Nə yaxşı ki, heç olmasa Rüstəm kimi peşəkar cüdoçu öz çıxışının zəif və məyusedici olduğunu danmayaraq, ona olan ümidləri doğrulda bilmədiyi üçün təəssüf hissi keçirdiyini etiraf etdi. Kəramətdən bu etirafı eşitməsəm də, onun da özündən razı qalmadığına əminəm.
Orxan Səfərov və Yaşar Nəcəfov cəmi bir dövrə adlayaraq, çıxışlarını bitirməli oldular. Halbuki, hər ikisindən medal gözləyirdik. Amma, necə deyərlər, sən saydığını say, görək Daşkənd tatamisi nə sayır. O isə bizim cüdoçuları yerində saymağa məcbur etdi. 81 kq çəki dərəcəsində yığma komandaya son anda qoşulmuş Elcan Hacıyev, ümumiyyətlə, niyə görə Özbəkistanın paytaxtına aparıldı, sualına cavab tapa bilmədim. Belə bir şansı əldən qaçırmaq olardı?! İlk güləşdə belə özündən heç də üstün olmayan, sıradan bir britaniyalı cüdoçuya məğlub oldu. Hesab edirəm ki, gənc, ambisiyalı idmançı belə şansı əldən verməməli idi. Həmin çəkidə güləşən digər təmsilçimizi - adlı-sanlı Səid Mollayini isə heç anlamaq olmadı. Üç qələbədən sonra olduqca passiv güləşərək üç “şido” alıb, tatamini finalın bir addımlığında tərk edən Mollayi, o məğlubiyyətdən sonra heç bürünc medal uğrunda belə mübarizədə güləş tərzini dəyişmədi - yenə heç bir fəndə cəhd belə yox idi.
İnanmaq istərdim ki, Rihard Trautmanın başçılıq etdiyi məşqçi qrupu növbəti günlərdə yaranmış vəziyyətdən nəticə çıxaracaq və tatamiyə çıxan digər cüdoçularımız ən azından medal səbətimizi zənginləşdirə biləcəklər.
Daşkənd, xüsusi olaraq
“Olimpiya dünyası” qəzeti üçün