"Əsas məsələ qalib gəlmək deyil, Olimpiya oyunlarında iştirak etməkdir”. Bu sözlər Olimpiya oyunlarının banisi Baron Piyer de Kubertenə məxsusdur. Maraqlıdır ki, bəzi ölkələrin idmançıları baronun bu sözlərini əsas götürərək olimpiadalarda yalnız iştiraka can atmış, qələbə barədə düşünməmişlər. Nəticədə, 4 ildən bir keçirilən möhtəşəm idman yarışlarında gülməli, eyni zamanda bənzərsiz məqamlar ortaya çıxıb. Olimpiadada baş verən həmin anları oxuculara təqdim edirik.
Xizəyinin birini itirən fransız
2002-ci ildə ABŞ-ın Solt-Leyk-Siti şəhərində keçirilən qış Olimpiya oyunlarında fransalı Pyer Emmanuel Dalsenin etdiyi hərəkət tamaşaçılar tərəfindən ayaqüstə alqışlanıb. Dağ xizəyi növündə yarışan Dalsenin xizəyinin biri ayağından çıxaraq kənara düşüb. Sürətlə hərəkət edən idmançı özünü itirməyib və tək xizəklə mübarizəni davam etdirib. Finişə 30 metr məsafə qalmış baş verən bu hadisə fransalı xizəkçinin yarışı 10-cu yerdə başa vurmasına səbəb olub. Bununla belə, Pyer Emmanuel Dalsenin adı Olimpiya oyunlarının tarixinə qızıl hərflərlə yazılıb.
Ördəklərə mane olmadı, qələbəni əldən verdi
1928-ci ildə Amsterdamda təşkil edilən Olimpiya oyunlarında avstriyalı avarçəkən Henri Pirsin qələbəyə aparan yolunu təbiətin adi hadisəsi kəsib. Dörddəbir final mərhələsində inamla yarışan Pirsin qarşısına qəflətən böyük ördək sürüsü çıxıb. Çox sakit tərzdə üzən sürü yarışın keçirildiyi su hövzəsində bir sahildən digərinə keçirmiş. Təbiətin qanunlarını pozmaq istəməyən idmançı qayığını saxlayaraq ördəklərin yürüşünün başa çatmasını gözləyib. Düzdür, bu alicənab hərəkət Henri Pirsin qələbə qazanmasına mane olub. Əvəzində isə, avstraliyalı idmançının azarkeşlərinin sayı xeyli artıb.
Yarışı yeyib-içməklə əvəz etdi
Daha bir maraqlı hadisə Stokholm-1912 Yay Olimpiya Oyunlarında qeydə alınıb. Marafon yarışlarının finiş xəttindən keçən idmançıları qeydə alan hakimlər bir nəfərin çatışmadığını görüblər. Məlum olub ki, marafonda iştirak edən yaponiyalı atlet Şizo Kanaquri finişə gəlib çatmayıb. Həm təşkilatçılar, həm də hakimlər buna görə narahat olublar. Kanaquri ilə birgə marafonda çıxış edən digər idmançılar da onu görmədiklərini deyiblər. Yaponiyalı növbəti gün də gəlib çıxmayıb. Sən demə, qaçmaqdan yorulan Kanaquri yaxınlıqda yerləşən yaşayış məntəqəsinə dönüb. Yerli sakinlər idmançını gülərüzlə qarşılayıb, ona yaxşı bir süfrə açıblar. Yeyib doyan marafonçuya yatmaq təklif olunub. Yaponiyalı səxavətli və qonaqpərvər insanların bu təklifindən məmnun qalıb. Yumşaq yataqda bir neçə saat dincələn Kanaquri kənddən çıxıb. Lakin marafonu sona qədər qaçmayan bu atlet utandığından komanda yoldaşlarının yanına gəlməyib və deyilənlərə görə, birbaşa vətəni Yaponiyaya yollanıb.
Bir nəfərlik yığma komanda
1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında Tunisin beşnövçülük üzrə komandasının bəxti gətirməyib. Belə ki, at yarışlarında mübarizə aparan 3 tunisli çapar atdan yıxılaraq sıradan çıxıb. Güllə atıcılığında yarışan digər tunisli idmançı isə, turnirdən kənarlaşdırılıb. O, hakimlərin yaxınlığında dayanıb atəş açıdığı üçün cəzalandırılıb. Lakin tunislilərin başına gələnlər bununla bitməyib. Beşnövçülüyə daxil olan üzgüçülük yarışında Tunis idmançısı boğulmaq təhlükəsi ilə üzləşib. Beləliklə, qılıncoynatma yarışları zamanı Tunis komandasının heyətində cəmi bir idmançı qalıb. Məlumdur ki, qılıncoynadanlar maska geyirlər və sifətləri görünmür. Bu fürsətdən yararlanan tunisli məşqçilər tək qalan həmin idmançını müxtəlif adlar altında yarışa buraxıblar. Onlar 2 dəfə buna nail olublar. Lakin hiyləni başa düşən hakimlər komandanı diskvalifikasiya ediblər.
Qaydalardan xəbərsiz yapon
Olimpiya oyunlarının tarixində ən maraqlı və gülməli hadisələrdən biri də Sent-Luis-1904 Olimpiya Oyunlarında qeydə alınıb. Yaponiyalı idmançı Savao Funi bu oyunlarda şüvüllə tullanma yarışlarında gücünü sınamalı olub. Funi bu növdə heç vaxt çıxış etməmişdi və hətta qaydalardan qətiyyən xəbəri yox idi. O, şüvülü götürərək səddə yaxınlaşıb və şüvülün bir ucunu yerə dirəyərək səddi aşmağa cəhd edib. Çaş-baş qalan hakimlər idmançıya izah ediblər ki, səddi aşmaq üçün qaçmaq, sonra şüvüllə tullanmaq lazımdır. Lakin hakimlərin bu sözləri yaponiyalı atletə "çatmayıb”. Nəticədə, Savao Funi yarışdan uzaqlaşdırılıb.
Səfirliyin əməkdaşları kriket oynadılar
Paris-1900 Yay Olimpiya Oyunlarında iştirakçı ölkələrdən biri kriket yarışlarında çıxış etməyəcəyini bildirib. Son anda verilən bu qərar təşkilatçıları çaşdırmayıb. Onlar Böyük Britaniya və Fransa səfirliklərinin əməkdaşlarından ibarət 2 komanda yaradıblar. Beləliklə, kriket yarışı baş tutub. Gərgin mübarizə britaniyalıların qələbəsi ilə başa çatıb.
Medalsız Monako
Monoka yığması Olimpiya oyunlarında ilk dəfə 1920-ci ildə Belçikada iştirak edib. Həmin vaxt Monako idmançıları heç bir medal qazanmayıblar. Arxada qalan bu illər ərzində monakolu atletlər bütün olimpiadalara vəsiqə qazanıblar. Lakin medalçılar sırasına düşmək qismət olmayıb. Bununla belə, "cırtdan” ölkənin sakinləri məyus deyillər. Onlar inanırlar ki, az qala bir əsri əhatə edən arzuları mütləq həyata keçəcək. Yeri gəlmişkən deyək ki, "cırtdan” ölkə 2002-ci ildə idman sahəsində beynəlxalq mükafata layiq görülüb. Belə ki, monakolu arxitektor Monte- Karlo şəhərindəki stadionda ucaltdığı qülləyə görə bürünc mükafat alıb.
Üzməyi bacarmayan üzgüçü
Ekvatorial Qvienyasından olan üzgüçü Erik Musabani Olimpiya oyunlarının tarixinə düşüb. O, 100 metr məsafəni ən zəif nəticə ilə başa vuran üzgüçü sayılır. Bu idmançı Sidney-2000 Olimpiadasında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) verdiyi güzəştli kart sayəsində iştirak edib. Sən demə, planetin ən mötəbər idman tədbirinə qatılan Erik üzməyi bacarmırmış. O, Olimpiya oyunlarına cəmi altı ay qalanda üzgüçülüklə məşğul olmağa başlayıb. Amma onun bəxti Sidneydə gətirib. 100 metr məsafəni, Erik Musatani də daxil olmaqla, 3 idmançı qət etməli idi. Erikin hər iki rəqibi startda qaydaları pozduqları üçün diskvalifiasiya olunublar. Hovuzda tək qalan qvineyalı tamaşaçıların alqış sədaları altında tələsmədən, necə deyərlər, 100 metr məsafəni rahatlıqla, əylənə-əylənə üzüb.
Afrikalı xizəkçinin əzmkarlığı
Solt-Leyk-Siti-2002 Qış Olimpiya Oyunlarında xizək yarışlarında mübarizə aparan kamerunlu Ayzek Mimoli finiş xəttinə çatanda gurultulu alqış alıb. 10 km məsafəni hamıdan gec qət edən afrikalı, doğrudan da, alqışa layiq idi. Xizək yarışlarının, demək olar ki, keçirilmədiyi bir ölkəni təmsil edən Ayzekin əzmkarlığı hamını heyrətləndirib. Xizəkləri çox çətinliklə hərəkət etdirən bu idmançının cəsarəti baron Pyer de Kubertenin məşhur kəlamını bir daha yada salıb: "Əsas məsələ qalib gəlmək deyil, Olimpiya oyunlarında iştirak etməkdir”.