“İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət” mövzusunda konfrans keçirildi

“İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət” mövzusunda konfrans keçirildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində "İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət” mövzusunda konfrans keçirildi. Konfransda mərkəzi icra orqanlarının mətbuat xidmətlərinin rəhbərləri, jurnalist təşkilatları, qəzet redaksiyalarının əməkdaşları işitak edirdi.

Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli kifayət qədər vacib bir məsələnin müzakirəyə çıxarıldığını bildirdi: "Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunub. Proqram geniş və sistemli tədbirlərin keçirilməsini, eləcə də bu tədbirləri icra edəcək dövlət orqanlarının rolunu müəyyənləşdirib. Milli Fəaliyyət Proqramının əsas məqsədi ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsidir. Proqramın 4.16-cı bəndinə əsasən, informasiya əldə etmək haqqında qanunvericiliyin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və informasiya almaq hüququnun səmərəli təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonduna həvalə edilib. Bununla əlaqədar olaraq, mövzu üzrə Yevlaxda və Lənkəranda regional konfranslar təşkil edilib. Bu tədbirlərdə jurnalistlər, dövlət qulluqçuları, bələdiyyə üzvləri, QHT nümayəndələri və ziyalılar iştirak ediblər. Bu gün 2013-cü il üçün sonuncu tədbirimizə yığışmışıq”.
Daha sonra çıxış üçün söz Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovaya verildi. E. Süleymanova konfransın böyük əhəmiyyət daşıdığını vurğulayaraq informasiya dünyasının ən dəyərli məfhumunun elə həmin informasiyanı almaq və ondan faydalı şəkildə istifadə etmək olduğunu diqqətə çatdırdı. İnformasiya Ombudsmanından da geniş şəkildə bəhs edən E. Süleymanova bildirdi: "İnformasiya Ombudsmanı müxtəlif formalarda yaranır. Bəzi ölkələrdə bu, Ombudsman aparatının böyük bir şöbəsi kimi fəaliyyət göstərir. Bəzilərində isə müstəqil qurum kimi çalışır”. Elmira Süleymanova qeyd etdi ki, Azərbaycanda 2010-cu ildə qanunvericiliyə edilən dəyişikliklərdən sonra Ombudsman dövlət qurumlarından informasiya əldə edilməsinə nəzarəti həyata keçirir.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında bildirdi ki, informasiya təminatı olmadan jurnalistikanın inkişafından danışmaq mümkün deyil. "İnformasiya almaq hüququnun reallaşdırılması söz və mətbuat azadlığının da göstəricisidir”, - deyə o əlavə etdi. Mətbuat Şurasının sədri informasiya alınması ilə bağlı mövcud qanunvericilik bazasından da geniş şəkildə bəhs etdi.

Konfransda "2013-cü ilin "İnformasiya Texnologiyaları İli” elan edilməsi açıq cəmiyyətin formalaşmasında yeni mərhələdir” mövzusunda məruzə ilə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirdi ki, İKT və açıq cəmiyyət biri-biri ilə sıx bağlı olan anlayışlardır: "Məlum olduğu kimi, 2013-cü il cənab Prezident tərəfindən İKT ili elan olunub və bu, dövlətin sözügedən sahəyə diqqətinin göstəricisidir. Bununla həm dövlət qurumlarının, həm də vətəndaşların diqqəti İKT sektoruna, buradakı tərəqqiyə yönəldi. İKT ili elan edildikdən sonra xüsusi "Tədbirlər Planı” hazırlandı və kompleks fəaliyyət həyata keçirildi. Burada maarifləndirmədən, təlimatlandırmadan başlayaraq, ən müxtəlif tədbirlərin icrası reallaşdırılıb. İKT ili çərçivəsində tarixi bir hadisə də baş verdi. İlk milli telekommunikasiya peykimiz orbitə çıxarıldı. Bu həm də ölkəmizin artan qüdrətinin göstəricisi oldu. Eyni zamanda, bu yeni texnologiya vasitəsi ilə ölkəmizdə informasiya əldə edilməsində, internet xidmətlərinin göstərilməsində daha yüksək imkanlar yaradıldı”.
Elmir Vəlizadə İKT ili çərçivəsində əldə olunan digər naliyyətlərdən də geniş bəhs etdi. O bildirdi ki, elektron hökumət və ondan istifadənin də əhatə dairəsi davamlı surətdə genişlənir: "Belə ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənən elektron-xidmətlərin sayı 417-dən 478-ə çatdırılıb. Həmçinin, e-hökumət portalından istifadə edənlərin sayı artıq 246 min nəfərə çatıb”.
"Vətəndaş cəmiyyəti və informasiya azadlığı” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu isə qeyd etdi ki, hər bir cəmiyyət üçün aktual məsələlərdən biri vətəndaşın dövlət həyatında iştirakının keyfiyyətlə təmin edilməsi ilə bağlıdır: "Belə təsəvvür formalaşıb ki, bu iştirak seçkilər və başqa formalarda həyata keçirilir. Lakin vətəndaşın dövlət həyatında faktiki olaraq iştirakının təmin edilməsinin ən yüksək mexanizmi informasiya əldə etmək azadlığıdır. Bu sahədə son illərdə Azərbaycanda çox ciddi irəliləyişlər əldə olunub”. Fazil Qəzənfəroğlu informasiya əldə etmək azadlığı ilə bağlı qanunvericilik bazasından ətraflı bəhs etdi.
Hüquqşünas ekspert Aydın Kərimov isə "İnformasiya azadlığı insan hüquqlarının vacib elementidir” adlı məruzəsində bildirdi ki, informasiya əldə etmək insanın ən önəmli hüquqlarından biridir: "Bu xüsusda çoxsaylı beynəlxalq konvensiyalar da qəbul edilib. Həmin konvensiyalara uyğun Azərbaycanda qanunvericilik bazası hazırlanıb”, - deyə o əlavə etdi.
Hüquqşünas Ələsgər Məmmədli isə "İnformasiya əldə etmək haqqında qanunun tətbiqi vətəndaşların dövlətin idarə olunmasında iştirak forması kimi” mövzusunda məruzəsi ilə çıxış etdi: "İnsan hüquqları baxımından informasiya əldə etmək xüsusi əhəmiyyət kəsb edir. Son 20 ildə dünyanın 78 ölkəsində bununla bağlı qanun qəbul edilib. Azərbaycan da onların sırasındadır”.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) aparatının şöbə müdiri Zaur Əliyev "İnformasiya azadlığı haqqında qanunvericiliyin düzgün tətbiqinə nəzarət üzrə milli və beynəlxalq mexanizmlər” mövzusunda çıxış etdi. O, Ombudsman aparatına daxil olan şikayətlərlə əlaqədar müvəkkilin gördüyü tədbirlər barədə geniş məlumat verdi.
Daha sonra mövzu ətrafında ətraflı müzakirələr aparıldı. Konfrans çərçivəsində tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən hazırlanan "İnformasiya əldə etmək haqqında qanunvericilik” adlı məlumat kitabçası da paylanıldı.