Martın 17-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Olimpiya idman növləri üzrə federasiyalar üçün sosial media və marketinq ilə bağlı seminar keçirilib.
Seminarda Milli Olimpiya Komitəsinin mətbuat katibi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, MOK-un marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva, DMS Azərbaycan şirkətinin icraçı direktoru Zərxanım Ağayeva, sosial media və marketinq meneceri Səadət Mürsəliyeva və federasiya nümayəndələri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan MOK-un marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva tədbir iştirakçılarını salamlayaraq, federasiya nümayəndələri üçün təşkil olunan seminarın əhəmiyyətindən danışıb. O, “Paris-2024 Olimpiadası, hədəf və nəticələr” barədə çıxış edərək, Paris-2024-də MOK-un sosial media fəaliyyəti, qarşıdan gələn Avropa Gənclər Yay və Qış Olimpiya festivalları, VI İslam Həmrəyliyi Oyunları və Los-Anceles-2028 Yay Olimpiya Oyunları barədə də məlumat verib.
Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev “MOK-un kütləvi media layihələri” barədə danışıb. Bildirib ki, istənilən informasiyanın hazırlanması və yayımlanması böyük məsuliyyət tələb edir. O, qeyd edib ki, MOK-un informasiya strategiyasında sosial şəbəkə və KİV-lərlə yanaşı, federasiyaların mətbuat xidmətləri ilə də qarşılıqlı və işgüzar əlaqələrin yaradılmasına xüsusi önəm verilir. Murad Fərzəliyev, həmiçinin MOK-un təsis etdiyi “Olimpiya dünyası” qəzeti, “Olimpə doğru” jurnalı, Olimpiyadunyasi.com onlayn gündəlik qəzeti, olimpnews.az saytı və MOK-un rəsmi veb saytı olan olympic.az haqqında ümumi məlumat verib.
DMS Azərbaycan şirkətinin nümayəndələri Zərxanım Ağayeva və Səadət Mürsəliyeva “instaqram və marketinq üzrə məsləhətlər və tövsiyələr” barədə danışıblar.
Seminar çıxışlardan sonra sual-cavab mərhələsi ilə davam edib.