"Bu gün Suqovuşanda sayca 5-ci dəfə beynəlxalq turnir təşkil olunur"
Bu sözləri millət vəkili Elman Nəsirov Suqovuşanda start götürən "Prezident Kuboku-2025" beynəlxalq reqatasının açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.
Turnirin əhəmiyyəti barədə danışan millət vəkili yarışda üç qitəni təmsil edən 200-dən çox idmançının iştirak etdiyini qeyd edib.
"Yaxşı yadımdadır ki, bu yarış ilk dəfə keçiriləndə cəmi 4 ölkənin idmançıları burada mübarizəyə qoşulmuşdular. İndi isə yarışlarda biz 20-dən çox ölkənin idmançılarını görürük. Suqovuşan bizim üçün böyük əhəmiyyət kəsb edən bir məkandır. Bu ərazi bizim qəhrəman övladlarımızın canı və qanı bahasına işğaldan azad edilib. Biz bu şücayət və qəhrəmanlıq qarşısında baş əyirik. Bu yarışları keçirməklə biz dünyaya sülh mesajı veririk. Halbuki işğal dövründə bu ərazilər separatizm mərkəzinə çevrilmişdi. İlk baxışdan bu yarış idmanla bağlı olsa da, özündə böyük bir siyasi məna daşıyır", - deyə Elman Nəsirov qeyd edib.
O, həmçinin bildirib ki, avarçəkmə yarışının Suqovuşanda və digər yerlərdə keçirilməsi bu idman növünün gənc nəsil arasında təbliğinə xidmət edir.
"Hiss olunur ki, yeniyetmə və gənclər bu idman növünə böyük maraq göstərirlər. Yarışlara qoşulan əcnəbi komandaların üzvləri üçün Suqovuşan böyük bir xatirəyə çevriləcək. Onlar Azərbaycan haqqında məlumatları sosial şəbəkələrdə paylaşacaqlar. Xarici qonaqlar özləri də bildirirlər ki, bir vaxt işğal altında olan bu ərazi necə də dəyişib, abadlaşıb. Biz isə öz növbəmizdə bu çiçəklənməni və bərpanın canlı şahidlərinə çevrilmişik. Heç kimə sirr deyil ki, düşmən tapdağı altından xilas edilən ərazilərmizdə tikinti-qurucluq işləri aparılır. Buna görə də ölkə başçısı Cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. Cənab prezident hər bir sahəyə böyük diqqət yetirir. Bunun nəticəsidir ki, hər bir sahədə uğurlarımız günü-gündən artır", - deyə Elman Nəsirov qeyd edib.
Elman Nəsirov: "Bu yarışları keçirməklə biz dünyaya sülh mesajı veririk"
