“Avropa çempionatında qızıl medal qazanaraq bayrağımızı yüksəklərdə dalğalandırdığım üçün qürur duyuram”.
Bu sözləri Albaniyanın Dürres şəhərində ustad ağırlıqqaldıranlar arasında Avropa çempionatında 67 kq çəki dərəcəsində M-40 kateqoriyasında qızıl medal qazanan Zülfüqar Süleymanov “Olimpnews.az”a yarışla bağlı təəssüratlarını bölüşərkən deyib.
O, sonuncu dəfə 2013-cü ildə Albaniyanın Tirana şəhərində keçirilən Avropa çempionatında iştirak etdiyini xatırladaraq 12 il sonra yenidən həmin ölkədə körpücük üzərinə çıxdığını diqqətə çatdırıb.
“Bu yarış mənim üçün unudulmaz anlarla yadda qaldı. Bilmirəm təsadüfdür ya necə, peşəkar karyeramın son yarışı da məhz Albaniyada olmuşdu. 12 ildən sonra yenidən bu ölkədə Azərbaycanı təmsil etmək imkanım yarandı. Mənim üçün önəmli olan məqamlardan biri də məhz bu idi ki, Vətənimə medalla qayıdım. Ustad ağırlıqqaldıranlar arasında keçirilən yarışda 67 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Qızıl medal qazanmaq, Azərbaycanın Dövlət Himnini səsləndirmək, üçrəngli bayrağımızı zirvələrə qaldırmaq və Avropa rekordunu yeniləmək həyatımın ən unudulmaz anlarından biridir. Hisslərimi sözlə ifadə etmək çətindir. Həqiqətən də qürurverici və möhtəşəm hisslər yaşadım. Uzun illərdir ki, bu rekord yenilənmirdi. Sevindirici haldır ki, rekordu məhz mən yenilədim. Yarışda ümumilikdə bütün kateqoriyalar üzrə min nəfərdən çox iştirakçı var idi. Bu da yarışın miqyasından xəbər verir”, - deyə Zülfüqar Süleymanov bildirib.
Qeyd edək ki, ustad ağırlıqqaldıranlar arasında Avropa çempionatında Azərbaycan komandasının üzvlərindən Vaqif Müsadiq (81 kq, M-70), Zülfüqar Süleymanov (67 kq, (M-40) qızıl, Natiq Həsənov (96 kq, M-45) və Eldar Məmmədov (109 kq, M-45) isə gümüş medala layiq görülüb.
Azər Əlizadə