ÇL-də “16-lar”ın mübarizəsi başlayır

ÇL-də “16-lar”ın mübarizəsi başlayır


Bu gün Avropanın ən nüfuzlu klub turniri sayılan UEFA Çempionlar Liqasında (ÇL) mübarizə başlayacaq. Son illərdəki ənənəyə görə 1/8 final mərhələsinin ilk qarşılaşmaları 2 həftə davam edəcək.
2 oyunu bu gün, 2-si ertəsi gün keçiriləcək mərhələ gələn həftə təşkil olunacaq 4 görüşlə davam etdiriləcək. Püşkün, demək olar ki, üz-üzə qoyduğu ən maraqlı cütlər bu həftə qarşılaşacaqlar. İngiltərə klublarının matçları xüsusilə diqqəti çəkir.
"Mançester Siti” doğma azarkeşlər önündə "Barselona” klubunu sınağa çəkəcək. Hazırda öz ölkələrində də çempionluq uğrunda mübarizə aparan klublar avrokuboklarda ilk dəfə üz-üzə gələcəklər. Əvvəllər İngiltərə klubları ilə 60 oyuna çıxan və 98 qola sevinən kataloniyalılar yubiley topunu Mançesterdə rəqib qapısından keçirmək əzmindədirlər.

Günün digər oyununda PSJ-ni qəbul edəcək "Bayer” də bu rəqibi ilə ilk dəfə görüşəcək.
"Arsenal” yarışın son qalibi "Bavariya” klubunu qəbul edəcək. Turnirin favoriti olan almaniyalılar indiyədək 6 dəfə London təmsilçisi ilə üz-üzə gəliblər. Bu matçlarda "Arsenal” 2, "Bavariya” 3 qələbə qazanıb, 1 görüş isə heç-heçə nəticələnib. Top fərqində də münhenlilər öndədirlər - 9:7. Ötən mövsümün də 1/8 final mərhələsində qarşılaşan rəqiblərin oyununda almanlar mərhələ keçmişdilər - 3:1, 0:2.
"Atletiko” səfərdə "Milan” komandası ilə üz-üzə gələcək. Bu komandalar da indiyədək avrokuboklarda görüşməyiblər.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
18 fevral (çərşənbə axşamı)
23:45. "Mançester Siti” (İngiltərə) - "Barselona” (İspaniya)
23:45. "Bayer” (Almaniya) - PSJ (Fransa)

19 fevral (çərşənbə)
23:45. "Milan” (İtaliya) - "Altetiko” (Madrid, İspaniya)
23:45. "Arsenal” (İngiltərə) - "Bavariya” (Almaniya)