"Zolaqlılar” isə irəliləməkdə davam edir
Fevralın 19-da Topaz Premyer Liqasında XXII turun oyunları keçirilib. 1 gün ərzində təşkil olunan 5 matçdan 3-ü paytaxtda oynanılıb. Tur qızıl medallar uğrunda yarışan "Qarabağ”, "Qəbələ” və "Bakı” klubları üçün uğurlu olub. "Neftçi” isə növbəti dəfə qələbəyə həsrət qalıb.
Topaz Premyer Liqası
XXII tur
19 fevral (çərşənbə)
AZAL - "Qəbələ” - 1:2
Qollar: Nedo Turkoviç, 39 (pen.) - Daniel Subotiç, 43; Şəhriyar Rəhimov, 70 (öz qapısına).
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Elşən Acalov, Ramiz Məhərrəmov.
Bakı. AZAL Arena stadionu.
İlk 2 dövrədəki oyunlar: 1:2, 0:1
Günün ilk oyunu Şüvəlanda keçirilib. AZAL doğma azarkeşlər önündə çempionluğa iddialı "Qəbələ” klubunu qəbul edib. Son turlarda ardıcıl məğlubiyyətlə üzləşən Yuri Syominin yetirmələri liderlik uğrunda mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. Oyunun favoriti də məhz Qəbələ təmsilçisi hesab edilirdi. Lakin AZAL da meydana xal qazanmaq üçün çıxmışdı. Matça yaxşı başlayan Vaqif Sadıqovun yetirmələri ilk hissənin sonlarına yaxın 11 metrlik cərimə zərbəsindən hesabı açıblar. Lakin "təyyarəçilər” qələbə hesabını qoruya bilməyiblər və oyunun gedişində qapısında 2 top görüb. Rəqibin ikinci qolu AZAL-ın futbolçusunun aktivinə yazılıb. Şəhriyar Rəhimov oyunun 71-ci dəqiqəsində rəqibə sevinc yaşadıb - 1:2. Nəticədə, "qırmızı-qaralar” yenə "təyyarəçilər”ə qalib gəliblər. Maraqlıdır ki, Şüvəlanda keçirilən ilk görüşdə olduğu kimi, Yuri Syominin yetirmələri oyunun birinci hissəsində yenə hesabda geri düşsələr də, əzmkar qələbə qazanıblar. 22 turdan sonra "Qəbələ” 41 xalla turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. AZAL isə növbəti dəfə məğlub olaraq, 8-ci pillədə qalıb.
"Simurq” - "Sumqayıt” - 4:0
Qollar: Draqan Çeran, 13 (pen.); 48; İdan Vaytsman, 20; Salif Ballo, 86.
Hakimlər: Alik Yunusov, Azər Əsgərov, Munis Abdullayev, Sərxan İsmayılov.
Qırmızı vərəqə: Vurğun Hüseynov, 28 ("Sumqayıt”).
Zaqatala. Şəhər stadionu.
İlk 2 dövrədəki oyunlar: 3:1, 1:0

Növbəti qarşılaşmada "Simurq” öz meydanında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Sumqayıt” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Son dövrədəki çıxışlarına nəzər saldıqda, Sumqayıt təmsilçisinin daha uğurlu çıxış etdiyini demək olardı. Aqil Məmmədovun yetirmələri 3 oyundan 2 xalla ayrılmışdısa, Georgi Çixradzenin yetirmələri 3 oyundan 1 xal belə qazanmamışdı. Məhz bu səbəbdən Zaqatalada təşkil olunan qarşılaşma meydan sahibləri üçün daha çox əhəmiyyət daşıyırdı. Turun ən böyük hesablı qələbəsi də bu qarşılaşmada qeydə alınıb. "Sumqayıt” klubu oyunun 32-ci dəqiqəsindən sonra rəqibə qarşı 10 nəfərlə mübarizə aparıb. Belə ki, Vurğun Hüseynov qeyri-idman hərəkətinə görə "qırmızı” alaraq, meydanı tərk edib. Bundan sonra qonaqlar rəqibə tam "təslim olublar” və qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bu görüşdən sonra "Simurq” xalını 28-ə çatdıraraq 7-ci pillədəki yerini qoruyub və 2014-cü ildə ilk xallarını qazanıb. "Sumqayıt” isə 22 oyundan sonra 9 xalla sonuncu pillədə qərarlaşıb.
"Neftçi” - "İnter” - 2:2
Qollar: Araz Abdullayev, 76 (pen.); Ruslan Qurbanov, 86 - Yohan Bokonyano, 29; Laşa Salukvadze, 81.
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Nahid Əliyev, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.
Bakı. "Bakcell Arena” stadionu.
İlk 2 dövrədəki oyunlar: 3:1, 1:3
Zaqataladakı görüşlə eyni vaxtda Bakı qarşılaşması da keçirilib. "Neftçi” "Bakcell Arena”da "İnter” komandasını sınağa çəkib. Bu qarşılaşma hər iki komanda üçün böyük əhəmiyyət kəsb edirdi. Belə ki, "ağ-qaralar” 3 xal sayəsində ilk "üçlük”də qalacaqdısa, "bankçılar” qələbədən sonra liderlərlə xal fərqini azaldacaqdı. Son turlarda "İnter”in uğurlu çıxışı və "Neftçi”nin uğursuzluqları, bundan başqa meydan sahiblərinin heyətində bir neçə aparıcı futbolçunun olmaması oyunun maraqlı keçəcəyinə işarə idi. Gərgin keçən derbidə qonaqlar 2 dəfə hesabda önə keçsələr də, qələbəni əldən veriblər. Matçın sonuna yaxın əvəzetmədən meydana daxil olan Ruslan Qurbanov komandasını məğlubiyyətdən xilas edib və tərəflər meydanı heç-heçə ilə tərk ediblər - 2:2. "İnter” 22 turdan sonra "Neftçi” ilə xal fərqini qoruyub. "Ağ-qaralar” 39 xalla 4-cü pilləyə düşübsə, "İnter” 37 xalla 5-ci pillədə qərarlaşıb.
"Rəvan” - "Qarabağ” - 0:2
Qollar: Corc Leroy, 61; 68.
Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Rza Məmmədov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Vüsal Əliyev.
Bakı. "Bayıl Arena” stadionu.
İlk 2 dövrədəki oyunlar: 1:1, 0:0
Digər bir maraqlı qarşılaşma "Bayıl Arena” stadionunda olub. Yerli "Rəvan” və "Qarabağ” klubları üz-üzə gəliblər. Əvvəlki dövrələrdə Bayıl təmsilçisi ilə oyunları xal itkisi ilə başa vuran Qurban Qurbanovun yetirmləri bu dəfə rəqib qapısından 2 cavabsız top keçirib. Hollandiyalı Leroy Corcun dublu "Qarabağ”ın ilk sıradakı yerini möhkəmlətməsinə səbəb olub. Hər dəfə iddialı açıqlamalar verən Güvənç Kurtarın isə vəziyyətinin yaxşı olmadığı məlumdur. Türkiyəli mütəxəssisin cari mövsümdə "Rəvan”ın 4-cü baş məşqçisi olduğunu nəzərə alsaq, onun da gedişinə az vaxt qaldığını demək olar. "Qarabağ” səfərdə qazanılan 3 xal sayəsində turnir cədvəlində 1-ci pillədəki yerini möhkəmləndirib. Ağdam klubunun aktivində 45 xal var. "Rəvan” isə 10 xalla 9-cu pillədə qərarlaşıb.
"Xəzər Lənkəran” - "Bakı” - 0:2
Qollar: Yure Travner, 70; Rauf Əliyev, 90.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Elvin Əsgərov.
Lənkəran. Mərkəzi şəhər stadionu.
İlk 2 dövrədəki oyunlar: 2:1, 0:3
Bu görüşlə eyni vaxtda "Xəzər Lənkəran” - "Bakı” qarşılaşması da start götürüb. Hər iki komandanın son turlardakı uğurlu çıxışı matçın gərgin keçəcəyindən xəbər verirdi. Tərəflər oyunun 70-ci dəqiqəsinə qədər rəqib qapısına yol tapa bilməyiblər. Nəhayət matçın başa çatmasına 20 dəqiqə qalmış Milinko Pantiçin yetirmələri hesabda önə keçiblər. Cavab topunu vurmağa çalışan Mustafa Dənizlinin yetirmələri oyunun 90+1-ci dəqiqəsində qapısında 2-ci topu görüblər. Beləliklə, "Bakı” Lənkəran səfərindən 3 xalla dönüb və xal ehtiyatını 39-a çatıdraraq, liderlik mübarizəsinə qoşulub. "Ağ-yaşıllar” isə 29 xalla 6-cı pillədə qərarlaşıb.
Yeri gəlmişkən, "Xəzər Lənkəran”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb. "Bakı”ya məğlub olan cənub təmsilçisi türkiyəli baş məşqçi Mustafa Dənizlinin rəhbərliyi altında ilk dəfə xalsız qalıb. "Xəzər Lənkəran” çempionatdakı son 8 oyununda uduzmamışdı. "Ağ-yaşıllar” sonuncu dəfə XV turda meydanı başıaşağı tərk etmişdi. Maraqlıdır ki, onda da cənublular zərbəni "Bakı”dan almışdılar. 2013-cü il noyabrın 22-dəki qarşılaşmada bakılılar öz meydanında 3:0 hesabı ilə qalib gəlmişdi. 89 gündən sonra uduzan komanda bu müddətdə 4 qələbə qazanmış və 4 heç-heçə etmişdi. Kubok qarşılaşmasını da nəzərə alsaq, "Xəzər Lənkəran” ardıcı 9 oyunda uduzmayıb.
M. Dənizlinin seriyası isə daha qısa olub. Ötən ilin dekabrında bu vəzifəyə gətirilən türkiyəli 7 məğlubiyyətsiz matçdan sonra məğlubiyyətlə üzləşib. Bu matçlarda biri kubokda olmaqla, 5 qələbə və 2 heç-heçəsi olan mütəxəssis üçün ilk uğursuzluq doğma arenada qeydə alınıb.
23 fevral (bazar)
"Qəbələ” - "Rəvan”
Qəbələ. Şəhər stadionu. Saat 13:00.
AZAL - "Xəzər Lənkəran”
Bakı. "AZAL Arena” stadionu. Saat 17:00.
"Qarabağ” - "Simurq”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:00.
"Sumqayıt” - "Neftçi”
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu, süni örtüklü meydança. Saat 15:00.
"İnter” - "Bakı”
Bakı. "Şəfa” stadionu. Saat 16:00.