Xatirə turniri yekunlaşmaq üzrədir

Xatirə turniri yekunlaşmaq üzrədir


Bakı Kəndləri Futbol Federasiyasının təşkilatçılığı ilə "Şöhrət” ordenli əfsanəvi futbolçu Anatoli Banişevskinin xatirəsinə həsr olunan ənənəvi futbol turniri keçirilir. 1977-ci ildən keçirilən xatirə turniri 2 qrup üzrə təşkil edilib. 1996-cı illər təvəllüdlü futbolçular arasında keçirilən turnirin qrup mərhələsinə yekun vurulub.
A qrupunda mübarizə aparan "Binə” klubu qrupda keçirdiyi hər 3 qarşılaşmada rəqiblərini böyük hesabla məğlub etməyi bacarıb (4:0, 9:0, 3:0). Qrupun digər komandası "Buzovna” 2 matçda qələbə qazanıb. Nəticədə, "Binə” maksimum xalla finala vəsiqə əldə edib. "Buzovna” isə 6 xalla növbəti mərhələyə adlayıb.
B qrupunda "Şəfəq” (Ağdam) klubunun aşkar üstünlüyü qeydə alınıb. Hər 3 oyunda qələbə qazanan komanda qrupu birinci pillədə başa vurub. Qrupun digər komandası "Maştağa” 2 oyunda qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
Qrupun oyunları başa çatdıqdan sonra növbəti mərhələyə vəsiqə qazanan komandaların adına aydınlıq gəlib. Qrupda 2-ci pilləni tutan "Buzovna” ilə "Maştağa” klubları 3-cü yer uğrunda mübarizə aparıblar. Oyun buzovnalıların qələbəsi ilə başa çatıb - 8:2.
Finalda isə A qrupun lideri "Binə” B qrupunun birincisi "Şəfəq” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. "Dalğa Arena” stadionunda keçirilən oyunları AFFA-nın hakimləri idarə edir.
Məlumat üçün bildirək ki, finala çıxan hər iki komanda və futbol veteranları fevralın 23-də səhər saatlarında mərhum futbolçunun məzarını ziyarət edəcəklər.
Qeyd edək ki, qaliblərə Milli Olimpiya Komitəsi (MOK) və AFFA tərəfindən hədiyyələr veriləcək. Bundan başqa, təşkilatçılar ən intizamlı komandanı, məhsuldar futbolçunu və hakimləri mükafatlandıracaqlar.

Ənənəvi futbol turniri
A qrupu: "Bakı kəndləri”, "Binə”, "Buzovna”, "Zirə”
B qrupu: "Şəfəq” (Ağdam), "Görədil”, "Qobustan”, "Maştağa”

I tur
"Maştağa” - "Qobustan” - 4:3
"Şəfəq” - "Görədil” - 4:2
"Bakı kəndləri” - "Zirə” - 0:6
"Buzovna” - "Binə” - 0:4

II tur
"Qobustan” - "Görədil” - 1:2
"Şəfəq” - "Maştağa” - 10:1
"Binə” - "Bakı kəndləri” - 9:0
"Zirə” - "Buzovna” - 0:3

III tur
"Maştağa” - "Görədil” - 3:0
"Qobustan” - "Şəfəq” - 0:3
"Bakı kəndləri” - "Buzovna” - 0:8
"Binə” - "Zirə” - 3:0

3-cü yer uğrunda
"Buzovna” - "Maştağa” - 8:2

23 fevral
Final
"Binə” - "Şəfəq”
Bakı. "Dalğa Arena” stadionu. Saat 13:00.