Yığmamızın EURO-2016-da rəqibləri püşkatmada bəlli olacaq

Yığmamızın EURO-2016-da rəqibləri püşkatmada bəlli olacaq



Bakıya hansı güclü komanda gələcək?
Fevralın 23-də Fransanın Nitsa şəhərində EURO-2016-nın seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbirdə milli komandaların adları yazılar şarları səbətdən çıxaracaq məşhurların adları artıq bəllidir. Azərbaycan yığması və seçmə mərhələnin digər iştirakçılarının taleyini bu dəfə qapıçılar həll edəcək. Belə ki, təşkilatçılar bu işi karyerasını başa vurmuş 7 tanınmış qapıçıya tapşıracaqlar. Onların arasında Azərbaycanda yaxşı tanınan Rinat Dassayev də var. SSRİ yığmasının və "Spartak”ın keçmiş qapıçısı dəfələrlə "Neftçi”yə qarşı oynaması ilə bizlərə daha yaxşı tanışdır. Tədbirin digər iştirakçıları isə belçikalı Jan Mari Pfaff, italiyalı Dino Dzoff, ispaniyalı Xose Anxel İribar, şimali irlandiyalı Pat Cenninqs, ingiltərəlilər Qordon Benks və Raymond Klemens olacaq.
Qeyd edək ki, UEFA püşkatma zamanı bir neçə amili əsas götürəcək. Bir sıra ölkələr arasında olan siyasi münasibətə, həmçinin (Azərbaycan və Ermənistan, İspaniya və Cəbəllütariq, Rusiya və Gürcüstan bir qrupda yer ala bilməz) növbəti amillərə də diqqət yetiriləcək.

Dünyada riskli iqlimi olan stadionlar çoxdur. Bu qrupa soyuq iqlimi olan ölkələr daxildir. Soyuq qış ölkələrinin yığmaları noyabr və mart aylarındakı qarşılaşmalarını səfərdə keçirəcəklər. Hər qrupda qışı soyuq keçən ölkələrdən üç yığma olacaq. Bu ölkələr iki kateqoriyaya bölünüb: çox soyuq qışın müşahidə edildiyi ölkələr (Finlandiya, Farer adaları, Norveç və Rusiya) və soyuq qış müşahidə edilən ölkələr (Andorra, Belarus, Estoniya, Litva, Latviya, İsveç və Ukrayna).
Təsnifat mərhələsi zamanı çoxsaylı uzunmüddətli uçuşların qarşısını almaq üçün UEFA üç kateqoriya tətbiq edib: uzunmüddətli uçuşlar (paytaxtlar arasında 8 saatdan çox vaxt alan uçuşlar), qeyri-uzunmüddətli uçuşlar (6-8 saat), qısa müddətli uçuşlar (6 saatdan az). Hər qrupda, paytaxtları arasında məsafə, əks istiqamət də daxil olmaqla, səkkiz saatdan çox uçuş vaxtı çəkən üç ölkənin komandası yer alacaq.
Püşkatmada İngiltərə, İspaniya, Almaniya, İtaliya və Hollandiya yığmaları A qrupunda yer ala bilməz. Burada Fransa komandası müsabiqədənkənar yer alıb.
Bu amilləri nəzərə alsaq, EURO-2016-nın seçmə mərhələsinin püşkatmasının nəzəri, nisbətən əlverişli nəticələri peyda olar. Yəni, nəticələrə əsasən, Azərbaycan yığmasının C qrupunda Rusiya, Ukrayna, Türkiyə, Belarus və San Marino yığmaları ilə bir qrupda yer almaq şansı yüksəkdir. Amma hələ hadisələri qabaqlamayaq. 2 gündən sonra hər şeyə aydınlıq gələcək. Qeyd edək ki, yığmamız püşkatma zamanı 5-ci səbətdə yer alacaq.

EURO-2016-nın seçmə
mərhələsinin səbətləri
1-ci səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Rusiya, Bosniya və Herseqovina;
2-ci səbət: Ukrayna, Xorvatiya, İsveç, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya;
3-cü səbət: Serbiya, Türkiyə, Sloveniya, İsrail, Norveç, Slovakiya, Rumıniya, Avstriya, Polşa;
4-cü səbət: Çernoqoriya, Ermənistan, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus;
5-ci səbət: İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr;
6-cı səbət: Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Farer adaları, Malta, Andorra, San Marino, Cəbəllütariq.