"Sumqayıt” 188 gündən sonra qələbə qazandı
Fevralın 23-də Topaz Premyer Liqasında XXIII turun oyunları keçirilib. Azarkeşlər bu turda maraqlı oyunların və nəticələrin şahidi olublar. Təşkil olunan 5 matçın 3-ü paytaxtda olub. Tur daha çox heç-heçələrlə yadda qalıb. Belə ki, 5 qarşılaşmadan 4-də heç-heçə qeydə alınıb.
Turun açılış matçı Qəbələdə keçirilib. "Qəbələ” - "Rəvan” qarşılaşmasının qonaqlar üçün həm uğurlu, həm də uğursuz keçdiyini demək olar. Güvənç Kurtarın yetirmələri üçün liderlik uğrunda mübarizə aparan Qəbələ təmsilçisindən bir xal almaq və matç ərzində 2 penalti dəf etmək uğurlu nəticə sayıla bilər. Bayıl təmsilçisinin qapıçısı Lukaş Sapelanın qırmızı vərəqə ilə oyundan kənarlaşdırılması isə komanda üçün ürəkaçan heç nə verməyib. Matçın 54-cü dəqiqəsində Orxan Lalayev və 72-ci dəqiqəsində Boyan Markoviçin kobudluğundan sonra təyin edilən penalti zərbələrini Lorenzo Ebesilio və Leonardo da Silva qola çevirə bilməyiblər. Son turlarda qeyri-sabit oyun göstərən "Qəbələ” 23 oyundan sonra 42 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Rəvan”a gəldikdə isə səfərdən bir xalla qayıtması komandanın turnir cədvəlinin autsayderi olmaqdan xilas edə bilməyib. Aktivində 11 xal olan "Rəvan” 23 turdan sonra sonuncu pilləyə düşüb və "Sumqayıt”dan 1 xal geri qalır.
Sumqayıtda keçirilən qarşılaşmada da sensasiya qeydə alınıb. "Neftçi” səfərdən xalsız qayıdıb. Bir neçə aparıcı futbolçusu sarı vərəqə limitinə görə oynamadığından Böyükağa Hacıyev start heyətində gəncləri meydana buraxmışdı. Lakin bu, Aqil Məmmədovun yetirmələrinə böyük üstünlük verib. Belə ki, Mirzağa Hüseynpur matçın 38 və 70-ci dəqiqlərində vurduğu qollarla komandasına qələbə qazandırıb. Bununla, Böyükağa Hacıyevin yetirmələrinin qələbə həsrəti 4 oyuna çatıb. Sumqayıt səfərindən xalsız qayıdan "Neftçi” ilk "üçlüy”ün son nümayəndəsi "Bakı”dan 1 xal geridir. "Gənclik şəhəri” təmsilçisi isə qazanılan qələbə sayəsində autsayderlik pilləsindən xilas olub. Nəticədə, "Sumqayıt”ın Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası başa çatıb. Ardıcıl 19 oyundur qələbə qazana bilməyən Aqil Məmmədovun yetirmələri nəhayət, uğursuz seriyaya son qoyublar. "Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə III turda qalib gəlmişdi. 2013-cü il avqustun 19-da öz meydanında "Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən "Sumqayıt” 19 matçlıq qələbə həsrətinə 188 gündən sonra son qoyub.
Digər bir maraqlı qarşılaşma "Şəfa” stadionunda olub. "İnter” doğma meydanda "Bakı” klubunu sınağa çəkib. Komandalar 90 dəqiqə ərzində hərəyə bir dəfə fərqlənib. Bu qollar da ilk hissəyə təsadüf edib. Oyunun 12-ci dəqiqəsində qeydə alınan Aleksandr Soliçin qoluna matçın 27-ci dəqiqəsində Vaqif Cavadov cavab verib. Bakı derbisi 1:1 hesabı ilə başa çatıb. Beləliklə, səfərdə bir xal qazanan Milinko Pantiçin yetirmələri 3-cü pillədəki mövqeyini qoruyublar. "Bankçılar” isə 5-ci pillədə qalıb. Yeri gəlmişkən, bu turda vurulan qol "Bakı” üçün yubileylə əlamətdar olub. "İnter”lə qarşılaşmada hesabı açan Aleksandar Şoliç klub tarixinə düşüb. Belə ki, xorvatiyalı legioner paytaxt təmsilçisinin Premyer Liqada 600-cü qolunu vurub.

Günün növbəti qarşılaşması Şüvəlanda keçirilib. AZAL "Xəzər Lənkəran” klubunu qəbul edib. Mustafa Dənizlinin yetirmələri qonaq meydanda iki top fərqi ilə önə keçsələr də, qələbəni əldən veriblər. Vaqif Sadıqovun yetirmələri oyunun sonlarında istəyinə nail olublar. Junior Nildo və Elnur Abdullayevin qollarına görüşün sonlarında öncə Nedo Turkoviç cavab verib. Matçın 91-ci dəqiqəsində Aleksandr Şemonayev qırmızı vərəqə alaraq meydanı tərk etsə də, oyunun 94-cü dəqiqəsində Slavik Alxasovun kobudluğu sayəsində təyin edilən penaltini Con Oluremi dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Nəticədə, qarşılaşma 2:2 hesabı ilə də başa çatıb.
Bu matçla eyna saatda "Qarabağ” - "Simurq” komandalarının qarşılaşması start götürüb. Çempionluğa iddialı digər klubların xal itirməsindən sonra aradakı fərqi artırmaq şansı olan Ağdam klubu istəyinə çatmayıb. Georgi Çixaradzenin yetirmələri qapısından qol buraxmasa da, rəqib qapısına da yol tapa bilməyib. Tərəflər mərkəzi arenanı qolsuz bərabərliklə tərk ediblər.
Beləliklə, XXIII tur heç-heçələrin çoxluğu ilə əlamətdar olub. Yalnız "Sumqayıt”la "Neftçi”nin matçında 2 cavabsız qol vuran meydan sahibləri qalib gəliblər. Cari mövsümdə ikinci dəfə eyni turda 4 heç-heçə qeydə alınıb. "Neftçi”nin "Bakı”nı 2:1 hesabı ilə məğlub etdiyi XIII turda da 1 qarşılaşmada meydan sahibləri üstün olmuş, 4 görüşdə heç-heçə qeydə alınmışdı.
2004-2014-cü illərə təsadüf edən son 10 mövsümdə isə 7 dəfə turda yalnız bir matçda qalib müəyyənləşib, digərləri heç-heçə ilə nəticələnib. 2005/06-cı illər mövsümündə 11-ci, 2009/10-cu illər mövsümündə 21-ci, 25-ci və 29-cu, 2012/13-ci illər mövsümündə isə ilk turda yalnız 1 komanda 3 xal əldə etmişdi. İlk belə hadisə zamanı 7, növbəti 3 halda 6, son 3 heç-heçəli turda isə 5 görüş keçirilib.
Topaz Premyer Liqası
XXIII tur
23 fevral (bazar)
AZAL - "Xəzər Lənkəran”- 2:2
Qollar: Nedo Turkoviç, 83; Con Oluremi, 90+5 (pen.) - Junior Nildo, 22; Elnur Abdullayev, 48.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Rza Məmmədov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
Bakı. "AZAL Arena” stadionu.
"Qarabağ” - "Simurq” - 0:0
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ziya Nəsirov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
"İnter” - "Bakı” - 1:1
Qollar: Vaqif Cavadov, 26 - Aleksandar Şoliç, 11.
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elşən Acalov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Alik Yunusov, İnqilab Məmmədov.
Bakı. "Şəfa” stadionu.
"Sumqayıt” - "Neftçi” - 2:0
Qollar: Mirzağa Hüseynpur, 36, 70.
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov, Nail Nağıyev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu, süni örtüklü meydança.
"Qəbələ” - "Rəvan”- 0:0
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov.
Qəbələ. Şəhər stadionu.