2016-cı ildə Fransada keçiriləcək EURO-2016-nın seçmə mərhələsinin püşkü atılıb. Bu püşkü yığmamız üçün çətin saymaq olar. H qrupunda yığmamızla yanaşı, İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta milli komandaları yarışacaqlar. Məşqçi və futbolçular arasında püşklə bağlı sorğu keçirdik və onlara aşağıdakı sualları verdik.
1. Püşkə münasibətiniz?
2. Azərbaycan millisi H qrupunda nəyə ümid edə bilər?

- Çox çətin qrupa düşmüşük. Necə deyərlər, püşkatmada bəxt üzümüzə gülmədi. Çətin rəqib hesab olunmasalar da, bu yığmaların nəyə qadir olduqlarını yaxşı bilirik. Qrupda hər bir komanda ilə oynamaq mümkündür. Bəzi rəqiblərlə qarşılaşmışıq. Millinin baş məşqçisi bu müddət ərzində çox işləməli, rəqibləri izləməlidir.
Pükşatma mərasimini əvvəldən axıra kimi izlədim. Fikirləşirdim ki, Azərbaycan millisi 5 komandanın yer aldığı qrupa düşəcək. Lakin bu mümkün olmadı. Ermənistan komandası həmin qrupda yer aldı. Əgər həmin qrupa düşsə idik, oynamaq və nəticə göstərmək mümkün olardı. Lakin təəssüflənmək lazım deyil. Qeyd edim ki, 2-ci qrupda yer alsa idik, daha yaxşı olardı. Çünki bu qrupda rəqiblərlə sərbəst oynaya bilərdik.
Artıq hər şey məlumdur. İndi növbədə məşqçinin və federasiyanın görəcəyi işlərdir. Buna məsuliyyətlə yanaşmaq lazımdır. Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağın vaxtı çatıb. Çünki son illərə nəzər salsaq görərik ki, futbolumuz yüksəlməyə doğru gedir. Heyətdə yaxşı futbolçular var. Hesab edirəm ki, bizdə artıq kollektiv oyunu formalaşır. Düzdür, bizim komandada Messi, Ronaldu və digər ulduz futbolçular yoxdur. Lakin komanda şəklində istənilən rəqibə müqavimət göstərən heyətimiz var.
Qrupdakı rəqiblərdən danışanda qeyd edim ki, onlarla mübarizə aparmaq olar. Berti Foqts gərək onları hər bir oyuna kökləsin. Rəqibin adından, titulundan çəkinməmək lazımdır. Biz bunu bir sıra komandaya qarşı oyunda sübut etmişik. Bütün rəqiblərə dəyər vermək və seçmə mərhələdə çox işləmək lazımdır.
Qrupdakı rəqiblərdən İtaliya və Xorvatiya yığmaları dünya çempionatında iştirak edəcəklər. Məsələyə ciddi yanaşaraq deyim ki, hər iki komanda qrupda ilk 2 yer uğrunda mübarizə aparacaq. Lakin bir məsələ var. Götürək İtaliyanı. Onlar DÇ-2014-də necə oynayacaqlar? İtalyanların dünya çempionatından sonra məşqçisi, futbolçu nəsli və komandanın nizamı dəyişə bilər. Bunun yaxşı və ya pis olmasını deyə bilmərəm. Bu amili diqqətdə saxlamaq lazımdır. Xorvatiya yığması da çətin rəqibdir. Bolqarıstan və Norveç komandaları ilə mübarizə aparmaq olar. Biz mütəxəssislər çox istəyirik ki, komandamız Avropa çempionatının final mərhələsində oynasın. Bunun üçün şansımız da var.

- Xorvatiya millisindan başqa bütün komandalar bizə tanışdır. Hər biri ilə qarşılaşmışıq. Nəzərə almaq lazımdır ki, əsas favorit sayılan İtaliya və Xorvatiya komandaları bu il keçiriləcək dünya çempionatında iştirak edəcəklər. Əgər yaxşı nəticə əldə etsələr, eyni heyətlə yolları davam etdirəcəklər. Mənfi nəticə qazansalar, yeni bir İtaliya və Xorvatiya milliləri görəcəyik. Hər bir rəqiblə oynaya bilərik. Çox maraqlı görüşlər olacaq. Bəziləri İtaliya millisini favorit, Malta yığmasını isə autsayder hesab etsə də, bu qrupda aşkar favorit və ya autsayder yoxdur. Yeri gəlmişkən, biz 12 il bundan qabaq İtaliya yığması ilə başabaş mübarizə apardıq. Bəlkə də üstün oyun nümayiş etdirdik. Sadəcə italyanlar səhvlərimizindən istifadə edib, bizi 2:0 hesabı ilə məğlub etdilər. İndi futbolçularımız da təkmilləşib. Əgər o vaxt Rəşad Sadıqov 20 yaşlı futbolçu idisə, indi daha təcrübəlidir və komandanı öz arxasınca apara bilər. Bu gün düşünməməliyik ki, hansısa rəqib bizdən güclüdür. Ən yüksək yer uğrunda mübarizə aparmalıyıq.
Əgər Rusiya və Portuqaliya milliləri ilə başabaş mübarizə apara biliriksə, niyə də Norveç və Bolqarıstan komandalarını məğlub etməyək? Hesab edirəm ki, Avropada aşkar favorit olan komanda yoxdur. Hər bir rəqiblə mübarizə apara bilərik. Futbolçularımız bunu son seçmə mərhələdə sübut ediblər. Qeyd etdiyim kimi, həmin inkişafın davamı gəlməlidir.
"Çətin qrupa düşmüşük” ifadəsi ilə razı deyiləm. Bizim üçün rahat rəqib seçmək düzgün olmazdı. Hər bir komandaya qarşı oyuna düzgün köklənmək lazımdır. Əgər yüksk hədəflər üçün çalışırıqsa, rəqibləri seçməməliyik. Özümüz güclü bir yığma komanda formalaşdırmalıyıq. Onun üçün də işlər planlı şəkildə görülməlidir. Son seçmə mərhələdə dördüncü yeri tutmuşuqsa, niyə də bu dəfə üçüncü yerə çıxmamalıyıq? Hər bir rəqiblə bizi çətin oyun gözləyir. Komandamızın dinamikasını izləsək, görərik ki, ildən-ilə uğurlu nəticə əldə edirik. Ümid edirəm ki, bu dinamika davam edəcək və daha artıq nailiyyətlər qazanacağıq. Yeni reqlament imkan verir ki, millimiz pley-off oyunu ilə final mərhələsinə vəsiqə qazansın. Ən azı bu yer üçün mübarizə aparmaq lazımdır. Hədəf bu olmalıdır.

- Çox çətin bir qrupa düşdük. Fikirləşirdik ki, bu seçmə mərhələdə nəsə edə bilərik. Çünki yeni reqlament bir qədər işimizi asanlaşdırır. Buna görə də pley-offa vəsiqə qazanmaqla, final mərhələsinə yüksələcəyimizə ümidimiz var idi. Ancaq belə rəqiblərlə düşməyimiz heç yaxşı olmadı. İtaliya millisi həmişə olduğu kimi çox güclüdür. Xorvatiya komandası son illər xeyli güclənib. Yaxşı heyətləri var. Bu komandalar qrupun aşkar favoritidir. Norveç və Bolqarıstan yığmaları haqda məlumatım yoxdur. Malta millisini isə məğlub edə bilərik. Biz yenə də mübarizə aparacağıq. Hər şey etmək mümkündür.
Doğma azarkeşlər önündə istənilən rəqibdən xal ala, hətta qalib də gələ bilərik. Millimiz evdə həmişə yaxşı çıxış edib. Bizi əsasən səfərdə çətin oyunlar gözləyir. Norveç, Xorvatiya və Bolqarıstan milliləri standart vəziyyətlərdə çox təhlükəlidirlər və onlar güc futboluna üstünlük verirlər. Ona görə də çalışmalıyıq ki, ev oyunlarında maksimum nəticə qazanaq. Adətən ilk oyunu səfərdə keçirmişik. Bu dəfə öz meydanımızda oynamağımız daha yaxşı oldu. Çünki doğma meydanda qalib gəlsək, futbolçularımızda inam hissi yaranar. Bunun da növbəti oyunlarda bizə böyük köməyi olar. Özü də sonrakı qarşılaşmalarımız İtaliya və Xorvatiya yığmalarına qarşı olacaq. Həmin görüşlərdən əvvəl bizə mütləq ruh yüksəkliyi verən bir qələbə lazımdır.

- Püşkdə milli komandaya güclü rəqiblər düşdü. Əlbəttə ki, favorit İtaliya və Xorvatiya milliləridir. Ancaq komandamız "ölüm qrupu”nda deyil. İtaliya və Xorvatiya komandaları dünya çempionatının iştirakçıları olduğundan bu millilərin oyununu yaxşı təhlil etmək mümkün olacaq. Futbolçularımız qrupun favoritlərindən çəkinməməlidirlər. Üçüncü yeri tutan yığma komandanın da final mərhələsinə çıxmaq şansı var. Fikrimcə, bu pilləyə sahib çıxmaq çətin görünsə də, mümkündür. Ancaq bunun üçün millimiz Norveç və Bolqarıstan yığmaları ilə görüşlərdə 8 xal toplamalıdır. Son illər Norveç yığması yaxşı təsir bağışlamır. Fikir verin, onların klubları avrokuboklarda ciddi uğur qazanmırlar. Yəni hazırda onlarda oyunçu qıtlığı var. Bolqarıstan millisi isə yığmamızla eyni səviyyədədir. İtaliya millisindan evdə xal ala bilərik, ancaq Xorvatiyadan isə yox. Hazırda İtaliya millisində əksər futbolçuların 30-35 yaşı var. Ola bilər ki, dünya çempionatından sonra bir çox futbolçular millidəki karyerasını başa vursun. Yəni, rəqibimizdə heyət dəyişikliyi olacaq. Bunlardan istifadə etməliyik. Xorvatiya yığmasında çox güclü futbolçular var. "Real”da çıxış edən Luka Modriçin adını çəkmək kifayətdir. Onu yaxşı tanıyıram, mən "Xəzər Lənkəran”da çalışanda bizə qarşı oynayıb. İndi isə daha da artırıb. Malta millisi isə açıq-aşkar autsayderdir və belə rəqibi hər iki oyunda məğlub etməliyik.
Oktyabrda üç gün ərzində İtaliya və Xorvatiya milliləri ilə qarşılaşmaq çətin olacaq. Digər tərəfdən, son iki oyunu doğma azarkeşlər önündə oynasaq yaxşı olardı. Klubların oyunları diqqətlə izlənilməli, yığma komandanın heyəti stabilləşdirilməlidir. Qış fasiləsində Antalyada Berti Foqtsla fikir mübadiləsi apardıq. Alman məşqçinin klubların çalışdırıcıları ilə görüşünü müsbət qiymətləndirirəm. Aprel və ya may ayında millimiz güclü komandalardan biri ilə yoldaşlıq oyunu keçirsə daha faydalı olar.

- Azərbaycan millisinin bəxtinə uyğun rəqiblər düşüb. Hər seçmə mərhələdə 2 ölkə yığması ilə başabaş mübarizə apara bilirik. Bu dəfə millimiz Malta yığması ilə eyni qrupa düşüb. Məncə, ilk 2 yer uğrunda İtaliya, Xorvatiya və Norveç milliləri mübarizə aparacaq. Şübhəsiz ki, Bolqarıstan millisi də onlara mane olmağa çalışacaq. Çünki bu ölkədə futbol hazırda inkişafdadır. Nə qədər ağır olsa da, qrupun autsayderləri Azərbaycanla Malta yığmalarıdır. Bu iki komanda arasında qrup sonuncusu olmamaq üçün mübarizə gedəcək.
Yığmamız evdə daha yaxşı oynayaraq maksimum 4-cü yerə ümid edə bilər. Amma hər biri çətin rəqibdir. Hərəsinin öz oyun üslubu var. Texniki cəhətdən güclü Xorvatiya, taktiki cəhətdən güclü İtaliya, atletik cəhətdən güclü Norveç, bunların qarışığından ibarət oyuna üstünlük verən Bolqarıstan yığmalarla eyni qrupdayıq. Hər seçmə mərhələdə olduğu kimi, yenə hansısa güclü komandanı evdə "büdrədə” bilərik. Amma Avropa çempionatına vəsiqə qazanmağımız mümkün deyil. Bunu real saymıram. Xəyallarla yox, reallıqla barışmaq lazımdır. Millimiz hələ o dərəcədə formalaşmayıb ki, final mərhələsinə vəsiqə qazansın.

- Çətin və maraqlı qrupdur. Hazırlaşmaq və uğur qazanmağa cəhd etmək lazımdır. Bu futboldur, burada hər şey ola bilər. Bizim, mahiyyətcə, qruplar baxımından heç vaxt bəxtimiz gətirməyib. Əgər yaxşı hazırlaşsaq, bu halda, uğura nail ola bilərik. Biz daha çox işləməliyik ki, təsnifat mərhələsinə hazır olaq. Yalnız bu halda nəyəsə ümid edə bilərik. Rəqiblər yalnız kağız üzərində güclü deyillər. Meydanda da onlardan hər biri öz qabiliyyətini təsdiq edib. Biz öz meydanımızda istənilən rəqibi məğlub edə biləcəyimizi dəfələrlə sübut etmişik. Səfərdə də xallar qazanmaq lazımdır. Bu seçmə mərhələdə biz bunu etməyə çalışacağıq.
İtaliya, Xorvatiya və Norveç güclü komandalardır. Onlar qrupun favoritidirlər. Ancaq biz bacardığımızı, mümkün olan hər şeyi edəcəyik. Bu komandaların hər birindən xallar qoparmağa cəhd edəcəyik.

- Yeni reqlament orta səviyyəli yığmaların da Avropa çempionatına vəsiqə qazanması üçün əlverişlidir. Çətin qrupa düşmüşük. İtaliya və Xorvatiya təqdimata ehtiyacı olmayan komandalardır. Norveçlə Bolqarıstan yığmaları özünəməxsus xarakteri olan kollektivlərdir. Nəzəri cəhətdən həmişə şans var. Unutmayaq ki, 3-cü pilləni tutacaq komandanın pley-off oynaması rəqiblərimiz üçün də yaxşı fürsətdir. Məsələyə real yanaşmaq lazımdır. Fikrimcə, ilk 2 yeri İtaliya ilə Xorvatiya milliləri tutacaqlar. 3-cü pillə uğrunda mübarizədə isə Bolqarıstan və Norveç komandalarını bir addım öndə görürəm. Azərbaycan yığmasının şansı çox cüzidir. Ancaq yaxşı nəticəyə ümid etməliyik. Nəticə etibarilə hər şey özümüzdən asılıdır. İstənilən halda, hamımız uğurlu nəticə üçün çalışmalıyıq və ümid etməliyik. İnam olmasa, nəticə də olmaz.
EURO-2016-ya vəsiqə qazanmaq istəyiriksə, hər matç bizim üçün final xarakteri daşımalıdır. Malta yığmasına zəif rəqib düşüncəsi ilə yanaşsaq, bunun cəzasını çəkərik.
Mənim baş məşqçi olduğum vaxt qarşılaşdığımız İtaliya millisi çox güclü idi. Təsadüfi deyil ki, 2006-cı ildə dünya çempionu oldular. Rəqibə Bakıda 0:2, səfərdə isə 0:4 uduzsaq da, pis oynamamışdıq. Yəni, komandanın adından çəkinmədik. Ancaq ortada səviyyə fərqi vardı. Futbol sürprizlərlə doludur. Bakıda nəinki İtaliyanı, istənilən komandanı büdrətmək olar. Hər şey oyunun alınmasından asılıdır.
Vaqif Davudov (AFFA nümayəndəsi, futbol mütəxəssisi):
- EURO-2016-nın seçmə mərhələsinin püşkatmasında güclü qrupa düşmüşük. İtaliya futbolu yüksək səviyyədədir və italyanlar həmişə medallar uğrunda mübarizə aparırlar. Xorvatiya yığması güclü rəqiblərdən biridir. Təsadüfi deyil ki, komandanın futbolçuları tanınmış klublarda oynayırlar. Bu komandalar 1-ci və 2-ci yerlər uğrunda mübarizə apacaqlar. Norveç komandasının heyətində də tanınmış futbolçular var. Lakin hazırkı vəziyyətdə onların əvvəlki 2 komandanı geridə qoyması inandırıcı deyil. Bolqarıstan futbolu da həmişə yaxşı oyunu ilə tanınıb. Lakin son illərdə bu komandada eniş müşahidə olunur. Bolqarlarla mübarizə aparmaq olar. Malta yığmasına da asan rəqib kimi baxmaq olmaz.

Sorğunu apardı:
Rahib Səmədov