Liderlərin səfər sınağı

Liderlərin səfər sınağı

Bu gün Topaz Premyer Liqasında XXIV turun oyunları keçiriləcək. Milli komandaların oyunları ərəfəsində təşkil olunacaq turun bütün matçları eyni günə təsadüf edəcək.

Həftənin ən maraqlı oyunu isə "Bakcell Arena”da keçiriləcək. Bütün çempionatların iştirakçısı olan iki komanda - "Neftçi” və "Qarabağ” növbəti oyunlarına çıxacaq. Son 3 mövsümün çempionu titulunu qorumaq şansını saxlamaq üçün Ağdam təmsilçisinə qalib gəlməlidir. Ardıcıl 4 turdur qələbə həsrətində olan "Neftçi” bu qarşılaşmaların hamısında 2 top buraxıb. Ağdamlılar isə 4 turdur məğlub olmur.
Çətin Zaqatala səfərinə yollanacaq "Qəbələ”yə də "Neftçi”nin qələbə qazanması sərf edir. Liderdən 4 xal geri qalan Yuri Syominin yetirmələri "Qarabağ”a yaxınlaşmaq üçün onların "büdrəməsini” gözləyir. Lakin 6-cı yer üçün mübarizə aparan "Simurq”la görüş qəbələlilər üçün də asan olmayacaq. Çünki uğursuz zolağından çıxan Georgi Çixradzenin yetirmələri ötən tur liderə də uduzmayıb.
3-cü pillədə qərarlaşan "Bakı”nın da rəqibi uğursuzluqlara ötən tur son qoyub. Lakin 19 matçdan sonra qalib gələn "Sumqayıt”ın paytaxtın eyniadlı təmsilçisinə müqavimət göstərəcəyi inandırıcı deyil. 2014-cü ilin ən yaxşısı olan Milinko Pantiçin yetirmələri liderlərin xal itirməsindən istifadə edib mövqeyini daha da yaxşılaşdıra bilər.
Son 5 turda meydanı qolsuz və xalsız tərk etməyən daha bir komanda - "İnter”i isə çətin Lənkəran səfəri gözləyir. Bakılılar üzərindəki qələbə "Xəzər Lənkəran”ı rəqibinə bir az da yaxınlaşdırmış olacaq. Paytaxt təmsilçisi üçün isə məğlubiyyət liderlər qrupundan uzaq düşməklə nəticələnəcək. Səfərdə ən məhsuldar komanda olan "İnter” üçün 3 xal bir neçə pillə irəliləməyə yetərli ola bilər.
Turun son görüşündə iki paytaxt təmsilçisi üz-üzə gələcək. Son 3 pillədən ikisinin sahiblərinin derbisi qələbə həsrətində olanların qarşılaşmasıdır. AZAL 2014-cü ildəki 5 oyununda qalib gəlməyibsə, "Rəvan” 18 oyundur 3 xal əldə edə bilmir. Ötən tur son pilləyə yuvarlanan Güvənc Kurtarın yetirmələri ardıcıl 11 qarşılaşmada qol buraxan "təyyarəçilər”i büdrətməklə "Sumqayıt”ı geridə qoyacaq.

Topaz Premyer Liqası
XXIV tur
28 fevral (cümə)
"Bakı” - "Sumqayıt”
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu. Saat 14:00.
İlk iki dövrədəki oyunlar: 1:0, 2:1

"Simurq” - "Qəbələ”
Zaqatala. Şəhər stadionu. Saat 15:00.
İlk iki dövrədəki oyunlar: 0:0, 1:2

"Xəzər Lənkəran” - "İnter”
Lənkəran. Mərkəzi şəhər stadionu. Saat 16:00.
İlk iki dövrədəki oyunlar: 0:1, 0:0

"Neftçi” - "Qarabağ”
Bakı. "Bakcell Arena” stadionu. Saat 17:00.
İlk iki dövrədəki oyunlar: 0:0, 1:3

"Rəvan” - AZAL
Bakı. "Bayıl Arena” stadionu. Saat 19:00.
İlk iki dövrədəki oyunlar: 0:0, 1:2