Xatirə turnirinin qalibi “Şəfəq” oldu

Xatirə turnirinin qalibi “Şəfəq” oldu

Milli Olimpiya Komitəsi (MOK) və AFFA-nın birgə təşkilatçılığı ilə şöhrət ordenli əfsanəvi futbolçu Anatoli Banişevskinin xatirəsinə həsr olunan ənənəvi futbol turnirinə yekun vurulub.
Turnirin həlledici mərhələsində "Binə” və "Şəfəq” (Ağdam) klubları münasibətlərinə aydınlıq gətiriblər. Oyundan əvvəl finalın iştirakçıları Tofiq Bəhramov və Anatoli Banişevskinin məzarlarını ziyarət edib, məzarları önünə gül dəstələri qoyublar. Sonra AFFA-nın Bakı kəndlərinin futbol üzrə koordinatoru Vaqif Davudov çıxış edərək, turnirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, 18 ildir turnir mütəmadi keçirilir.
Matça gəldikdə isə, "Dalğa Arena” stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Baş hakim qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrinə ehtiyac duyub. Zərbələri dəqiq yerinə yetirən "Şəfəq” klubu çempion adını qazanıb.
Matç başa çatdıqdan sonra ilk 4 yerin sahibləri təşkilatçılar tərəfindən medallar, kuboklar və diplomlarla mükafatlandırılıblar. Bundan başqa, 8 topla turnirin bombardiri Elgün Abdullayev ("Binə”), ən yaxşı gənc oyunçu Sahib Əliyev ("Maştağa”), veteran Teymur Əsgərov ("Bakı kəndləri”nin baş məşqçisi) və ən nizam-intizamlı komanda "Maştağa” klubu MOK və AFFA tərəfindən hədiyyələrə layiq görülüblər. Turnirin baş hakimi Zahid Musayev də diplomla mükafatlandırılıb.
Sonda yarışın iştirakçıları gələn ildən bunun beynəlxalq turnir kimi təşkil olunmasını istəyiblər.

Ənənəvi futbol turniri
23 fevral
Final
"Binə” - "Şəfəq” - 1:1 (pen. - 4:5)
Bakı. "Dalğa Arena” stadionu.