“Qarabağ” rəqiblərindən uzaqlaşdı

“Qarabağ” rəqiblərindən uzaqlaşdı



"Qəbələ” və "Neftçi” klubları isə xal itirməkdə davam edirlər


Fevralın 28-də Topaz Premyer Liqasının XXIV turuna yekun vurulub. Əvvəlki iki turda olduğu kimi, bu dəfə də bütün oyunlar eyni gündə keçirilib. Turun 5 oyunundan 3-ü paytaxtda təşkil olunub. Yaxın izləyicilərinin xal itirməsindən maksimum istifadə edən lider "Qarabağ” xal ehtiyatını artırıb.

Turun ilk görüşündə "Bakı” doğma azarkeşlər önündə "Sumqayıt” klubunu qəbul edib. Milinko Pantiçin yetirmələri uğurlu seriyanı davam etdirə bilməyiblər. Son turda "Neftçi”ni məğlub edən Aqil Məmmədovun yetirmələri səfər matçından da bir xalla dönüblər. Tərəflər bu görüşdə rəqib qapısına yol tapa bilməyiblər və qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Buna baxmayaraq, qazandığı bir xal "Bakı”ya turnir cədvəlində 3-cü pilləni qorumaq imkanı verib. "Sumqayıt”ın sevinci isə cəmi 1 tur çəkib. "Gənclik şəhəri” təmsilçisi 13 xalla yenidən autsayder pilləsinə "yuvarlanıb”.
Növbəti qarşılaşma Zaqatalada təşkil olunub. "Simurq” evdə digər bölgənin təmsilçisi "Qəbələ” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Paytaxtdakı oyun kimi, bu qarşılaşmada da hesab açılmayıb və tərəflər meydanı 1 xalla tərk ediblər. Yuri Syominin yetirmələri növbəti xal itkisi ilə üzləşmələrinə baxmayaraq, hələ də ikinci pillədədir və çempionluq iddiasını davam etdirirlər. Georgi Çixradzenin komandası isə hələ də 7-ci pillədən yuxarı qalxa bilmir.
Günün digər bir oyunu "Xəzər Lənkəran”la "İnter” komandaları arasında keçirilib. "Bankçılar” 11 metrlik cərimə zərbəsi sayəsində hesabda önə keçsələr də, qələbə hesabını sonadək qoruya bilməyiblər. Baçana Sxadadzenin qoluna 10 dəqiqə sonra Tyeqo de Xesus cavab verib. Nəticədə, bu görüşdə də komandalar meydanı bir xalla tərk ediblər. Kaxaber Sxadadzenin yetirmələri bu görüşdən sonra bir pillə irəliləyərək turnir cədvəlinin 4-cüsü olub. Mustafa Dənizli isə hələ ki, komandasını 6-cı pillədən yuxarı qaldıra bilmir.
Turun mərkəzi görüşü "Bakcell Arena”da təşkil olunub. "Neftçi” doğma azarkeşlər önündə lider "Qarabağ” klubunu sınağa çəkib. "Ağ-qaralar” uğursuzluq seriyasına son qoymağa, ağdamlılar isə liderliyini möhkəmləndirməyə çalışırdılar. Oyunda Ağdam klubunun üstünlüyü aşkar şəkildə özünü büruzə verib. Nəticədə, "ağ-qaralar” ev oyunundan məğlub ayrılmaqla çox böyük zərbə alıblar. Rəqib qapısından 2 top keçirən Qurban Qurbanovun yetirmələri rəqibin bir nəfər azlıqda qalmasından lazımınca istifadə edərək daha 2 qol vura biliblər. "Neftçi”nin isə yalnız təsəlli qoluna gücü çatıb. Reynaldonun het-trik etməsi də xüsusi qeyd oluna bilər. Məhz bu üç qolu sayəsində o, çempionatın bombardiri Vaqif Cavadova şərik olub. 24 oyundan sonra xallarının sayını 49-a çatdıran "Qarabağ” vahid liderliyini bir qədər də möhkəmləndirib. "Neftçi” isə növbəti məğlubiyyətdən sonra 5-ci pilləyə düşüb.
Turun son oyunu "Bayıl Arena” stadionunda olub. "Rəvan” doğma meydanda AZAL-la qarşılaşıb. Bu görüş ev sahibləri üçün əlamətdar olub. Belə ki, Güvənç Kurtarın başçılığı altında komanda ilk qələbəsini qazanıb və bu qələbədən sonra "Rəvan” turnir cədvəlinin sonuncu pilləsindən xilas olub. Baxmayaraq ki, ikinci hissə başlayan kimi, meydan sahibləri azlıqda qalıb. Amma matçın sonrakı dəqiqələrində qonaqların da iki oyunçusunun meydandan qovulması "Rəvan”ın qələbəsində mühüm rol oynayıb. Nəticədə, bakılılar qısa fasilədən sonra yenidən 9-cu pilləyə yüksəliblər.

Topaz Premyer Liqası

XXIV tur
28 fevral (cümə)
"Rəvan” - AZAL - 1:0
Qol: Miloş Adamoviç, 76.
Qırmızı vərəqə: Cəmşid Məhərrəmov, 46 - Junior Ailton, 75, Viktor İqbekoyi, 84.
Bakı. "Bayıl Arena” stadionu.
İlk iki dövrədəki oyunlar: 0:0, 1:2

"Neftçi” - "Qarabağ” - 1:4
Qollar: Mirhüseyn Seyidov, 83 - Leroy Corc, 24; Reynaldo Silva, 30, 68, 86.
Qırmızı vərəqə: Araz Abdullayev, 63.
Bakı. "Bakcell Arena” stadionu.
İlk iki dövrədəki oyunlar: 0:0, 1:3

"Xəzər Lənkəran” - "İnter” - 1:1
Qollar: Tieqo de Xesus, 45 - Baçana Sxadadze, 34 (pen.).
Lənkəran. Mərkəzi şəhər stadionu.
İlk iki dövrədəki oyunlar: 0:1, 0:0

"Simurq” - "Qəbələ” - 0:0
Zaqatala. Şəhər stadionu.
İlk iki dövrədəki oyunlar: 0:0, 1:2

"Bakı” - "Sumqayıt” - 0:0
Qırmızı vərəqə: Nodar Məmmədov, 60.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
İlk iki dövrədəki oyunlar: 1:0, 2:1