Rəqib tanımayan “Qarabağ”, irəliləyən “Neftçi” və əzmkar qələbə qazanan “Rəvan”

Rəqib tanımayan “Qarabağ”, irəliləyən “Neftçi” və əzmkar qələbə qazanan “Rəvan”


Ötən həftə Topaz Premyer Liqasında XXV tura yekun vurulub. İki gün ərzində təşkil olunan 5 oyunun 3-ü payxatda baş tutub. Tur liderin qələbəsi ilə yadda qalıb.
İlk oyun günü 3 matç təşkil olunub. Turun ilk oyununda "Sumqayıt” doğma azarkeşlər önündə "İnter”i sınağa çəkib. Son turlarda paytaxt təmsilçilərindən xal alan Aqil Məmmədovun yetirmələri bu görüşdən də xalsız ayrılmaq niyyətində deyildi. "İnter” də bir neçə tur idi davam edən qələbəsizlik seriyasına son qoymağa çalışırdı. Hər iki komandanın heyətində millidən qayıdan futbolçular olduğundan, bu, tərəflərin işini bir az çətinləşdirirdi. Lakin bu görüşdə Kaxaber Sxadadzenin yetirmələri daha iddialı çıxış edərək rəqib üzərində minimum hesablı qələbə qazanıb - 0:1.
Günün digər matçı "Bayıl Arena”da təşkil olunub. İki türk baş məşqçinin komandaları - "Rəvan” və "Xəzər Lənkəran” üz-üzə gəliblər. Oyundan əvvəl favorit Mustafa Dənizlinin komandası olsa da, 90 dəqiqənin sonunda sevinən tərəf Güvənç Kurtarın yetirmələri olub. Maraqlısı ondadır ki, hər iki məşqçi bu oyunu sonda "komediya” adlandırıb. Yadda qalan məqam isə Kurtarın adı ilə bağlı olub. Belə ki, Julio Sezarın zədələnməsinə baxmayaraq, texniki zonadan ona sarı vərəqə almasını tapşıran mütəxəssis gülüş və tənqid hədəfinə çevrilib. Baş məşqçini başa düşməyən Sezar xeyli müddət oyunu zədəli davam etdirdi. Amma bu, meydan sahiblərinin əzmkar qələbə qazanmasına mane olmadı.
Növbəti qarşılaşma Şüvəlanda keçirilib. AZAL "Simurq” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Heyətlə bağlı problemləri olan Vaqif Sadıqovun yetirmələri ev oyunundan 3 xalla ayrılmağı planlaşdırsa da, qonaqlar daha iddialı oyun sərgiləyib. Səfərdə rəqib qapısından 2 cavabsız top keçirən Georgi Çixradzenin yetirmələri xal ehtiyatını artırıblar. Oyun ərzində Nedo Turkoviçin penalti zərbəsinin qola çevrilməsinə icazə verməyən Pavel Kapsa isə demək olar ki, matçın qəhrəmanına çevrilib.

Son oyun günündə turun digər 2 oyunu təşkil olunub. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Qəbələ” bir neçə turdur uğursuzluq zolağından çıxa bilməyən "Neftçi” klubunu qəbul edib. Böyükağa Hacıyevin yetirmələri bu oyuna bir qədər yaxşı əhval-ruhiyyədə çıxmışdı. Çünki əvvəlki turları cəza səbəbindən buraxan oyunçular bu dəfə meydanda idilər. Bəlkə də məhz bunun məntiqi nəticəsidir ki, Böyükağa Hacıyevin yetirmələri səfər oyununda çətin qələbə sayəsində "qara zolaqdan” çıxıb. Yuri Syominin komandasının bu məğlubiyyətini də nəzərə alsaq, Qəbələ klubunun iddialılara qarşı ev oyununda qələbə qazana bilməmək probleminin olduğunu demək olar. Çünki bölgə klubu doğma azarkeşlər önündə "Bakı”, "Qarabağ” və "Neftçi”yə məğlub olub. "Neftçi” isə qələbədən sonra çempionluq şanslarının hələ qaldığını biruzə verib.
Turun son oyunu isə Bakıda keçirilib. "Qarabağ” mərkəzi arenada "Bakı” klubu ilə qarşılaşıb. Maraqlı keçən oyun qonaqlar üçün heç də ürəkaçan alınmayıb. Belə ki, Ağdam klubu rəqib qapısından 4 cavabsız top keçirərək, böyükhesablı qələbəyə sevinib. Bu qarşılaşma həm də Reynaldo üçün düşərli olub. Belə ki, ötən tur "Neftçi” ilə oyunda het-trik edən futbolçu bu dəfə dubla imza atıb. Beləliklə, braziliyalı futbolçu bu görüşdən sonra 13 qolla bombardirlər siyahısına başçılıq edir. "Qarabağ” isə artıq ən yaxın izləyicisini 10 xal qabaqlayır və bu gedişatla Qurban Qurbanovun komandasının çempion olacağına şübhə edənlərin sayı azalır.
Topaz Premyer Liqası
XXV tur
8 mart (şənbə)
AZAL - "Simurq” - 0:2
Qollar: Stepan Polyak, 29, Draqan Mandiç, 86.

"Sumqayıt” - "İnter” - 0:1
Qol: Vaqif Cavadov, 63.

"Rəvan” - "Xəzər Lənkəran” - 2:1
Qollar: Orxan Lalayev, 33, Miloş Adamoviç, 90+2 - Nikola Qliqorov, 12.

9 mart (bazar)
"Qarabağ” - "Bakı” - 4:0
Qollar: Çumbinyo, 16, Reynaldo, 27; 42 (pen.), Leroy Corc, 67.

"Qəbələ” - "Neftçi” - 1:2
Qollar: Lorense Ebesilio, 71 - Bahadır Nasimov, 29; 65.