Türkiyə I dəstəsində XXIX turun oyunları keçirilib. Milli komandamızın keçmiş üzvlərinin qarşılaşması reallaşmayıb.
Söhbət Branimir Subaşiçlə Saşa Yunisoğludan gedir. Belə ki, Subaşiçin komandası "Orduspor” doğma azarkeşləri önündə "Dənizlispor”u qəbul edib. Ordu təmsilçisi ardıcıl 3 tur qələbələri sırlayan rəqibini 3:0 hesabı ilə məğlub edib. Start heyətində yer alan Subaşiç matçın 40 və 74-cü dəqiqələrində başla qollar vurub. İkinci qoldan 3 dəqiqə sonra isə serbiyalı hücumçu rumıniyalı Aleksandru Yonitse ilə əvəzlənib.
Millimizin futbolçusu Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB” isə yeni ildə ilk qələbəsini qazanıb. Qaziantep təmsilçisi səfərdə "Şanlıurfaspor”un müqavimətini qıra bilib - 1:0. Bu, 10 turdan sonra qazianteplilərin qazandığı ilk qələbədir. Bu matçda yenə zədəli olduğu üçün Budak "18-lik”də olmayıb.
Qapıçımız Davud Kəriminin çıxış etdiyi "Fəthiyəspor” da səfər qələbəsinə sevinib. Muğla təmsilçisi İzmirdə "Karşıyaka”dan üstün olub - 2:1. 2 turdan bir növbəlilik prinsipi ilə ehtiyatda duran Kərimi "18-lik”də yer almayıb.
Qeyd edək ki, "Orduspor” 56 xalla 3-cü pillədədir. Ancaq Subaşiçin komandası "Ankaraspor” və "İstanbul BB”dən 1 oyun az keçirdiyindən, potensial liderdir. "Dənizlispor” 31 xalla 12-ci, "Qaziantep BB” 30 xalla 14-cü və "Fəthiyəspor” 29 xalla 15-ci sırada qərarlaşıb.