Almaniyanın 2-ci Bundesliqasında XXIV turun oyunları keçirilib. Əsas yığmamızın yeni üzvü olan Tuğrul Erat komandası "Fortuna”da növbəti oyununa çıxıb.
Belə ki, Düsseldorf təmsilçisi Drezdendə millimizin keçmiş məşqçisi Olaf Yanssenin rəhbərlik etdiyi "Dinamo”nun qonağı olub. Tuğrul yenə bu matçda start heyətində meydana çıxıb və görüşü əvəz olunmadan keçirib. Matça gəlincə, hesabı meydan sahiblərinin fransalı yarımmüdafiəçisi İdir Uali açsa da, çexiyalı müdafiəçi Martin Latka görüşə əlavə olunmuş dəqiqələrdə hesabı bərabərləşdirib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu nəticədən sonra "Fortuna” turnir cədvəlində 32 xalla 9-cu pilləyə yüksəlib. "Dinamo” isə 24 xalla 17-ci sırada qərarlaşıb.