“Qarabağ” növbəti izləyicisini də xalsız qoydu

“Qarabağ” növbəti izləyicisini də xalsız qoydu



İddiaçılardan yalnız "bankçılar” qələbə qazanmadı


Topaz Premyer Liqasında 3-cü dövrə başa çatmaq üzrədir. Martın 16-da XXVI turun oyunları keçirilib. 1 gün ərzində təşkil olunan 5 oyundan 3-ü paytaxtdan kənarda olub. Lider "Qarabağ” klubu növbəti dəfə 3 xal qazanaraq izləyiciləri ilə 10 xallıq fərqi qoruyub.
Turun açılış matçında "Bakı” evdə "Qəbələ” klubunu qəbul edib. 41 xalla 5-ci yerdə qərarlaşan "zolaqlılar” özündən 2 xal öndə olan qəbələliləri məğlub yola salacağı təqdirdə böyük üstünlük qazanmaq şansına malik idi. Lakin son dövrlər uğursuz çıxış edən Yuri Syominin yetirmələri də paytaxta məğlub olmaq üçün gəlməmişdi. Demək olar ki, eyni gücə malik komandaların görüşündə hesabı qonaqların hücumçusu Daniel Subotiç açıb. Lakin paytaxt təmsilçisi görüşün sonlarında məhz Subotiçin səbəb olduğu penalti sayəsində məğlubiyyətdən qaça biliblər. Baş hakimin əsas vaxta əlavə etdiyi 1-ci dəqiqədə Elvin Məmmədov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib - 1:1. Beləliklə, avrokuboklara getməyi hədəfləyən tərəflər növbəti xal itkisi ilə üzləşiblər. Bu xal itkisi "Bakı”nın mövqeyinə təsir etməsə də, "Qəbələ” 2-ci pilləni əldən vermək məcburiyyətində qalıb.

Çempionatın autsayderi "Sumqayıt” doğma azarkeşlər önündə "Xəzər Lənkəran” klubunu qəbul edib. Heyətində bəzi itkiləri olan cənub təmsilçisinin Aqil Məmmədovun yetirmələri ilə görüşdə də istəyinə çata bilməməsi istisna olunmurdu. Amma Mustafa Dənizlinin komandası çətinliklə də olsa, istəyinə çatıb. Lənkəranlılar 1 qolla qələbə qazanıblar. Baxmayaraq ki, bu 3 xal "ağ-yaşıllar”ın turnir cədvəlinin 7-ci pilləsindən yuxarı qalmağa imkan yaratmayıb.
Bu görüşlə eyni vaxtda Zaqatalada "Simurq” klubu "Rəvan”la üz-üzə gəlib. Paytaxt klubunun bu görüşdə hansısa uğur qazanacağına inam onsuz da çox az idi. Məsələ burasındadır ki, qarşıdakı "Bakı” ilə kubok görüşünü düşünən baş məşqçi Güvenç Kurtar bir neçə zədəli futbolçularla yanaşı, aparıcı oyunçulara da istirahət verərək, Zaqatalaya aparmamışdı. Bundan yararlanan "Simurq” qarşılaşmanın taleyini elə ilk hissədə həll edib. Georgi Çixradzenin yetirmələri 2 cavabsız qolla növbəti 3 xala seviniblər.
Lider "Qarabağ” səfərdə "İnter” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Son turlarda qarşısına çıxan hər bir rəqibini böyük hesablarla məğlub edən Ağdam təmsilçisinin bu görüşdə "büdrəməsini” gözləyənlər var idi. Hər halda, "bankçılar” "Qarabağ” üçün düşərli rəqib hesab olunmurdu. Amma ağdamlılar bu dəfə "İnter”ə aman verməyiblər - 0:3. Halbuki, Kaxaber Sxadadzenin yetirmələrinin belə hesabla məğlub olacağını proqnozlaşdırmaq çox çətin idi. Bu qələbə sayəsində "Qarabağ” bir daha çempionluğa əsas namizəd olduğunu təsdiqləyib. Hər halda, bu komandanın əsas izləyicisi ilə aradakı 10 xallıq fərq qalmaqdadır.

"Bakı” və "Qəbələ”nin xal itirməsindən ən çox faydalanan isə "Neftçi” klubu olub. Böyükağa Hacıyevin yetirmələri evdə AZAL-la qarşılaşıblar. Görüşdən bir gün əvvəl Vaqif Sadıqovun istefa verməsi "təyyarəçilər”in onsuz da ağır olan vəziyyətini bir qədər də qəlizləşdirmişdi. Gözlənildiyi kimi, "ağ-qaralar” rəqibin psixoloji cəhətdən acınacaqlı durumda olmasından maksimum yararlanıb. Düzdür, yaratdığı qol vəziyyətlərindən maksimum yararlanacağı halda, qonaq komanda məğlub olmaya da bilərdi. Amma "təyyarəçilər”in yalnız matçın əlavə vaxtında penaltidən vurduğu qol təsəllidən başqa heç nəyə yaramayıb. Çünki "Neftçi” buna qədər Araz Abdullayevin dublu ilə 3 xalı özünə təmin etmişdi.

Topaz Premyer Liqası
XXVI tur
16 mart
"Bakı” - "Qəbələ” - 1:1
Qollar: Elvin Məmmədov, 90+1 - Daniel Subotiç, 81.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
İlk iki dövrədəki oyunlar - 1:2, 0:2

"Simurq” - "Rəvan” - 2:0
Qollar: Rəşad Eyyubov, 1; Draqan Çeran, 31.
Zaqatala. Şəhər stadionu.
İlk iki dövrədəki oyunlar - 2:0, 3:0

"Sumqayıt” - "Xəzər Lənkəran” - 0:1
Qol: Dejan Blajevski, 65.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
İlk iki dövrədəki oyunlar - 1:1, 3:4

"İnter” - "Qarabağ” - 0:3
Qollar: Leroy Corc, 38; Vüqar Nadirov, 58; Maksim Medvedev, 89.
Bakı. "Şəfa” stadionu.
İlk iki dövrədəki oyunlar - 1:2, 0:2

"Neftçi” - AZAL - 2:1
Qollar: Araz Abdullayev, 5; 43 - Con Oluremi, 90+3.
Bakı. "Bakcell Arena” stadionu.
İlk iki dövrədəki oyunlar - 4:1, 1:2