“Qəbələ” Fransa klubu ilə əməkdaşlığa başlayır

“Qəbələ” Fransa klubu ilə əməkdaşlığa başlayır

"Qəbələ” Futbol Akademiyasının məşqçi heyəti nəzəri və praktiki biliklərinin artırılması məqsədilə daha bir işgüzar səfər gerçəkləşdirib. Klubun rəsmi saytının yaydığı məlumata görə, akademiyanın nümayəndə heyəti martın 12-dən 17-dək Fransanın "Lion” klubunun qonağı olub.
Nümayəndə heyətinin tərkibinə "Qəbələ” Furtbol Akademiyasının hollandiyalı direktoru Stenli Brard və onun müavini Nail Kərimov, eləcə də, akademiyanın yuxarı yaş qruplarında çalışan məşqçilər Famil Xəlilov (U-17), Zaur Hacıyev (U-16), Hüseynqulu Quliyev (U-15) və Xaqani Məmmədov (U-14) daxil ediliblər.
Səfərdə məqsəd Avropanın aparıcı klublarından olan "Lion” klubunun fəaliyyəti istiqamətləri ilə yaxından tanış olmaq idi. Yeri gəlmişkən, klubun rəsmən adı "Olimpik” olsa da, yerli futbolsevərlər bu komandanı daha çox "Lion” kimi tanıyırlar.
Səfər proqramı "Qəbələ” məşqçilərinin işgüzar gəzintisinin maraqlı və faydalı olacağını vəd edirdi. Belə ki, "Qəbələ”nin nümayəndələri səfər zamanı "Lion” klubunun futbol akademiyasının fəaliyyəti ilə tanış olub, müxtəlif yaş qruplarının məşqlərini izləyib və yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparıblar. Bundan başqa, nümayəndələr Fransa klubunun əsas komandasının 2 matçını birbaşa stadiondan izləyiblər. Onlar Fransa çempionatının "Lion” - "Monako” oyununu, habelə UEFA Avropa Liqası turniri çərçivəsində "Lion” - "Viktoriya” (Plzen, Çexiya) matçına yerli arenada tamaşa ediblər.
Qeyd edək ki, səfər üçün "Lion” klubunun seçilməsi təsadüf deyil. Belə ki, Lion təmsilçisinin futbol akademiyası Avropada analoji təsisata malik ən yaxşı 5 klub sırasındadır. "Lion”nun futbol akademiyası Avropa ölklərinə peşəkar futbolçu ixracına görə "Barselona”dan sonra ikinci sıradadır. Dəfələrlə Fransa çempionatının qalibi olmuş və ölkə kubokunu qazanmış "Lion”un əsas komandasının hazırkı heyəti klubun futbol akademiyasının yetirmələrindən təşkil olunub. Bu baxımdan, Avropanın ən qabaqcıl akademiyasında olmaq, burada görülən işlərlə yaxından tanış olmaq "Qəbələ”li mütəxəssilər üçün çox faydalı ola bilər.