Qarda “donan” “Qəbələ”, kölgədə qalan “böyük oyun” və əzmkar qələbə qazanan “Sumqayıt”

Qarda “donan” “Qəbələ”, kölgədə qalan “böyük oyun” və əzmkar qələbə qazanan “Sumqayıt”

Dünən Topaz Premyer Liqasında IV dövrənin ilk turuna yekun vurulub. XXVIII turda təşkil olunan 5 qarşılaşmadan 4-ü paytaxtda keçirilib.
İlk oyun günündə 1 qarşılaşma təşkil olunub. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan "Sumqayıt”la AZAL klubları birincilərin meydanında qarşılaşıblar. Bunadək 9 turda qələbə qazana bilməyən qonaqlar matça erkən qolla başlayıblar. Lakin son 15 qarşılaşmada qol buraxan bakılıların arxa xətti bu dəfə də uğursuz çıxış edib. Belə ki, autsayder "Sumqayıt” 2 qol vurub və əzmkar qələbə qazanıb. Ardıcıl 3 məğlubiyyətdən sonra qazanılan qələbə Aqil Məmmədovun yetirmələrinin 3-cü uğuru olub. AZAL isə Tərlan Əhmədovun rəhbərliyi altında keçirdiyi ikinci oyunda da xalsız qalıb. Paytaxt təmsilçisi yenə eyni hesabla - 1:2 hesabı ilə uduzub.

Turun digər 4 oyunu isə Bakıda keçirilib. İkinci oyun günündə də 2 matç olub. İlk 3 dövrədə rəqibinə xal həsrəti yaşadan "Bakı” "Simurq” klubunu qonaq edib. Ardıcıl 3 qələbə ilə ilk "beşliy”ə yaxınlaşan Zaqatala təmsilçisi son turlarda mövqelərini əldən verən paytaxtın eyniadlı təmsilçisinin enişindən yararlanmaq əzmində idi. Milinko Pantiçin yetirmələri isə qalib gəlməyi bacarsa, cari mövsüm eyni rəqibdən 12 xal alan ilk komanda olacaqdı. Mükafatlar uğrunda mübarizə aparan paytaxtın eyniadlı təmsilçisi 6 turdur uduzmayan zaqatalalıların qələbə seriyasını dayandırıb. İki qol üstünlüyü əldə etdikdən sonra azlıqda qalan Milinko Pantiçin yetirmələri 1 top buraxsa da, qələbəni əldən verməyib - 2:1. Bu nəticədən sonra "zolaqlılar” liderlərlə olan xal fərqini qoruyub.
Həmin gün prinsipial rəqiblər - "Neftçi” və "Xəzər Lənkəran” klubları "Bakcell Arena” stadionunda üz-üzə gəliblər. Komandaların qızıl medallar uğrunda rəqib olmaması budəfəki "böyük oyun”un dəyərini nisbətən aşağı salsa da, matçın prinsipiallığını azaltmayıb. Cari mövsümdə bu rəqibini məğlub edə bilməyən cənublular ardıcıl 5 qarşılaşmada meydanı qolsuz tərk etmirdi. 2-ci yer üçün mübarizə aparan "Neftçi”nin son 3 matçda qalib gəldiyini də nəzərə alsaq, "böyük oyun”un məhsuldar keçəcəyini ehtimal etmək olardı. Lakin "böyük oyun”un taleyini 1 qol həll edib. Ernest Nforun qolu ilə ardıcıl 4-cü qələbəsini qazanan Böyükağa Hacıyevin yetirmələri bir neçə saatlıq 2-ci yerə yüksələn "Bakı”nı geridə qoyub.



Növbəti gün lider "Qarabağ” meydana çıxıb. Ardıcıl 4 böyükhesablı qələbə qazanan ağdamlılar doğma azarkeşlər önündə "Qəbələ” klubunu qəbul ediblər. 5 turdur qələbə qazana bilməyən sonuncular mükafatlar uğrunda mübarizədən ayrılmamaq, "Simurq”un yaxınlaşmasına imkan verməmək üçün mərkəzi arenada qələbə qazanmalı idi. Cari mövsüm çempionatdakı hər 3 oyunda "Qəbələ”ni məğlub edən "Qarabağ” isə II dövrədə üzləşdiyi vəziyyətdən qaçmağa çalışacaqdı. Belə ki, həmin vaxt 3 böyükhesablı qələbə qazanan Ağdam təmsilçisinin bu seriyası "Qəbələ” ilə görüşdə qırılmışdı. Hərçənd həmin görüşdə də 4 top öndə olan Qurban Qurbanovun yetirmələri böyükhesablı qələbəyə yaxın idilər. Ağdam təmsilçiləri yenə də meydanı böyükhesablı qələbə ilə tərk ediblər. Güclü qar yağmasına baxmayaraq, meydan sahibləri 3:0 hesablı qələbə sayəsində turnir cədvəlinin zirvəsindəki mövqeyini daha da möhkəmləndirib. Ölkə kubokunun 1/4 final mərhələsində uduzduğu rəqibi məğlub edən ağdamlılar ən yaxın izləyicisi olan "Neftçi” ilə 10 xallıq fərqi qoruyublar.
Turun son oyunu dünən keçirilib. Halbuki bu oyun 1 gün əvvəl başlamışdı. Amma əlverişsiz hava şəraiti səbəbindən "İnter” - "Rəvan” oyunu matçın 11-ci dəqiqəsində təxirə salınaraq, bir gün sonraya keçirilmişdi. Mükafatlar uğrunda mübarizədən qopmamaq üçün bu dəfə də 3 xal qazanmağa borclu olan "bankçılar” ardıcıl 2 qarşılaşmada uduzan rəqibinin durumundan da yararlanmalı idi. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Topaz Premyer Liqası
XXVIII tur
28 mart (cümə)
"Sumqayıt” - AZAL - 2:1
Qollar: Məhəmməd Qurbanov, 21; Uğur Pamuk, 55 - Laşa Kasradze, 7.
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Nail Nağıyev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
İlk 3 dövrədəki oyunlar: 0:1, 0:0, 2:2

29 mart (şənbə)
"Neftçi” - "Xəzər Lənkəran” - 1:0
Qol: Ernest Nfor, 78.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov.
Bakı. "Bakcell Arena” stadionu.
İlk 3 dövrədəki oyunlar: 0:0, 4:1, 2:2
"Bakı” - "Simurq” - 2:1
Qollar: Namiq Ələsgərov, 12; İdan Vaytsman, 22 (öz qapısına) - Draqan Çeran, 81.
Qırmızı vərəqə: Vüqar Mustafayev, 44.
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Yaşar Abbasov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
İlk 3 dövrədəki oyunlar: 3:0, 3:2, 1:0

30 mart (bazar)
"Qarabağ” - "Qəbələ” - 3:0
Qollar: Marinaldo Silva, 49; Reynaldo Silva, 65; 86.
Qırmızı vərəqə: Elnur Allahverdiyev, 79 ("Qəbələ”).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk 3 dövrədəki oyunlar: 1:0, 4:3, 1:0

31 mart (bazar ertəsi)
"İnter” - "Rəvan” - 3:0
Qollar: Baçana Sxadadze, 24; Aleksandr İaşvili, 66; Mikel Alvaro, 90+3.
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Nahid Əliyev, Tahir Əhmədov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Alik Yunusov.
Bakı. "Şəfa” stadionu.
İlk 3 dövrədəki oyunlar: 5:1, 3:2, 2:1