Yığmamız 2 pillə irəlilədi

Yığmamız 2 pillə irəlilədi

FİFA milli komandaların mart ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb. 2014-cü ildə açıqlanan üçüncü cədvələ, əsasən, turnir cədvəlinin ilk 5 pilləsində dəyişiklik olmayıb.

Turnir cədvəlinə son dünya və Avropa çempionu İspaniya yığması başçılıq edir. İspanların aktivində 1510 xal var. 2-ci pillədə Almaniya yığması qərarlaşıb. 4 dəfə dünya çempionu olmaqla ən titullu yığma olan almanlar liderdən nə az, nə də çox, düz 174 xal geri qalmaqla bu pillədədir (1336 xal). İlk "üçlüy”ü Argentina millisi qapayır. Argentinalıların aktivində 1234 xal var.
İlk "onluq”da Portuqaliya (1199 xal), Kolumbiya (1183 xal), 1 pillə irəliləyən Uruqvay (1126 xal), 1 pillə geriləyən İsveçrə (1123 xal), İtaliya (1112 xal), Braziliya (1104 xal) və 1 pillə irəliləyən Belçika (1175 xal) komandaları yer alıblar.
Azərbaycan milli komandası ötən reytinqlə müqayisədə, 2 pillə irəliləyərək, 91-ci pillədə qərarlaşıb. Hazırda Berti Foqtsun yetirmələrinin aktivində 369 xal var. Qeyd edək ki, milli komandamızın irəliləməsinə martın 5-də keçirilən yoxlama oyun səbəb olub. Belə ki, Dubay şəhərində keçirilən yoldaşlıq görüşündə təmsilçilərimiz Filippin yığmasını 1:0 hesabı ilə məğlub edib. Fevralda 372 xalla 93-cü olan Berti Foqtsun yetirmələri 3 xal geri düşsə də, 2 pilləlik inkişaf əldə edib. Yığmamızın 369 xalla 91-ci olmasına isə cədvəldəki qonşularımızın zəifləməsi səbəb olub. Ötən ay 91-ci olan Estoniya millisi 1 pillə geriləməklə 92-ci, Çin 88-ci yerdən 98-ə enib. Məhz bu 2 komandanı keçməsi sayəsində yığmamız irəliləyib. Qeyd edək ki, komandamız UEFA-nın reytinq cədvəlində 40-cı yerdədir.
EURO-2016-nın seçmə mərhələsindəki rəqiblərimizə gəlincə, qrupda ən yaxşı göstərici İtaliya millisinə məxsusdur. Appenin təmsilçisinin mövqeyində dəyişiklik baş verməyib. Çezare Prandellinin yetirmələri 8-ci pillədəki mövqeyini qoruyub. Xorvatiya millisi də mövqeyini qoruyanlar sırasındadır. "Damalalılar” 955 xalla 16-cı pillədə qərarlaşıblar. Digər rəqibimiz Norveç yığması 3 pillə irəliləməsi ilə diqqət çəkib. Norveçlilər 559 xalla 57-ci yerdədir. Bolqarıstan yığması ötən ayla müqayisədə, irəliləyənlər sırasındadır. Bolqarlar 5 pillə irəliləyərək, 518 xalla 67-ci yerdədir. Malta komandası 3 pillə geriləyib. Qrupun reytinqdəki autsayderi olan "cırtdanlar” 186 xalla siyahıda 134-cü olub. Türkiyə millisi reytinq siyahısında irəliləyənlər siyahısındadır. Qardaş ölkənin təmsilçisi 4 pillə irəliləyərək, 710 xalla 38-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, növbəti reytinq cədvəli aprelin 10-da açıqlanacaq.