Berti Foqts ABŞ millisində

Berti Foqts ABŞ millisində

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsa yeni vəzifə verilib. 67 yaşlı almaniyalı mütəxəssis ABŞ yığma komandasının çalışdırıcısı Yurgen Klinsmannın müşaviri təyin edilib. O, DÇ-2014-ün gedişində keçmiş yetirməsinə məsləhət verəcək.
Bu barədə ABŞ Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Yeni təyinatla bağlı 90-cı illərdə Berti Foqsun rəhbərliyi altında Almaniya yığmasında top qovan Klinsmannın açıqlamasına da yer verilib. 45 yaşlı mütəxəssis həmyerlisinin təcrübəsinin onlar üçün faydalı olacağını ifadə edib: "Berti Foqtsun məsləhətçi qismində bizə qoşulmasından çox məmnunuq. Onun futbolçu və məşqçi kimi yaxşı təcrübəsi var, böyük turnirlərdə uğur qazanmaq üçün nə etmək lazım olduğunu yaxşı bilir. O, 90-cı illərdə mənim məşqçim olub və çox yaxşı münasibətimiz var. Berti Foqts Şotlandiya, Nigeriya və Azərbaycan millilərinə rəhbərlik etdiyindən, dünya çempionatındakı rəqiblərimizlə yaxşı tanışdır. Bu bizim üçün böyük bonusdur”.
Yeri gəlmişkən, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun ABŞ yığmasının müşaviri təyin edilməsinin təfərrüatları məlum olub. Bu, ABŞ Futbol Federasiyasının AFFA-ya müraciətindən sonra reallaşıb. Belə ki, amerikalılar AFFA-ya müraciət edərək, bu il Braziliyada keçiriləcək dünya çempionatında Berti Foqtsun ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmannın xüsusi məsləhətçisi təyin olunmasına razılıq verilməsini xahiş edib.
Dünya çempionatının təşkil olunacağı müddətdə Azərbaycan milli komandasının oyunlarının və təlim-məşq toplanışlarının keçirilməyəcəyini nəzərə alaraq AFFA müraciəti müsbət cavablandırıb.
Qeyd edək ki, Berti Foqtsun rəhbərlik etdiyi yığma komandamız mayın 27-də ABŞ millisi ilə yoldaşlıq oyunu keçirəcək.