Qazaxıstanın paytaxtı Astanada UEFA-nın konqresinə yekun vurulub. Qitə futbol qurumuna üzv olan ölkələrin nümayəndələri milli komandalar arasında Millətlər Liqası yarışının təşkilini müzakirə ediblər.
Səsvermədən sonra qərara alınıb ki, yoldaşlıq oyunlarını əvəzləyəcək turnirə start verilsin. "Millətlər Liqası-2018”in təşkilinə bütün milli assosiasiyalar yekdilliklə səs verib. Bu isə o deməkdir ki, tədbirə qatılan AFFA rəsmiləri də liqaya "hə” deyib.
Qeyd edək ki, yarışın 4 divizionda keçirilməsi nəzərdə tutulub. Yarımfinal və final matçları "Dördlər finalı” formatında neytral meydanda təşkil ediləcək. Üstəlik, aşağı divizionlarda qalib gələn yığmaların Avropa çempionatına vəsiqə ilə mükafatlandırılması da nəzərdən keçirilir.
Bundan başqa, konqresdə danışılmış oyunlarla mübarizə də əsas müzakirə mövzusu olub. Aparılan fikir mübadiləsindən sonra mühüm bir qətnamə qəbul edilib. Belə ki, qətnamədə hüquq-mühafizə orqanları ilə futbol federasiyalarının münasibətlərinin tənzimlənməsi öz əksini tapıb. Bundan sonra milli assosiasiyalar öz ölkələrində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcəklər və danışılmış oyunların iştirakçılarının cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazımi tədbirlər görüləcək.
Xatırladaq ki, AFFA-nın İntizam Qaydalarının "Xüsusi hissə”sində oyun satanın da, oyun alanın da cəzasının eyni olduğu öz əksini tapıb. 95-ci maddədə qeyd olunur ki, danışılmış oyunlar aşkar edilərsə, hər iki komanda Premyer Liqadan kənarlaşdırılır və I diviziona keçirilir. Komandaların xalları silinir. Günahkar şəxslər futbol qurumlarında fəaliyyətdən məhrum edilirlər. Lakin danışılmış oyunların iştirakçılarının cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlı heç bir bənd yoxdur. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində yalnız qanunsuz mərc oyunlarının təşkili ilə bağlı maddə var.