"Araz” "Dördlər finalı” öncəsi heyətinə daha 4 yeni futzalçı qatıb. Bunlar 2 braziliyalı, 1 italyan və 1 sloveniyalı oyunçulardır. Bunlardan ən məşhuru isə Sloveniya yığmasının futzalçısı Kristyan Çuyetsdir.
İspaniyanın "Ribera Navarra” klubundan transfer olunan Çuyets bizə yaxşı tanışdır. Belə ki, 25 yaşlı oyunçu yanvarın sonu - fevralın əvvəllərində Belçikada keçirilmiş Avropa çempionatında yığması ilə birgə iştirak edib.
Kristyan qrupun İtaliyaya qalib gəldikləri (3:2) və millimizə uduzduqları (6:7) görüşündə fərqlənməyi də bacarıb. Belə ki, Sloveniya yığmasının "5” nömrəsi yanvarın 31-də keçirilmiş oyunda millimizin qapısına oyunun 17-ci dəqiqənin 35-ci saniyəsində qol vura bilib. O onda hesabı komandasının xeyrinə 2:1 etmişdi.
Qeyd edək ki, "Araz” bu futzalçılardan əvvəl heyətinə Rusiyanın "Dina” klubundan Aleksey Popovu qatmışdı. Əslən ukraynalı olan qapıçı cari mövsümün sonunadək icarəyə götürülüb.