Komandamızın rəqibi heç-heçə ilə kifayətləndi

Komandamızın rəqibi heç-heçə ilə kifayətləndi

Azərbaycan millisinin rəqibi ABŞ yığması yoldaşlıq oyunu keçirib. Mayın 27-də komandamızı sınağa çəkəcək şimali amerikalılar Meksika yığması ilə qarşılaşıblar.
Yurgen Klinsmannın yetirmələri Finiksdə keçirilən matçın ilk hissəsində 2 qol vursalar da, üstünlüklərini qoruya bilməyiblər. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Belə ki, matçın 15-ci dəqiqəsində Maykl Bredli, 28-ci dəqiqəsində isə Kris Vondolovski meksikalıları məyus ediblər. Lakin meksikalılar fasilədən sonra hesabı bərabərləşdirməyə nail olublar. Oyunun 49-cu dəqiqəsində "Barselona”dakı çıxışları ilə tanınan Rafael Markes, 67-ci dəqiqəsində isə Alan Pulido fərqlənib.
Yeri gəlmişkən, Azərbaycan millisinin baş məşqçisi Berti Foqts ABŞ yığmasında debüt edib. Şimali Amerika təmsilçisinin xüsusi müşaviri təyin olunan almaniyalı mütəxəssis bu komandanın Meksika ilə görüşünü tribunadan birbaşa izləyib.
Berti Foqtsun mayın 27-də keçiriləcək ABŞ - Azərbaycan oyunundan sonra yeni vəzifəsinin icrasına başlayacağı gözlənilsə də, almaniyalı indidən keçmiş yetirməsi Yurgen Klinsmannın yanında olmağı lazım bilib.