Saşa Yunisoğlu “Dənizlispor”dan getdi

Saşa Yunisoğlu “Dənizlispor”dan getdi


Azərbaycan millisinin keçmiş futbolçusu Saşa Yunisoğlunun "Dənizlispor” karyerası başa çatıb. Ötən yay 1-ci liqa təmsilçisinə keçən 29 yaşlı müdafiəçi yazda ayrıldığı klubda 17 oyuna çıxıb.
2013-cü il avqustun 18-də "Qaziantep BB” ilə I turun səfər matçında debüt edən S.Yunisoğlu yalnız çempionat oyunlarında forma geyinib. Kubokda xidmətinə ehtiyac olmayan futbolçu debütündən sonra 2 qarşılaşmanı buraxsa da, ardından əvəzolunmaza çevrilib. Ardıcıl 13 qarşılaşmada "Dənizlispor”un dəyişməz siması olan Saşa "Adanaspor” və "Manisaspor”la görüşlərdə sarı vərəqə ilə də cəzalanıb. Ötən ilin, yəni ilk dövrənin son 2 matçında meydana buraxılmayan arxa xətt oyunçusu mövsümün ilk hissəsini əvəzolunmadan keçirdiyi 14 matçla tamamlayıb.
2014-cü il də həmyerlimiz üçün uğurlu başlayıb. İlk 2 qarşılaşmada 90 dəqiqə forma geyən müdafiəçi "Balıkəsirspor”la yanvarın 27-dəki ev oyununda ilk dəfə start heyətində deyil, sonradan meydana çıxıb. Matçın 90-cı dəqiqəsində şans qazanan futbolçu üçün bu oyun onun Dənizli təmsilçisində elə son oyunu olub. 16 görüşdə əvəzolunmazlığı ilə seçilən Yunisoğlu 17-ci matçındakı 1 dəqiqə ilə aşağı dəstədəki karyerasını başa vurub. Türkiyədə 17 oyun, 1441 dəqiqə keçirib və 2 sarı vərəqə alıb.
Qeyd edək ki, əvvəllər Polşada da legioner həyatı yaşayan Saşa "Qrotslin” və "Poloniya”da çıxış edib.