Çempionluq şansı əldən çıxanlar və ümidlərini avrokuboklara saxlayanlar

Çempionluq şansı əldən çıxanlar və ümidlərini avrokuboklara saxlayanlar



Ötən həftəsonu Topaz Premyer Liqasının XXIX turun oyunları keçirilib. 2 gün ərzində təşkil olunan 5 matçın 3-ü paytaxtda keçirilib. Bu oyunlardan sonra daha bir komandanın qızıl medalları itirməsi ilə əlamətdar olub. 11 tur qələbə qazanmayan AZAL isə avrokubok ümidləri ilə vidalaşıb. Turnir cədvəlinin liderləri növbəti dəfə azarkeşlərini qələbə ilə sevindiriblər.

Topaz Premyer Liqası
XXIX tur
5 aprel (şənbə)
"Rəvan” - "Sumqayıt” - 1:1
Qollar: Tyaqo de Souza, 70 - Məhəmməd Qurbanov, 25.
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Tahir Əhmədov.
Bakı. "Bayıl Arena” stadionu.
İlk 3 dövrədəki oyunlar: 1:0, 1:1, 1:1

Əvvəlcə meydana autsayderlər çıxıblar. "Rəvan” "Bayıl Arena”da "Sumqayıt” klubunu sınağa çəkib. Bu qarşılaşma hər iki komanda üçün böyük əhəmiyyət kəsb edirdi. Belə ki, bu görüşdə qalib gələn komanda elitada qalmaq şansını artıracaqdı. Düzdür, İcraiyyə Komitəsinin martın 7-də keçirilən iclasında heç bir komandanın elitanı tərk etməyəcəyi bildirilsə də, bir neçə gün əvvəl AFFA prezidenti Rövnəq Abdullayev bir komandanın aşağı dəstəyə düşə biləcəyini açıqlamışdı. Bu isə oyuna olan diqqəti bir az da artırmışdı. 90 dəqiqənin sonunda komandalar 1 xalla kifayətləniblər - 1:1. Beləliklə, sonuncu pillələrin sahibləri dəyişməyib və tərəflərin 1 xal fərqi dəyişməz qalıb.

AZAL - "Qarabağ” - 0:2
Qollar: Reynaldo, 23, Riçard Almeyda, 59.
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Teymur Fərhadov.
Bakı. "AZAL Arena” stadionu.
İlk 3 dövrədəki oyunlar: 1:0, 1:1, 1:2



AZAL doğma azarkeşlər önündə lider "Qarabağ” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Futbol mütəxəssisləri əvvəlcədən Ağdam təmsilçisinin qələbə qazanacağını proqnozlaşdırırdılar. İddialı rəqiblərin qapısından 3-4 top keçirən Qurban Qurbanovun yetirmələri Şüvəlan təmsilçisi ilə qaşılaşmada 2 qolla kifayətləniblər.
Ardıcıl 6-cı məğlubiyyətə uğrayıb. 11 tur qələbə qazanmayan AZAL isə avrokubok ümidləri ilə vidalaşıb. "Qarabağ”a 0:2 hesablı məğlubiyyətə qədər medal ümidləri olan "təyyarəçilər” artıq 5-ci pillədən yüksəyə qalxa bilməyəcək.
Beləliklə, bu oyunda 2:0 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun komandası çempionluq yolunda daha bir inamlı addım atıb.

"Xəzər Lənkəran” - "Qəbələ” - 1:0
Qol: Etame Mbilla, 71.
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev.
Lənkəran. "Xəzər Lənkəran” mərkəzi stadionu.
İlk 3 dövrədəki oyunlar: 0:2, 0:0, 3:2

Turun ilk oyun gününə "Xəzər Lənkəran” - "Qəbələ” matçı ilə yekun vurulub. Son turlarda uğursuzluqla üzləşən Qəbələ təmsilçisi vəziyyəti yaxşılaşdırmaq üçün Lənkəran səfərindən xalla dönməli idi. Lakin Mustafa Dənizlinin komandasının da vəziyyətinin yaxşı olduğunu demək olmazdı. Məhz son uğursuzluqları unutdurmaq üçün cənub təmsilçisi doğma meydandakı qələbəsizlik vəziyyətinə son qoymağa borclu idi. 90 dəqiqənin sonunda cənub təmsilçisi öz istəyinə nail olub. "Ağ-yaşıllar” bu qələbə ilə kubokun yarımfinal mərhələsində keçiriləcək "Qəbələ” ilə matç öncəsi əlavə stimul qazanıblar. Heç bir komandanın çempionluğa şansının olmasa da, hər iki bölgə təmsilçisi Avropa arenalarına vəsiqə qazanmaq üçün kuboka daha çox üstünlük verəcək. Bundan başqa, "Qəbələ”nin də çempionluq şansı azaldı desək, yanılmarıq. Lider "Qarabağ”la 20 xallıq fərqi olan "Qəbələ” qarşıdakı 7 turun hamısında qələbə qazansa belə, Ağdam klubunu keçməsi mümkünsüz görünür.

6 aprel (bazar)
"Neftçi” - "Bakı” - 1:0
Qol: Ernest Nfor, 80.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
Bakı. "Bakcell Arena” stadionu.
İlk 3 dövrədəki oyunlar: 0:3, 2:1, 0:2

Turun ikinci oyun gününün ilk matçı "Bakcell Arena”da olub. Paytaxt derbisində "Neftçi” və "Bakı” komandaları üz-üzə gəliblər. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən matç Böyükağa Hacıyevin yetirmələrinin minimum hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra "Neftçi” 2-ci pillədəki mövqeyini bir az da möhkəmləndirib və avroliqaya vəsiqəni, demək olar ki, özü üçün təmin edib. "Bakı” isə bu məğlubiyyətdən sonra turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və ən yaxın izləyicisi "Qəbələ”ni 4 xallıq fərqlə qabaqlayır.

"Simurq” - "İnter” - 0:1
Qol: Baçana Sxadadze, 74.
Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Coşqun Həsənov, Mahir Məmmədov.
Zaqatala. Şəhər stadionu.
İlk 3 dövrədəki oyunlar: 2:1, 0:0, 0;1

Son oyun isə Zaqatalada təşkil olunub. "Simurq” və "İnter” klubları qarşılaşıblar. Oyun Bakı təmsilçisinin minimum hesablı qələbəsı ilə başa çatıb. Bu qələbədən sonra Kaxaber Sxadadzenin yetirmələri 3-cü pillədəki mövqelərini qoruyublar. Georgi Çixradzenin yetirmələri isə evdə məğlub olmaqla işlərini çətinə salıblar. Belə ki, nəzəri cəhətdən "sarı-qaralar” "Avropa xəyalları” ilə də vidalaşmalı olublar. Çünki 4-cü pillənin sahibi "Bakı” ilə aralarında 9 xallıq fərq var və paytaxt klubunun bu fərqi əldən verəcəyi inandırıcı deyil.