Millimiz FİFA reytinqində irəliləyəcək?!

Millimiz FİFA reytinqində irəliləyəcək?!

FİFA-nın sonuncu reytinq siyahısını açıqlamasından sonra milli komandaların növbəti ay üçün də təxmini vəziyyəti bəlli olub. Bir də aprelin 10-da açıqlanacaq cədvəldə xeyli dəyişikliklər gözlənilir.
Reytinq cədvəlinin indidən bilinməsinə səbəb isə qarşıdakı dövrdə yığmaların iştirakı ilə görüşlərin, demək olar, olmamasıdır. Çünki aprelin 10-dək FİFA təqvimində oyunlar üçün vaxt yoxdur.
Bu isə o deməkdir ki, artıq indidən növbəti reytinq siyahısının konturlarını cızmaq olar. 2 gündən sonra irəliləyəcək yığmalardan biri də Azərbaycan millisidir.
Son açıqlanan siyahıda 369 xalla dünyanın 91-ci komandası olan millimizin hesabı xeyli artacaq. Belə ki, aprelin 10-da yığmamızın 398 xalı olacaq. Oynamadan qazanılan 29 xal millinin mövqeyinə də təsir edəcək.
Proqnozlara əsasən, komandamızın 6 pillə irəliləməsi gözlənilir. Bu da cədvəldə bizdən öndə qərarlaşanların 398-dən az xala malik olması ilə bağlıdır. 6 addımlıq sıçrayışı yığmamızı 85-ci pilləyə yüksəldəcək. Millimiz Yeni Zelandiya, Toqo, Qabon, Konqo, Uqanda, Konqo DR yığmalarını keçəcək.
Bu isə yığmamızın tarixində mütləq rekordudur. Komandamız indiyədək ən yaxşı halda 88-ci olub. Həmin nəticə 2013-cü ilin oktyabrında əldə olunub. Berti Foqtsun yetirmələri 6 aydan sonra rekordlarını 3 pillə yaxşılaşdıracaq.