Bəhram Bağırzadə: “Həyat yalnız işgüzar, bacarıqlı olanları ucaldır”

Bəhram Bağırzadə: “Həyat yalnız işgüzar, bacarıqlı olanları ucaldır”


Səmimi olduğu qədər də sadə insan olan "Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadə redaksiyamıza idman geyimində gəlmişdi. Bu, zənnimizcə onun idmana olan məhəbbətindən və gündəlik həyatda rahatlığa verdiyi üstünlükdən irəli gəlirdi. Uşaqdan-böyüyə hamının tanı¬dığı Bəhram Bağırzadə ilə olan səmimi söhbətimizi «Olim¬pə doğru» jurnalının oxucularının diqqətinə çatdırırıq.

- Bəhram müəllim, hamı Sizi "Bakılı oğlanlar” komandasının üzvü kimi tanıyır. Aktyorluq sənəti özündə bir çox cəhətləri birləşdirir. Şübhəsiz ki, idmanla məşğul olmaq da bu sənətin bir hissəsidir..
- Doğrudur. Səhnəyə hakim olan, aktyor sənətini seçən insan üçün idmanla məşğul olmaq da zəruridir. İdman nəinki aktyorlar və başqa sənət sahiblərinə, hər kəsə vacibdir. İdmanın insana verdiyi xeyirli cəhətləri saymaqla qurtarmaq olmaz.
- Sizin idmana olan marağınızı bilirik. Maraqlıdır, idmanla ilk dəfə nə vaxt məşğul olmusunuz?
- Uşaq yaşlarımda iki il basketbolla,daha sonra isə həndbolla məşğul olmuşam. Həndbol idman növü üzrə yüksək nəticələr əldə etməyim bu növ üzrə yığma komandamızın üzvü olmağıma gətirib çıxartdı. Hazırda isə sinif yoldaşlarımla birlikdə yığılıb tez-tez futbol oynayırıq. İdmanın bütün sahələri insan üçün faydalıdır. Əsas odur ki, insan sevdiyi işin arxasınca getsin və bundan zövq ala bilsin.
- Yəqin ki, idmançı dostlarınız da az deyil.
- İdmançı dostlarım çoxdur. Hətta futbol klublarında da çox sayda tanışlarım var. Onlarla vaxtaşırı əcnəbi ölkələrə də yola düşürəm. "Araz” futbol komandası ilə sıx əlaqələrim var. Onlar məni bütün oyunlarına dəvət edirlər. Mən də məmnuniyyətlə iştirak edirəm. "Neftçi” futbol komandası ilə də tez-tez əcnəbi ölkələrdə azarkeş kimi səfərlərdə oluram. Çalışıram ki, ölkəmizin iştirak etdiyi bütün beynəlxalq səviyyəli idman oyunlarını izləyim.
«Azərbaycanın bayrağını ucaltmaq, dünyada tanıtmaq ən böyük qəhrəmanlıqdır»

- Londonda keçirilən Yay Olimpiya Oyunlarını izləyə bildinizmi?
- London Yay Olimpiya Oyunlarına böyük maraq və həyəcanla baxdım. Ölkəmizi olimpiadada təmsil edən bütün idmançılarımıza böyük hörmətim var. Əsasən, Olimpiya cempionu adını qazanan güləşçimiz Toğrul Əsgərovu bəyənirəm. O, həm güclü idmançı, həm də əsl Azərbaycan oğludur. Azərbaycanın bayrağını ucaltmaq, düyada tanıtmaq ən böyük qəhrəmanlıqdır. İdmançılar bizim həm də qəhrəmanlarımızdırlar.

- Bəhram müəllim, ailənizdə idmanla məşğul olan varmı?
- Mənim iki övladım var. Qızım Tahirənin 10, oğlum Cavidin 8 yaşı var. Bir ata kimi çox sevinirəm ki, ötən il Tahirə dama üzrə Azərbaycan birinciliyinin qalibi oldu. Dünya cempionatında iştirakı zamanı isə o, 32 nəfər arasında 8-ci yerdə idi. Qızım birinci yerə layiq görüləndə mən çox kövrəlmişdim. Valideyin olmaq, övladların sevincini paylaşmaq sözlə ifadəsi olmayan hisslərdəndir... Oğlum Cavidin isə cüdo idman növünə böyük marağı var. Düşünürəm ki, o, tanınmış idmançı olmaya bilər, lakin sağlamlığı üçün idmanla mütləq məşğul olmalıdır. Onda həm də yaxşı yumor qabiliyyəti var. Bu cəhətlərinə görə Cavidi babasına bənzədirəm. Rəhmətlik atam sərbəst güləş üzrə SSRİ idmançıları arasında tanınan idmançılardan idi. O, həm də rəssam olub. Bu xüsusiyyətlərinə görə oğlum babasına çox bənzəyir... Övladlarımın bütün uğurlarına çox sevinirəm.

«Özün ata olanda məni başa düşəcəksən...»

- Övladların uğuru həm də valideynlərin uğurudur...
- Doğrudur. Vaxtilə mən Moskvada KVN-də çıxış etdiyim zaman atam da zalda idi. O, mənim monoloquma qulaq asarkən kövrəlmişdi... Bunu efirdə də göstərmişdilər. Mən o vaxt atamı anlaya bilməmişdim. O, mənə deyirdi ki, özün ata olanda məni başa düşəcəksən... İndi atamın hansı hisslər keçirdiyini çox yaxşı başa düşürəm. Bir dəfə qızım Tahirə Sankt-Peterburqda erməni idmançısıyla yarışırdı. Mən bir ata kimi çox narahat idim. İstəyirdim ki, o, erməni idmançıya qalib gəlsin. Belə də oldu. Tahirə erməni idmançıya qalib gəldi. Mən o qədər sevinirdim ki, sevincimdən ağlayırdım. Özü də küçənin ortasında. Onda başa düşdüm ki, biz Moskvada erməni komandasına qalib gələrkən rəhmətlik atam hansı hissləri keçirib... Çalışıram ki, mən də atam kimi ailəcanlı, mehriban insan olum.

- Deməli, yaxşı ailə başçısı olmağınızda valideyinlərinizin böyük rolu olub. Bir övlad kimi atanızın daha hansı xüsusiyyətlərini daşıyırsınız?
- Mən ziyalı ailəsində doğulmuşam. Atamla anamı bir-birlərinə qarşı daim mehriban görmüşəm. Heyif ki, atamı çox tez itirdik... O da idmançı idi. Gözəl yumor qabiliyyəti var idi. Bir çox xüsusiyyətlərimə görə atama bənzəyirəm. Ondan çox şey öyrənmişəm. Onun sözləri, məsləhətləri həmişə dadıma çatır. Atam da, anam da mənim üçün ən müqəddəs varlıqlardır. Bir varlıq ki, başqası ilə əvəz oluna bilmir, bir varlıq ki, səni dünyaya gətirib, sənə məhəbbət, tərbiyə, can verib bunun əvəzini necə vermək olar ? Şükürlər olsun ki, anamın isti nəfəsini duyuram. Onun varlığı mənə, bütün ailəmizə güc verir.
- Bəs, həyat yoldaşınızla necə tanış olmusunuz?
- Onu 17 yaşında sevmişəm. Hiss edirdim ki, bu qız mənim fikirlərimə uygun insandır. Şükürlər olsun ki, hisslərimdə yanılmamışam. Rəhmətlik atam da anamı elə bu yaşda bəyənib.

««Neftçi» futbol klubuna azarkeşlik edirəm»

- İdmanla ilk tanışlığınız necə olub?
-1978-ci ildə Argentinada futbol üzrə dünya çempionatı keçirilirdi. Bu oyunlara həsr olunan nişanlar hazırlanmışdı. Tanışlardan biri mənə o nişandan bağışlamışdı. Mən də həvəslə o nişanı sinəmə taxmışdım. O vaxt mənim altı yaşım var idi. İlk dəfə altı yaşımda futbolun, idmanın nə demək olduğunu bildim. Səkkiz yaşım olanda Moskvada Olimpiada keçirilirdi. Televiziya vasitəsi ilə Olimpiadaya baxırdım. 1982-ci ildə isə futbol üzrə dünya cempionatını izləmişəm. Yadımdadır, SSRİ yığma komandası Braziliya komandası ilə oynayırdı. SSRİ bu oyunda 2-1 hesabı ilə uduzdu. Rəhmətlik atam da bu oyuna böyük həyacan və həvəslə baxırdı. Hətta atam SSRİ-in uduzmasına o qədər əsəbləşdi ki, hirsindən televizoru sındırdı. Atamın futbol azerkeşi olması mənə də öz təsirini göstərib.
- Yerigəlmişkən, yerli futbol komandala¬rımızdan hansına azerkeşlik edirsiniz?
- "Neftçi” futbol klubuna azarleşlik edirəm. Bu klubun oyunlarına ilk dəfə 1979-cu ildə Tofiq Bəhramov adına stadionda baxmışam.


«Xoşbəxt olmağın sirlərindən biri də sevdiyin işlərlə məşğul olmaqdır»

- Bir az da hobbilərinizdən danışardınız...
- Şəkil çəkməyi sevirəm. Karikatura janrında çəkmək də çox xoşuma gəlir. Çəkdiyim fotoşəkillərin dəfələrlə sərgisi olub. Bu yaxınlarda çəkdiyim 5 ədəd rəsmi Londonda keçirilən müsabiqəyə göndərmişdim. Yüzlərlə rəsm içərisindən mənim fotorəsmim birinci yerə layiq görüldü. Mən hərəkətli insanam. Sakit oturmağı sevmirəm. İnsan nə qədər çalışarsa, hərəkətdə olarsa Allah o şəxsin ruzisini o qədər çox verər. Bəlkə də xoşbəxt olmağın sirlərindən biri də sevdiyin işlərlə məşğul olmaqdır.
- Siz də sevdiyiniz işlərlə məşğul olursunuz. Özünüzü xoşbəxt hiss edirsinizmi?
- Özümü xoşbəxt hiss edirəm. Xöşbəxtliyin bir başqa tərəfi də səni çox sevən ailəyə, xanıma sahib olmaqdır. Bu baxımdan bəxtim gətirib. Mənim həyat yoldaşım mənə qətiyyən əziyyət vermir. O, uşaqların təlim-tərbiyyəsi, dərsləri və bütün ev işləri ilə mükəmməl şəkildə məşğul olur. Xanımım çalışır ki, mənə kömək olsun, yaradıçılığıma zaman ayıra bilim. O həkimdir. Uşaqların, ailənin sağlamlığı barədə həmişə düşünür. Hətta uşaqları məşqə aparmağa da vaxt tapa bilir. Düşünəndə ki, belə fədakar, ailəcanlı həyat yoldaşım var, özümü doğrudan da xoşbəxt hiss edirəm. Əgər belə olmasaydı mən yaradıcılıq işlərimdə də uğursuzluqla üzləşərdim. Anam başda olmaqla bütün ailəm mənə mənəvi güc verir.

«Çalışmaq, yeni işlərə can atmaq lazımdır»

- Çoxşaxəli yaradıcılıqla məşğul olursunuz. Dincəlməyə vaxtınız qalırmı?
- Mən ölkələrə səfər etməyi, gəzməyi sevirəm. Ailəmlə bərabər tez-tez gözəl şəhərlərə gəzməyə gedirik. Bütün dostlarıma da bunu tövsiyə edirəm. Həyatda insana gözəl xatirələr və gəzmək qalır. Ailəmdə iki uşaq böyüyür. Çalışıram ki, onlara düzgün tərbiyə verim, dünyanı görsünlər. Bütün uşaqların diqqətə, sevgiyə ehtiyacları var. Lakin zaman keçdikcə gənclik də dəyişir...
- Yeri gəlmişkən, sizcə gənclik illərinizdəki bakıli oğlanlarla indiki cavanlarda nə kimi fərq var?
- İndiki cənclik bir az tənbəldir. Əksəriyyəti hər şeyi asan, zəhmətsiz əldə etmək istəyir. Bu, mümkün deyil. İnsan zəhmətkeş, çalışqan olmasa tapdığını da tez itirər. Hər şey əmək istəyir. Bir də dözüm, səbir... Elə oğluma da tez-tez bunu deyirəm. İstəyirəm ki, o da zəhmətkeş, istəklərinə öz gücü ilə çatan biri olsun. Əgər biz çox çalışmasaydıq heç vaxt hansısa nailiyyəti əldə edə bilməzdik. Həyat yalnız işgüzar, bacarıqlı olanları ucaldır. Bizim KVN-də ölkə komandaları arasında qalib gəlməyinizin də səbəbi çox çalışmağımız idi. Sutkanın 14 saatını hazırlaşırdıq. İnanın ki, bütün komandalar bizdən çəkinirdilər. Bunun nəticəsini də gördük. Çalışmaq, yeni işlərə can atmaq lazımdır. Sözsüz ki, etdiklərimiz həm də səviyyəli şəkildə olmalıdır.

«Allah bütün insanlara istedad verib»


- Bəhram müəllim, siz həm də kitab yazırsınız...
-Bəli, bu da mənim yaradıcılığımın bir hissəsidir. İnsan daima inkişaf etməlidir. Bu il kitab nominasıyasında "Humay” milli mükafatına layiq görülmüşəm. Mən daim nəsə etmək, faydalı işlər görmək barədə düşünürəm. 2004-cü ildən "Qalareya” jurnalını nəşr etdirirəm. Sakit oturmaq olmaz. Bəzən kimsə mənə deyəndə ki, darıxıram bu sözə gülürəm. İnsan necə darıxa bilər ? Mən belə adamları başa düşmürəm. Həyat o qədər maraqlıdır ki, hamı özü üçün məşğuliyyət tapa bilər. Allah bütün insanlara istedad verib. Əsas məsələ o istedadı ortaya çıxartmaqdır. Mənim tənbəl adamlardan qətiyyən xoşum gəlmir.
- Bütün bu gördüyünüz işlər içinizdəki Bəhram Bağırzadəni ifadə edə bilibmi?
- Qətiyyən yox! Özümü ifadə etməyim üçün mənə bir ömür yetməz. Hələ o qədər planlarım, arzularım var ki... (gülür)
- Bəs ev işləri necə, əlinizdən gəlirmi?
- Düzünü deyim ki, yox. İstəsəm hər şey edə bilərəm, lakin düşünürəm ki, hər işi öz peşəkar ustası görməlidir. Bu baxımdan evlə bağlı bütün problemləri ustalara həvalə edirəm. Bu, bütün dünyada belədir. Hər kəs öz sahəsinin ustasına müraciət edir. Bir işi yarımçıq etməkdənsə, heç etməsən yaxşıdır. Bu, yalnız zaman itirməkdir. Zamanın isə mənim üçün qiyməti böyükdür...
- Bəhram müəllim, Siz ixtisasca teatr rejissorusunuz. İdmanla bağlı film çəkməyi düşünürsünüzmü?
- Hazırda belə bir planım yoxdur. Lakin hər an yeni bir fikrə düşə bilərəm. Bu yaxınlarda görkəmli yazıçımız Anarın "Qırmızı limuzin " adlı əsərinə film çəkilib. O filmdə baş rolda çıxış edirəm. Bundan başqa "Bakı səni sevirəm” adlı filmə də çəkilmişəm. "Gəncliyimin şəhəri” filminə görə isə "Humay” mükafatına layiq görüldüm.

- Filmlərdə ən çox hansı obrazları canlandırmağı sevirsiniz?
- Əsl kişi xarakterinə malik olan obrazları sevirəm. Bu gün gənc nəslə ramantik filmlər yox, vətənpərvərlik ruhunda çəkilən filmləri göstərmək, sevdirmək lazımdır. Çünki indi böyüyən oğullar gələcəyin kişisi olacaqlar.










































Jalə Rzabəyli