Uruqvay Futbol Federasiyasının (UFF) diskvalifikasiyası bu ölkənin milli komandasının DÇ-2014-də iştirakına mane olmayacaq. FIFA-nın dövlətin futbol işlərinə qarışmasını qadağan edən direktivlərinə əsasən, Uruqvayın mundiala vəsiqədən məhrum ola biləcəyi istisna edilmirdi.
Qeyd edək ki, ölkə prezidenti Xose Muxikanın martın 27-də "Penyarol” və "Nasional” klublarının oyunlarında təhlükəsizliyin təmin edilməsi üçün polislərin xidmətindən yararlanmağı qadağan etməsindən sonra UFF-nin prezidenti Sebastian Bauza və qurumun İcraiyyə Komitəsi bütünlüklə istefa verib.
Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) müvəqqəti olaraq UFF-ni diskvalifikasiya etsə də, bu, Uruqvay millisinin DÇ-2014-ə qatılmasına mane olmayacaq.
Xatırladaq ki, Uruqvay mundialda İtaliya, İngiltərə və Kosta Rika ilə eyni qrupda yarışacaq.