Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Qurum 2013-cü il aprelin 1-dən 2014-cü il martın 31-dək olan dövr üçün planetin 201 ən yaxşılarını müəyyənləşdirib.
Son aylarda olduğu kimi, İFFHS-in cədvəlində Azərbaycanın yeganə təmsilçisi "Qarabağ”dır. Ötən ay 123,50 xalla dünyanın 110-cusu olan Qurban Qurbanovun yetirmələri hesabını artırsa da, mövqeyini əldən verib. Belə ki, 126 xalı olan "Qarabağ” 112-ci yerə enib. Serbiyanın "Voyvodina” klubu da eyni göstəriciyə malikdir.
Ağdamlıların geriləməsinə səbəb "Uiqan”ın (İngiltərə) 91, "Hiqqins”in (Çili) 20, "Deportivo”nun (Kolumbiya) 62, "Mazembe”nin (Zair) 21, "İndependente”nin (Ekvador) 51, "Serro Porteno”nun (Paraqvay) 40 pillə irəliləməsi səbəb olub. 6 komandadan geri düşən "Qarabağ” 4 klubu - "Küveyt” (Küveyt), "Makkabi” (Hayfa, İsrail), "Tiqre” (Argentina), "Leopard”ı (Konqo) keçdiyindən 2 addım geri düşüb.
Qeyd edək ki, siyahının ilk 3 pilləsində dəyişiklik olmayıb. Zirvədə yenə "Bavariya” qərarlaşıb. Almaniya klubunun 383 xalı var. İspaniya "Real”ı 301 xalla 2-cidir. 3-cü pillədə isə İspaniya "Barselona”sı qərarlaşıb - 277 xal.